Loading...
Loading...
Gündəm

Layihə rəhbəri: “Az.TV Rəsulzadə ilə bağlı filmin yayımına icazə vermədi”

Fəxrəddin Həsənzadə televiziyadan ayrıldığını açıqlayıb

“Yüz İlin Sirləri” proqramının layihə rəhbəri Fəxrəddin Həsənzadə Azərbaycan Dövlət Televiziyasından ayrılıb.

Səbəb kimi  o, “Yüz İlin Sirləri” proqramı üçün Məhəmməd Əmin Rəsulzadə ilə bağlı hazırladığı filmin efirə getməməsini göstərib.

Bu barədə F.Həsənzadə “Facebook” səhifəsində yazıb.

F.Həsənzadə bildirib ki, kanal rəhbərliyinə, hər kəsə əsaslı veriləcək cavabı və dəlilləri var:

“Amma dostlarım bilir ki, mən belə məqamdan şou düzəltməyi yox, susmağı üstün bilirəm. Bu gündən etibarən Azərbaycan Dövlət Televiziyası ilə yollarımı ayırmaq qərarı verirəm. Məni tanıyan hər kəs siyasi mövqeyimi də bilir. Sadəcə, bir məqsədim vardı. O da dünya tarixində iz qoyan azərbaycanlıları ətraflı tanıtmaq. Müsahibələrdə vaxtını aldığım dəyərli elm adamları və varislər haqlarını halal etsinlər. Yaranan duruma görə tamaşaçılarımızdan üzr istəyirəm”.

“Nə çətinliklə ölkələrdə məzarları axtararaq uzun bir yolun sonuna gəldik. Mənim üçün bu gündən Az.TV bitmişdir”, – deyə Həsənzadə fikrini bitirib.

Siyasi fəal Bəxtiyar Hacıyev yanvarın 30-da televiziyanın film haqqında anons verdiyini bildirib. B.Hacıyevin sözlərinə görə, “Məhəmməd Əmin Azərbaycan xalqının ən səmimi sevgisidir” cümləsi səbəbindən filmin efirə getməsinə qadağa qoyulub.

Azərbaycan Dövlət Televiziyasının Mətbuat Xidmətinin rəhbəri Nərgiz Rəfiyeva deyilənləri təkzib edib.

Onun sözlərinə görə, F.Həsənzadə “Brend Media” prodakşinin işçisi olduğu üçün dövlət televiziyasına aiddiyyatı yoxdur.

N.Rəfiyeva bildirib ki, televiziya proqramında Rəsulzadənin adı yoxdur, verilişin adı var: “Amma hər veriliş başqa bir mövzuya həsr olunur və ayda iki dəfə efirə çıxır”.

N.Rəfiyeva filmin “Məhəmməd Əmin Azərbaycan xalqının ən səmimi sevgisidir” cümləsinə görə efirə getməməsini də təkzib edib: “Biz bu barədə açıqlama yaymışıq, orda hər şey göstərilib”.

Azərbaycan Dövlət Televiziyasının 30 yanvarda yaydığı açıqlamada qeyd olunub ki, hansısa verilişin televiziyada yayımlanmaması ilə bağlı ittiham irəli sürmək məntiqə sığmır:

“İkincisi, televiziyada onlarla veriliş hazırlanır, bəzən hətta anonsu verilsə də, efirə daha çox texniki səbəblərdən təqdim olunmur. Bu xəbərdirmi? Və ya bundan xəbər düzəltmək nə dərəcədə məntiqli və peşəkar yanaşmadır? Mövzuya gəlincə, AzTV-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları barədə yüzlərlə material yayımlanıb və bu gün də efirə verilir. M.Ə.Rəsulzadənin nəvəsinin ilk olaraq məhz AzTV-də efirə çıxması və maraqlı açıqlamalar verməsini diqqətli tamaşaçılar, yəqin ki, unutmayıblar. Odur ki, bu mövzuda hər hansı kampaniyaya  start verilməsinin özü, düşünürük ki, ayıbdır”.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadə 1884-cü ilin 31 yanvarında Bakının Novxanı kəndində anadan olub.

Gözdən qaçırmayın:  Rus zabitləri və Kadırovçular yanlışlıqla bir-birlərini qırıblar - TƏFƏRRÜAT

M.Ə. Rəsulzadə 1918-ci ilin may-dekabr aylarında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri vəzifəsini daşıyıb.

O, 1955-ci ilin martında Türkiyənin paytaxtı Ankarada vəfat edib.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button