2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

London məhkəməsinin deputatdan müsadirə etdiyi milyonlar – Rəsmi Bakı reaksiya verəcəkmi?

Azərbaycanlı deputatın İngiltərədəki vəsaiti niyə müsadirə olundu?  

Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin bank hesablarındakı 5.6 milyon funt-sterlinqi (7.5 milyon dollar)  müsadirə edib.

Agentliyin məlumatında qeyd olunur ki, bank hesablarında daha öncədən dondurulmuş 15.3 milyon funt-sterlinq vəsaitdən 5.6 milyonun müsadirəsi barədə order çıxarılıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Aparılan araşdırma nəticəsində deputatın həyat yoldaşı Pərvanə Feyziyeva, oğlu Orxan Feyziyev və qardaşı oğlu Elman Cavanşirin adına olan 6 hesab barədə sərəncam verilib. Məhkəmə qərarında həmin vəsaitlərin mənbəyinin pul yuma şirkətləri olduğu qeyd edilir. 

Böyük Britaniyanın mənbəyi bəlli olmayan varidatları aşkara çıxaran Milli Cinayət Agentliyi Feyziyevin ailə üzvlərinin vəsaitlərini  Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (“Organized Crime and Corruption Reporting Project” – OCCRP) “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmasından sonra başlayıb. 

Araşdırmada ən azı 2,9 milyard dolların ölkədən qanunsuz yolla çıxarıldığı və çirkli pulların yuyulmasında ixtisaslaşan şirkətlər vasitəsilə leqallaşdırıldığı iddia edilir. 

Araşdırmaya görə, pulyuma şəbəkəsinin xidmətlərindən Feyziyevin təsisçisi olduğu “Avromed” şirkəti də istifadə edib. London məhkəməsinin qərarında da məhz çirkli pulların yuyulması ilə bağlı şəbəkənin fəaliyyətinə istinad edilir. 

Tənqidçilər müsadirə olunan, deputat qaytarılan məbləği görür

Deputat Cavanşir Feyziyev özü isə «Modern.az» saytına açıqlamasında diqqəti müsadirə olunan məbləğə deyil, həbsdən azad olunan vəsaitlərinə çəkməyə çalışıb: “Məhkəmə araşdırması aparılan zaman diqqət əsasən mənim ailə üzvlərim tərəfindən Böyük Britaniyada sərmayə kimi yatırılmış 10 milyon funt sterliqin qanuniliyinin yoxlanılmasına yönəlmişdi. Ona görə də yoxlama məqsədi ilə bizdən vəsaitlərin yalnız həmin hissəsinə aid olan sənədlər tələb olunmuşdu və biz də həmin sənədləri təqdim etmişdik. Buna görə də həmin sənədlərin əhatə etdiyi 10 milyon vəsait sərbəst buraxıldı. O zaman hesablardakı digər vəsaitlərlə bağlı sual qoyulmadığından həmin vəsaitlərə aid sənədlər də soruşulmamışdı və bizim tərəfimizdən də təqdim olunmamışdı. İndi bizim öz təşəbbüsümüzlə qalan vəsaitlərin, yəni Beynəlxalq Bank vasitəsilə köçürülmüş vəsaitlərin də qanuniliyinin yoxlanılması ilə bağlı yeni araşdırma mərhələsi başlanacaq. Bu araşdırmalar məhkəmənin daha yuxarı instansiyasında daha peşəkar hakimlər tərəfindən aparılacaq. Həmin vəsaitlərin də necə və harada qazanılması haqqında kifayət qədər təsdiqləyici sənədlərimiz var və əminəm ki, növbəti mərhələdə də məhkəmə araşdırması həmin sənədlərə lazımi qiyməti verəcək”.

Feyziyev vəsaitlərinin müsadirəsi haqqında xəbərləri sosial şəbəkə hesablarında yayan müxalif siyasətçilər barədə təhqiramiz ifadələr işlədərək, onları məlumatı təhrif etməkdə günahlandırıb. 

