SEÇMƏ

Lavrov: “Rusiyanın Azərbaycanla Ermənistana dair sülh təklifi çoxdan vardı”

Yayımlandı: 5 Dekabr 2022 17:06

Ekspert deyir ki, sülh müqaviləsi deklarasiyaya çevrilməməlidir

Bakı ilə Yerevan Praqada sülh müqaviləsinin Alma-Ata Bəyannaməsi əsasında imzalanması barədə razılığa gəliblər. Tərəflər buna razıdırlar. Bu isə sülh müqaviləsi ilə bağlı vəzifənin həllini yüngülləşdirir”.

Bunu dekabrın 5-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair birgə mətbuat konfransında deyib.

Lavrovun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı Rusiyanın təklifi çoxdan vardı:

“Bu təklif bu ilin əvvəlində tərəflərə təqdim olunmuşdu”.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə deyib ki, Bakı sülh müqaviləsi üzrə üçüncü rəylər paketini Yerevana təqdim edib:

“2022-ci ilin sonuna kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü mərhələsinin keçirilməsi mümkündür”.

Nazir BMT Nizamnaməsinin və Alma-Ata Bəyannaməsinin irəli getmək üçün yaxşı əsas olduğunu vurğulayıb.

İlqar Vəlizadə. Mənbə: Trend.az

Politoloq İlqar Vəlizadə Meydan TV-yə deyib ki, sülh müqaviləsi deklarasiyaya çevrilməməlidir:

“Təsəvvür edin ki, Alma-Ata Bəyannaməsi 1991-ci ildə imzalanıb və ondan sonra Ermənistan Azərbaycan ərazilərini işğal etdi, 30 ilə yaxın da işğalda saxladı. Sual yaranır: indi niyə yada düşür Alma-Ata Bəyannaməsi? Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırdısa, niyə işğalçılıq siyasəti aparırdı? Ermənistan sənədi imzalamışdısa, bəs niyə riayət etmədi, yaxud nədən Yerevanın qarşısına bu sualları qoymayıblar? Beynəlxalq hüququn bəlasını bu suallarda axtarmaq lazımdır. Məsələ ondadır ki, real politikada siyasi maraqlar daha çox rol oynayıb, nəinki deklarasiyalar”.

İlqar Vəlizadə hesab edir ki, sülh müqaviləsinin mətninə daha çox diqqət yetirilməlidir:

“Müqavilənin mətnində konkret müddəalar olmalıdır ki, Ermənistan sabah sənədi öz xeyrinə yozmasın. Fikir verin, 2020-ci ildə üçtərəfli bəyanat imzalanıb, Ermənistan sənədi öz maraqları çərçivəsində yozaraq yerinə yetirməkdən yayınır. Azərbaycana ümumi ifadələrlə dolu, mənasız sənəd sərf etmir. Ona görə konkret müddəaları olan mətn lazımdır”.

“Amma hələ mətn haqda heç nə bilmirik. Bəli, Ermənistan ümumi sənədə imza qoymağa hazırdır, Azərbaycan isə razı deyil. Bu baxımdan məsələ uzanacaq”, – deyə Vəlizadə fikrini yekunlaşdırıb.

Meydan TV

Gözdən qaçırmayın:  8 ayın əsgərinin odlu silahdan açılan atəş nəticəsində öldüyü bildirilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button