2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Lavrovun “quş”u, yəhudilərin qəzəbi, Hitleri Hitler edən hərf səhvi

Yadigar Sadıqlı

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İtaliyanın Mediaset telekanalına verdiyi müsahibəsində işlətdiyi fikir geniş rezonans doğurub. Ukraynada nasizmin yayılmasından danışan Lavrova jurnalist prezident Zelenskinin yəhudi olmasını xatırladıb. Rusiyanın baş diplomatı isə buna “Hitlerin də yəhudi qarışığı vardı” deyərək reaksiya verib və “müdrik yəhudi xalqı deyir ki, ən qatı antisemitlər yəhudilərdən çıxır” – deyə əlavə edib. 

Açıqlama xüsusən İsraildə kəskin etiraz doğurub. XİN rəhbəri Yair Lapid “Holokost zamanı yəhudilər özlərini öldürməyiblər. Yəhudilərin özünü antisemitizmdə ittiham etmək – yəhudilərə münasibətdə irqçiliyin ən rəzil səviyyəsidir” söyləyib.  Rusiya səfiri nazirliyə çağırılaraq, məsələyə aydınlıq gətirməsi istənilib.

İsrail rəsmiləri, Lavrova etiraz etməklə yanaşı, Hitlerin yəhudi qarışığı olması barədə iddianı yalanlamağı da unutmayıblar. Diaspor ilə əlaqələr üzrə nazir Naxman Şay bildirib: “Hitlerin yəhudi qanı olmayıb, bu iyrənc yalanın təkrarı tarixdəki ən ağır antisemit cinayətlərə görə məsuliyyəti yəhudilərin üzərinə qoymaqdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bəs tarixi gerçəklik necədir? Hitlerin əcdadları arasında yəhudi(lər) olubmu?

*** 

Adolf Hitler 1889-cu ildə Avstriyanın Braunau-am-İnn şəhərində Alois Hitler və Klara Hitlerin (qızlıq soyadı – Pölzl) ailəsində dünyaya gəlib. Onun nəsil şəcərəsi ilə bağlı qeyri-müəyyənliyin ortaya çıxmasının səbəbi atası Aloisin nikahdankənar dünyaya gəlməsi və beləliklə, Adolfun babasının kimliyinin dəqiq bilinməməsidir. Aloisi 1837-ci ildə 42 yaşlı ərsiz qadın Mariya Anna Şiklqruber dünyaya gətirib. Atası məlum olmadığına görə kilsə qeydiyyatı zamanı uşağa anasının soyadı verilib.

Anna Mariya 1842-ci ildə  əlli yaşlı İohan Georq Hidler ilə ailə qurur. Bu evlilik uzun sürmür, çünki 1847-ci ilin ilk günlərində Anna Mariya vəfat edir. İohan Georq Hidler  qısa müddət sonra 10 yaşlı oğulluğunu Şpital kəndinə, özünün kiçik qardaşı İohan Nepomuk Hidlerin yanına göndərir. Burada üç il yaşayan Alois Şiklqruber daha sonra Vyanaya gedir və çəkməçi şagirdi işləyir. 18 yaşında isə gömrükdə işə düzəlir. 1857-ci ildə atalığı İohan Georq Hidler vəfat edir.

39 yaşına qədər Şiklqruber soyadını daşıyan Alois 1876-cı ildə atalığının qardaşı İohan Nepomuku və daha iki nəfəri şahid götürərək, doğularkən qeydə alındığı kilsəyə müraciət edir. O keşişə söyləyir ki, İohan Georq Hidler onun atalığı yox, bioloji atasıdır. Onunla anası arasında münasibət nikahdan daha əvvəl yaranıb və nəticədə Alois dünyaya gəlib. Şahidlər də bu iddianı təsdiqləyirlər, keşiş sənədlərdə müvafiq düzəliş edir və Aloisə atasının soyadını daşımaq icazəsi verilir. Bu zaman hansısa səbəbdən (güman ki, sadə yanlışlıq üzündən) soyad Hidler deyil, Hitler yazılır. 