Deputat bildirib ki, məhkəmə onun ailəsinin vəsaitlərinin böyük hissəsinin şübhə doğurmadığını bildirib.

“Evening Standart”

Azərbaycanın Dövlət Teleqraf Agentliyi də məhkəmə qərarı barədə məlumat verərkən müsadirə olunan vəsait barədə hissəni unudub və yalnız deputatın ailəsinin sərəncamına qaytarılan vəsait barədə hissəni «London məhkəməsi ədaləti bərpa etdi» başlığı altında paylaşıb. Daha sonra, media və sosial şəbəkələrdə qərarın tam mətni yayıldıqdan sonra AzərTAC xəbəri öz səhifəsindən silib. 

Deputatın London sərmayələri

London Məhkəməsi isə pulların təmiz olmadığında israrlıdır. NCA açıqlamasında bildirilir ki, üç həftəlik araşdırmadan sonra Vestminster  Magistrat məhkəməsinin hakimi Con Zani pulyuma şəbəkəsindən istifadə edən şirkətlərin saxta sənədlər tərtib etdiyinə əmin olub. 

Maraqlıdır ki, Feyziyev ailə üzvlərinin Britaniyadakı investisiyaları barədə Britaniya hüquq mühafizə orqanlarını özü məlumatlandırıb.  2017-ci ildə OCCRP “Avromed” şirkətinin pulyuma şəbəkəsi vasitəsilə ölkədən milyonlarla dollar vəsait çıxardığını aşkarladıqdan sonra Feyziyev jurnalist təşkilatıını və məqalə müəlliflərini Londonda məhkəməyə verib. Niyə məhz Londonda məhkəməyə müraciət etməsini deputat ərizəsində onunla əsaslandırıb ki, ailə üzvləri Böyük Britaniyada yaşayır,  bu şəhərdə əmlaklara sahibdirlər və böyük həcmdə sərmayə yatırıblar.  Sonra iddiasını geri çəksə də, deputatın jurnalist təşkilatı ilə məhkəmə çəkişməsi həm beynəlxalq mətbuatın, həm də korrupsiya ilə mübarizə qurumlarının diqqətini çəkib. 

Prokurorluq məlumatı rəsmən almayınca… 

Azərbaycan hüquq mühafizə orqanları isə hələ ki, heç bir reaksiya vermir. 

Baş Prokurorluqdan Toplum TV-nin sorğusuna cavan olaraq bildiriblər ki,  bu məsələ ilə bağlı rəsmən məlumatlandırılmayıblar. 

“Qeyd edilən məsələ ilə bağlı rəsmi məlumat daxil olmayıb. Ona görə də tərəfimizdən bununla bağlı şərh verilmir”, – qurumun sözçüsü Kənan Zeynalov deyib.

Kənan Zeynalov – Rəsmi səhifə

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev söyləyir ki, Azərbaycan qanunvericiliyinə görə, deputat sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz: “Deputat seçilən andan sahibkarlıq fəaliyyətini dayandırılmalıdır. Bu halda onun deputat mandatı təsdiq olunur. Ona görə də Cavanşir Feyziyevin bu proseslərdə iştirak dərəcəsi araşdırılmalıdır. Daha sonra onunla bağlı məsələləri müzakirə etmək olar. Ailə üzvlərinin iştirakı ilə bağlı məlumatlar var. Araşdırma başa çatandan sonra bilinəcək ki, Cavanşir Feyziyev bu prosesdə rolu nədən ibarət olub”. 

İqtisadçı Rəşad Əliyev  Böyük Britaniyada çirkli pullarla mübarizə prosesində Azərbaycan oliqarxlarının adlarının tez tez hallanmasına diqqət çəkir. 

