Landsbergis: “Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı dalana dirənib”
Təəssüf ki, Azərbaycan və Avropa Şurası arasında əməkdaşlıq dalana dirənib. Bu barədə çərşənbə günü Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədri, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxışı zamanı bildirib.
İyulda Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsi bəyanat verərək Bakının əməkdaşlıqdan imtina etdiyini qeyd edib.
“Biz Azərbaycanda ifadə azadlığı hüququnun pozulması barədə xəbərlərdən narahatıq”, – Landsbergis deyib və fikir azadlığını həyata keçirməyə çalışanlara qarşı qeyri-mütənasib cinayət sanksiyalarına işarə edib.
O 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətlərindən məhrum edilməsinə toxunaraq “cari məsələlərin həlli üçün Avropa Şurası Parlament Assambleyası və Azərbaycan arasında açıq və inklüziv dialoqun” vacibliyini vurğulayıb.
“Azərbaycan bütün üzv dövlətlər kimi təşkilatın tamhüquqlu üzvüdür və Avropa Şurasının standartlarına əməl etmək öhdəliyinə malikdir”,- Landsbergis bildirib.
O, Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri barədə məsələyə səs verdiklərinə görə Avropa Şurası Parlament Assambleyası deputatlarının Azərbaycana girişinə qoyulan qadağanı “qəbuledilməz” adlandırıb.
“Mən Azərbaycan hakimiyyətini bu qərarı ləğv etməyə, Avropa Şurasının bütün təsisatları ilə düzgün qarşılıqlı fəaliyyəti və əməkdaşlığı davam etdirməyə, Azərbaycan nümayəndə heyətinin gələcək səlahiyyətlərilə bağlı Avropa Şurası Parlament Assambleyası rəhbərliyilə məsləhətləşmələrə dərhal qayıtmağa çağırıram”, – Landsbergis bildirib.
O, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması barədə suala cavab verərkən deyib ki, Nazirlər Komitəsi ərazi bütövlüyünün qarşılıqlı tanınması, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və güc tətbiq edilməməsi prinsiplərinə əsaslanan sülh prosesinə tam dəstəyini ifadə edib. O həmçinin sərhədlərin 1991-ci il Almatı bəyannaməsi əsasında delimitasiyası prosesini alqışlayıb.