ÖLKƏ

Məhkəmə Əli Kərimlinin pasport şikayətinə baxmaqdan imtina etdi

ali kerimli3

Bakı İnzibati Məhkəməsi AXCP sədri Əli Kərimlinin şikayətinə baxmaqdan imtina edib.

Kərimli 14 ildir ki ona pasport verilməməsilə əlaqədar məhkəməyə üz tutmuşdu.

Partiya sədri Daxili İşlər Nazirliyi və bu qurumun tabeliyində olan Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia qaldırmışdı.

Amma fevralın 20-də Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyev bu iddiaya baxılmasının mümkün sayılmaması haqda qərar çıxarıb.

Məhkəmədə Əli Kərimlinin nümayəndəsi, vəkil Fəxrəddin Mehdiyev bildirib ki, şəxsə ümumvətəndaşlıq pasportunun verilməməsi və bu üzdən ölkədən çıxmaq imkanının məhdudlaşdırılması fundamental hüquq və azadlıqların pozulmasıdır.

Bu pozuntunun 14 ildir ki davam etdiyini vurğulayan vəkil xatırladıb ki, Avropa Məhkəməsinin də bu məsələ ilə bağlı qərarı var:

“Bugünə qədər nə Avropa Məhkəməsinin qərarı icra olunur, nə də hüquq pozuntusu aradan qaldırılır”.

Daxili İşlər Nazirliyini təmsil edən vəkil Əlirza Həbilov isə ümumiyyətlə, şikayətə baxılmasına etiraz edib.

O deyib ki, bu məsələ ilə bağlı qüvvədə olan məhkəmə qərarları var. Avropa Məhkəməsi pozuntunu tanısa da, əvvəlki məhkəmə qərarları ləğv olunmayıb:

“Ali Məhkəmənin Plenumu bu işə yenidən baxıb, qərarları ləğv eləməyib”.

Hakim qısa müşavirədən sonra iddianın mümkün sayılmaması barədə qərarı elan edib.

Qərardan apellyasiya şikayəti veriləcək.

Əli Kərimli iddia ərizəsində Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun da üçüncü şəxs qismində bu məhkəmə prosesinə cəlb olunmasını istəmişdi. Amma onun nə özü məhkəməyə gəlib, nə də nümayəndəsi.

Azadliq radiosu

24saat.org

Mənbə – azadliq.info

Bənzər məqalələr

Back to top button