SEÇMƏ

Mədəniyyət Nazirliyindən: “Elnur Əliyev hazırda iş başındadır”

Yayımlandı: 3 Noyabr 2022 12:43

“Əməliyyat zamanı kimlərinsə istintaqa cəlb olunması onların həbs edilməsi anlamına gəlmir”

“Bir dövlət qurumunun, digərində Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində və səlahiyyələri daxilində əməliyyat aparmaq hüququ, ixtiyarı var. Burada qeyri-adi heç nə yoxdur. Əməliyyat zamanı kimlərinsə istintaqa cəlb olunması isə onların həbs edilməsi anlamına gəlmir”.

Bunu Meydan TV-yə Mədəniyyət Nazirliyinin mətbuat  xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova bildirib.

O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nazirlikdə keçirdiyi əməliyyat zamanı saxlandığı deyilən nazirin birinci müavini Elnur Əliyevin hazırda işinin başında olması xəbərini şərh edərkən deyib.

Mədəniyyət Nazirliyində əməliyyat aparılması ilə bağlı istər DTX, istərsə də nazirliyin rəsmi açıqlamasının olmadığını xatırladan Nuridə Allahyarova iddiaların da əsassız olduğunu vurğulayıb:

“Bütün bunlar Kütləvi İnformasiya Vasitələrində (KİV) çıxan ehtimal və iddialardırsa, rəsmi bir açıqlama yoxdursa, belə olan halda, Elnur Əliyev niyə işdə olmasın? Bu xəbərlər fonunda Elnur Əliyevin işə gəlməməsində əsas görmürəm. Adları hallanan digər əməkdaşlara gəlincə, işində olan hər kəs işinin başındadır”.

2022-ci il noyabrın 1-də DTX-nın Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdiyi bildirilib. Əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov, Protokol şöbəsinin əməkdaşı Kamil Rzayevin saxlanılması haqda məlumat var.

2022-ci il noyabrın 2-də “Qafqazinfo” yazıb ki, DTX tərəfindən saxlanılan Mədəniyyət Nazirliyinin şöbə müdiri İlkin Nəsibov barəsində 4 aylıq həbsqətimkan tədbiri seçilib.

Bununla bağlı qərarı Səbail Rayon Məhkəməsi çıxarıb.

Şöbə müdirinin Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (mənimsəmə və ya israf etmə) ilə ittiham olunduğu bildirilir.

İlkin Nəsibov 2020-ci ildə mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun əmri ilə Texniki təchizat və əmlakın idarəedilməsi şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Hələ ki, hər iki qurumdan məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Meydan TV

Gözdən qaçırmayın:  Paşinyan sülhməramlılarla bağlı təklifinin qəbul olunmadığını bildirib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button