SEÇMƏ

Lukaşenko: “Rusiya çökəcəksə, hamımız onun dağıntıları altında qalacağıq”

Yayımlandı: 25 Noyabr 2022 13:06

Zərdüşt Əlizadənin fikrincə, Rusiyanın çöküşü təhlükə yox, imkandır

Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanda keçirilən toplantısında sensasiya sayılacaq fikirlər səsləndirib.

O, son vaxtlar KTMT-nin taleyi ilə bağlı müxtəlif proqnozların yayılmasından narahatlığını dilə gətirib.

Lukaşenko deyib ki, təşkilatın taleyi daha çox Rusiyanın Ukraynada apardığı əməliyyatdan asılı olacaq:

“Bəli, Rusiya qalib gəlsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaşayacaq. Yox, Allah etməsin, Rusiya qalib gəlməsə, təşkilat olmayacaq. Bizim ölkələrdə də bu problem çox müzakirə olunur. Hiss edirəm ki, biz vahid mövqeyə gəlmişik. Allah elməsin, əgər Rusiya çökəcəksə, biz hamımız onun dağıntıları altında qalacağıq”.

Aleksandr Lukaşenko bildirib ki, təşkilat üzvləri bir-birini dəstəkləməlidir:

“Ona görə də biz nəinki bir-birimizi qorumalıyıq, həm də başa düşməliyik”.

“Biz siyasihərbi-siyasi səhnəni tərk etmək fikrində deyilik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı mövcud olacaq və heç kim heç yerdə dağılmayacaq. Amma bizə birlik lazımdır”, – deyə o qeyd edib.

Siyasi şərhçi Zərdüşt Əlizadə Meydan TV-yə deyib ki, Aleksandr Lukaşenko gerçəyi danışıb:

“Hətta başqa bir fikir də səsləndirib. Söyləyib ki, əgər Rusiya dağılsa, siz hamınız qaçacaqsınız, amma birinci mən qaçacağam. Məsələ ondadır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yeganə hərbi qüvvə Rusiyanındır. Ancaq Ukrayna müharibəsi göstərdi ki, Rusiya hərbisi əhəmiyyətli qüvvə deyil. Beləliklə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da əhəmiyyəti itir”.

Onun fikrincə, Rusiya iki səbəbdən 2020-ci ildə Qarabağdakı 44 günlük savaşın başlanmasına imkan verib:

“Birincisi, Ermənistanın Baş naziri Paşinyan qərbyönümlü mövqeyi ilə Kremli boğaza yığmışdı. Düşünürdülər ki, Azərbaycanın qalib gəlməsi ilə Paşinyan vəzifəsini itirəcək, ancaq bu da alınmadı. İkincisi isə Türkiyənin sərt mövqeyinə bağlıdır. Ankara gizlətmədən deyirdi ki, 44 günlük savaşa kimsə qatılsa, qarşılarında onları görəcək. Yəni Rusiya riskə getmədi. Bilirsiniz, Rusiyanın əvvəlki təsir gücü qalmayıb. Rusiya da SSRİ deyil. SSRİ olsaydı, son 30 ildəki hadisələr də olmazdı”.

Politoloqun sözlərinə görə, əgər Qərb Ukraynaya istədiyi silahı versə, onların qələbəsi şübhəsizdir:

Zərdüşt Əlizadə. Foto: strateq.az

Ukraynanın qalibiyyətindən sonra isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tarixin arxivinə gömüləcək. Elə Lukaşenkonun dediyi kimi, birinci qaçan özü olacaq”.

Z.Əlizadənin qənaətincə, Rusiyanın çöküşü təhlükə yox, imkandır:

“Çünki bu çöküşdən sovet məkanında yaşayan xalqlar və respublikalar üçün normal həyat şəraiti qurmaq imkanı yaranacaq. Ermənistan anlayacaq ki, qonşularla normal münasibət qurulmalıdır və Azərbaycanla da, Türkiyəylə də hərtərəfli təmaslara başlayacaq”.

Gözdən qaçırmayın:  Danışıq bitdi, Paşinyan yeni müharibə istəyir

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button