Bu rəsmi addımlardan sonra Aloisin əmisinə çevrilən İohan Nepomuk Hidler 1888-ci ildə vəfat etdi, oğlu olmadığından (üç qızı vardı) öz əmlakının çox hissəsini Aloisə vəsiyyət etdi.

Adolf Hitlerin anası Klara da ana tərəfdən Hidlerlə bağlı idi. O, İohan Nepomukun qızı Yohannanın qızı idi. Başqa sözlə, Alois öz əmisinin nəvəsini almışdı. Bu, onun üçüncü nikahı idi və qohumlar arasında sevgi macərası Aloisin ikinci arvadı hələ sağ, amma vərəm xəstəsi olanda başlamışdı. Onun ölümündən sonra isə Alois və Klara evləndilər.

*** 

Almaniyada nasist hakimiyyəti zamanı İohan Georq Hidler fürerin rəsmi babası sayılırdı. Amma mövzunu araşdıran tarixçilərin bir hissəsi, bəlkə də çox hissəsi hesab edirlər ki, Adolf Hitlerin bioloji atası əmisi sayılan İohan Nepomuk Hidler imiş. Bu zaman başqa səbəblərlə yanaşı, Nepomukun Aloisə daha isti münasibəti, eləcə də əmlakının çox hissəsini ona vəsiyyət etməsi əsas götürülür. 

Əgər Aloisin atası həqiqətən də Nepomuk idisə, o zaman o, üçüncü nikahda özünün bacısı qızı ilə evlənib. Bu, insestə çox yaxın bir nikah idi və güman olunur ki, Hitlerin öz şəcərəsi barədə həvəssiz danışmasının əsas səbəbi idi. 

İstər Hidlerlər, istər Şiklqruberlər, istərsə də Pölzllər təmiz almanlar idilər və Hitler özünün tətbiq etdiyi arilik tələblərinə tamamilə uyğun gəlirdi.

Fürerin babasının yəhudi olması barədə iddia isə uzun illər, hələ hakimiyyətə gəlməmiş Hitlerin vəkili olan, İkinci dünya müharibəsi zamanı törətdiyi cinayətlərə görə Nürnberq məhkəməsi tərəfindən edama məhkum edilən Hans Franka aiddir. Özünün “Dar ağacının qarşısında” adlı memuarlarında iddia edir ki, hələ 1930-cu ildə Hitler ondan şəcərəsinin araşdırılmasını xahiş edib. O da guya aşkar edib ki, Hitlerin nənəsi Anna Mariya Şiklqruber Qrats şəhərində Leopold Frankenberger adlı yəhudinin evində qulluqçuluq edirmiş və oğlu Alois onun ev sahibi ilə əlaqəsindən dünyaya gəlib.

Hitlerin tərcümeyi-halını və şəcərəsini obyektiv araşdıran tarixçilərin hamısı bu iddianı əsassız sayırlar. Leopold Frankenberger adlı adamın sadəcə mövcudluğunu sübut edəcək heç bir sübut indiyə qədər əldə olunmayıb. 1960-cı illərdə Qrats şəhərinin arxivində Leopold Frankenrayter adlı adam barədə məlumata rast gəlinir, amma o da yəhudi yox, alman və katolik olub. 

Bəzi tarixçilər hesab edirlər ki, Almaniyanın İkinci dünya müharibəsində dəhşətli məğlubiyyəti səbəbindən Hitlerdən və nasizmdən məyus olan Hans Frans qatı antisemit olaraq qalmaqda idi və buna görə də yəhudilərin genosidinin günahını da “yəhudi qarışığı olan” Hitlerin üstünə atırdı. 

Beləliklə, bu gün tarixşünaslıqda mövcud olan əsas iki ehtimala görə Adolf Hitlerin ata tərəfdən babası Hidler qardaşlarından biri olub. Əgər bu, hətta belə olmasa belə, həmin babanın yəhudi olması barədə heç bir sübut yoxdur. 

Buna baxmayaraq, Hitlerin yəhudi qarışığının olması barədə versiya antisemit əhval-ruhiyyəli insanlar arasında yetərincə populyardır və zaman-zaman səsləndirilir. 

24 saat” “Lavrovun “quş”u, yəhudilərin qəzəbi, Hitleri Hitler edən hərf səhvi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button