Gündəm

Livan ermənisinə Bakıda hökm oxundu

Milliyyətcə erməni olan Livan vətəndaşı Viken Eulcekciyan 20 il azadlıqdan məhrum edilib. İyunun 14-də Bakı Hərbi Məhkəməsinin hakimləri onun haqqında belə hökm çıxarıb. Hökmə əsasən, o, cəzanın ilk 5 ilini qapalı həbsxana rejimində, qalanını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Hökm Yasamal rayon Məhkəməsinin inzibati binasında elan edilib. Hakim Elbəy Allahverdiyevin elan etdiyi hökmdən məlum olub ki, 42-yaşlı Viken terrorçuluq, Azərbaycana qarşı muzdlu döyüşmə, ölkənin dövlət sərhədlərini qanunsuz keçmə kimi əməllərdə suçlu hesab edilib. Hökmdə iddia olunur ki, 2020-ci ilin sentyabrında müharibə başlayanda əslən erməni olan Livan vətəndaşı 2 min 500 dollar pul müqabilində döyüşmək üçün Qarabağa gəlib.

Noyabrın 10-da Şuşada qeyri-rəsmi nikahda yaşadığı Maral Nazaryanla birlikdə Azərbaycan hərbçiləri tərəfindən saxlanılan Viken isə təqsirləndirilən şəxs qismində verdiyi ifadədə ittihamı qəbul etməyib. O bildirib ki, pul müqabilində döyüşməsi barədə ittihamda yazılanlar da, Nazaryanın onun haqqında dedikləri də yalandır. Nazaryanla 5 ildir qeyri-rəsmi ailə kimi yaşadıqlarını və 2020-ci ildə Livandan Ermənistana gəldiklərini deyən Vikenin sözlərinə görə, pandemiya ilə əlaqədar iş yerləri bağlandığına görə Qarabağa köçmüşdülər: “Maralı mənimlə üzləşdirməyiblər. Mənimlə üzləşdirsəydilər, heç vaxt o sözləri deməzdi…”.

Maral Nazaryan bu ilin martında azad edilib və Beyruta – evinə qayıdıb.

Azərbaycan ötən il 44 günlük hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti özünə qaytarıb. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

24 saat” “Livan ermənisinə Bakıda hökm oxundu” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button