“Britaniya prokurorları 2018-ci ildən qüvvəyə minən yeni hüquqi mexanizmlər əsasında əcnəbi rəsmilərə qarşı bu günə kimi barmaqla sayıla biləcək qədər az  istintaq işi başladıb və bu az sayda işin artıq 3-ü Azərbaycanla bağlı olan işlərdir və hər üçündə də soydaşlarımızdan ciddi məbləğlər müsadirə edilib.  Artıq neçənci belə haldır ki, xarici ölkənin hüquq-mühafizə orqanı Azərbaycandan aparılmış və məhkəmə yolu ilə “çirkli pul” olduğu isbat edilmiş milyonlarla vəsaiti müsadirə edir. Üstəlik mətbuata verdiyi rəsmi açıqlamasında açıq mətnlə qeyd edir ki, həmin “çirkli pullar” hazırda Azərbaycan parlamentinin üzvü olan şəxsin ailə üzvlərinin hesablarından götürülüb. Yəni bundan artıq nə yazmalıdırlar, necə yazmalıdırlar ki? Amma rəsmi Bakı yəqin həmişəki kimi susacaq”, – Rəşad Əliyev sosial şəbəkə hesabında yazıb. 

Rəşad Əliyev – Sosial Media

Ədaləti Londondan gözləyin

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (“Organized Crime and Corruption Reporting Project” – OCCRP) “Azərbaycanın pulyuyan maşını” adlı araşdırması  yüksək vəzifəli məmurların iştirakı ilə korrupsiya faktlarını aşkarlamasından sonra müxalifət qurumları bu halların araşdırılması üçün Baş Prokurorluğa müraciət etmişdi. Azərbaycan hüquq mühafizə orqanları həmin müraciətləri də cavabsız qoyub. Xatırladaq ki, həmin araşdırmada 2,9 milyard dolların ölkədən qanunsuz yolla çıxarıldığını iddia edilirdi. 

Əliməmməd Nuriyev ümidini itirmir: “Bu pulun hansı yollarla çıxarılmasının müxtəlif sxemləri olur. Jurnalist araşdırması olub, onlar bu məsələni aşkarlayıblar. istintaq tərəfindən araşdırmalar davam edir. Bu araşdırmalar bitəndən sonra məlum olacaqdır ki, bu prosesdə kimlər iştirak edib”,- «Şəffaflıq Azərbaycan» İB-nin direktoru “Toplum TV”-yə belə deyib. 

Əliməmməd Nuriyev – Açıq mənbələrdən götürülüb

Hələ ki konkret addımları yalnız Britaniya hüquq mühafizə orqanları atır. NCA mülki cərimələr şöbəsiin müdiri Andy Lyuis bildirib ki,”Bu Azərbaycan landromatı vasitəsilə yuyulan pulların əhəmiyyətli hissəsinin müsadirəsi deməkdir və bizim bu uğurlu addımlarımız belə şəbəkələrdən istifadə edənlərin hər biri üçün risk olduğu mesajını verir”. 

Lyuisin sözlərinə görə, Birləşmiş Krallığa daxil olan çirkli pulların qarşısını almaq üçün oxşar addımlar davam etdiriləcək. 

Cavanşir Feyziyevin ailə üzvlərinin hesablarından müsadirə olunan vəsait Böyük Britaniya büdcəsinə köçürülüb. Əliməmməd Nuriyev deyir ki, o vəsaitlərin Azərbaycan büdcəsinə qaytarılması üçün addımlar atıla bilər. Amma: 

“Çirkli pulların yuyulması ilə bağlı istintaqın gəldiyi nəticə təsdiq olunarsa, pullar müsadirə olunacaq. Bu nəticə təsdiq olunsa, Azərbaycan da bu məsələyə qarışacaq. Və bu məsələlərlə bağlı araşdırmalar aparılacaq. Əgər məhkəmə yolu ilə bu pulların çirkli pullar olduğu təsdiq olunarsa, şübhəsiz ki, Azərbaycan tərəfi o pulların geri qaytarılması ilə bağlı addımlar atacaq”, – Ə.Nuriyev bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button