Loading...
Loading...
Xəbərlər

Laçında iki hərbçinin minaya düşdüyü deyilir

Azərbaycanın iki hərbi qulluqçusunun Laçın rayonunda minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Bu barədə Qubadlı hərbi prokurorluğundan məlumat verilib. Məlumata görə, Müdafiə Nazirliyinin hərbi qulluqçuları – qar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində bədən xəsarətləri almaları ilə bağlı araşdırma aparılır. Məsələyə, hələlik, həmin hərbi qulluqçuların yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 250-ə yaxın şəxs minaya düşüb. Onların 40 yaxınının həlak olduğu bildirilir.

Üçtərəfli bəyanatın imzalanmasından bir müddət sonra Azərbaycan rəsmiləri Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırırdı. Lakin 10 noyabr razılaşmasından sonra Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi azad olunan bir sıra rayonlara aid mina xəritələrinin geri alındığı açıqlanmışdı. Amma sonradan da Azərbaycan prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etdi. Buna cavab olaraq Ermənistan Baş naziri Nikol Paşinyan xəritələrin keyfiyyətində problem olduğunu istisna etməyib: “Xəritənin keyfiyyəti kartoqrafın keyfiyyətindən, onun peşəkarlığından asılıdır. Bizdə kartoqrafiya olunandır. Biz burada səmimi, açığıq, yəni heç kəsi aldatmaq fikrimiz yoxdur”.

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir. Rayon mərkəzi və daha iki kənd dəhlizə düşüb. Bu yaxınlarda dəhlizin dəyişdirilməsi ilə bağlı rayon mərkəzi və həmin iki kəndin də Azərbaycanın nəzarətinə keçəcəyi gözlənir)

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Almaniya kanslerinin reytinqi rekord həddə aşağı düşüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button