Now Reading:
Lavrov jurnalistin qətlində Moskvanın əli olmadığını deyir

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Moskvanın bu qətlin arxasında durmasıyla bağlı Ukraynanın iddiasını rədd edib.

 

“Ukraynanın baş naziri artıq qətlin Rusiya gizli xidmətləri tərəfindən gerçəkləşdirilməsindən danışır. Hələ təhqiqat başlanmayıb… Beynəlxalq işlərin aparılmasındakı bu dəb çox kədərlidir”, – TASS agentliyinin yazmasına görə, Lavrov mayın 30-da Moskvada keçirilən mətbuat konfransında deyib.

***

Kiyevin polis rəisi Andriy Krishchenko mayın 29-da televiziya çıxışında deyib ki, polis Babchenko-nun işinə görə hədəfə alındığını düşünür. “Ən birinci və aydın versiya onun peşəkar fəaliyyətidir”, – o deyib.

Babchenko-nun ölüm xəbərindən bir neçə saat sonra baş nazir Volodymyr Hroysman Facebook-da yazıb: “Əminəm ki, Rusiyanın totalitar maşını onun vicdanlı və prinsipial mövqeyini bağışlamayıb”.

Ancaq Rusiyanın İstintaq Komitəsi Babchenko-nun ölümü üzrə istintaq başlatdığını elan etməklə Kremlin yaxasını kənara çəkmiş olub.

“Rusiyanın İstintaq Komitəsi Rusiya vətəndaşlarına qarşı qəddar cinayətləri gözardı etməyəcək”, – komitənin sözçüsü Svetlana Petrenko deyib.

RUSİYANIN TƏLƏBİ

Rusiyanın Xarici İşlər Nazirliyi bəyanatında Ukrayna hakimiyyətindən “dərhal təhqiqata başlamaqdan ötrü əlindən gələni etməsini tələb edir”. Moskva ümid edir ki, “uyğun beynəlxalq agentliklər və qeyri-hökumət təşkilatları təhqiqat prosesini nəzarətə alacaqlar”.

Şübhəlini azı bir nəfərin gördüyü güman edilir, Kiyev polisi mayın 29-da axşam artıq onun ilkin cizgilərini hazırlayıb.

Ötən axşam Babchenko-nun yaşadığı binanın qarşısına az sayda adam toplaşıb. Bəzi həmkarları qətldən sarsıldıqlarını bildirib, digərləri göz yaşı töküblər.

Jurnalistin Kiyevdə və digər yerlərdəki həmkarları dərhal Rusiyanın kəşfiyyat agentliklərini suçlayıblar.

“Onu buraya qorxu gətirmişdi”, – Kiyevdəki Kommersant FM radiosunun keçmiş müxbiri Yury Matsarsky AzadlıqRadiosu-nun Current Time şəbəkəsinə deyib.

Rusiyanın müstəqil “Novaya Gazeta” qəzetinin keçmiş redaktoru Dmitry Muratov-un sözlərinə görə, bu qətl onun yadına Rusiyanın tanınmış şərhçilərindən olan Anna Politkovskaya-nın ölümünü xatırladır. O, 2006-cı ildə yaşadığı binanın içində qətlə yetirilmişdi.

ATƏT Babchenko-nun qətlini pisləyib.

“Bu dəhşətli hadisədən qəzəblənmişəm. Hakimiyyəti qətlin baş verdiyi şəraiti dərhal və hərtərəfli araşdırmağa, qətli sifariş və icra edənləri məsuliyyətə cəlb etməyə çağırıram”, – ATƏT-in media azadlığı üzrə təmsilçisi Harlem Désir deyib.

Jurnalistləri Müdafiə Komitəsi də hərtərəfli təhqiqat aparılmasına çağırıb.

***

Kiyev polisi xəbər verir ki, Rusiyada “siyasi qısnamalara” məruz qaldığına görə Ukraynaya qaçmış Rusiya jurnalisti Arkady Babchenko öz evində naməlum şəxs tərəfindən güllələnərək öldürülüb.

Onun xəstəxanaya aparılarkən yolda, ambulansda keçindiyi xəbər verilir. Babchenko Ukraynaya 2017-ci ildə gəlmişdi və son vaxtlar Krım tatarlarının ATR telekanalında çalışırdı.

Bu, son iki ildə Kiyevdə öldürülən ikinci tanınmış Rusiya jurnalistidir. Sheremet 2016-cı ildə avtomobildə törədilmiş partlayışla qətlə yetirilib.

Babchenko özünün son Facebook postunda dörd il əvvəl ölümdən necə qurtardığı barədə yazıb:

Kiyev polisinin sözçüsü Oksana Blischik bildirib ki, 41 yaşlı Arkady Babchenko arxadan atılan güllə ilə öldürülüb.

Blischik deyib ki, mayın 29-da təcili yardıma zəng edən bir qadın “ərinin evdə qan gölməçəsində uzandığını” görüb.

Ukrayna parlamentinin deputatı, Ukrayna daxili işlər nazirinin köməkçisi Anton Herashenko deyib ki, Babchenko yaxındakı baqqal dükanından evinə qayıdıb və qapını açmağa çalışdığı vaxt blokda gizlənmiş naməlum şəxs tərəfindən arxadan güllələnib.

Kremlin tənqidçisi

Babchenko Kremlin qatı tənqidçisi kimi tanınırdı.

Onun Rusiyanın Ukraynanın şərqindəki separatçılara dəstəyi barədə yazdığı məqalələr Rusiya dövlət mediasının və rəsmilərinin qəzəbinə səbəb olurdu.

Lakin Babchenko 2016-cı ilin dekabrında AzadlıqRadiosuna demişdi ki, Qara dənizdə qəzaya uğramış Rusiya hərbi təyyarəsi barədə Facebook postlarından sonra “Rusiyanın bütün dövlət təbliğat maşını mənə qarşı işləyir”.

O vaxt bu təyyarə qəzasında Rusiyanın məşhur ordu xoru da daxil 92 nəfər həlak olmuşdu.

Babchenko demişdi ki, dövlət rəsmilərinin və dövlət mediasının onun bu qəza haqqında postlarına reaksiyası belə olmuşdu: “Biz bir cərgədə olmalıyıq, biz kədər ifadə etməliyik, kədərli görünməliyik və belə etməyən hər hansı bir şəxs məhv edilməlidir”.

Babchenko 2016-cı ildə AzadlıqRadiosuna bunu da demişdi ki, Dövlət Dumasının deputatı Vitaly Milonov, Federasiya Şurasının üzvü Frants Klintsevich və Rusiyanın 1-ci kanal və Lifenews kimi mediaları onun haqqında “saxta xəbər toqquşdururlar”.

Babchenko qeyd edirdi ki, ona qarşı reaksiya mütəşəkkildir: “Onlar təyyarə qəzasının səbəblərini araşdırmaqdansa, məni təqib edirlər”.

 

2017-ci ilin dekabrında Babchenko Britaniyanın Guardian qəzetinə demişdi: “Mən sizə Putin Rusiyasında siyasi qısnamanın nə demək olduğunu deyə bilərəm. Bir çox başqa dissidentlər kimi mən təhqirə alışmışam. Lakin son vaxtlar mənə qarşı aparılan kampaniya o qədər qərəzli və qorxulu idi ki, mən qaçmağa məcbur oldum”.

Babchenko çeçen separatçılara qarşı birinci müharibədə Rusiya ordusunda xidmət etmiş, bundan sonra jurnalistliyə başlamışdı.

O bir neçə Rusiya media qurumlarının hərbi müxbiri olmuşdu.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.