SEÇMƏ

Məhkəmə də Əvəz Zeynallının ailəsilə telefon danışığına və görüşünə icazə vermədi

Yayımlandı: 4 Noyabr 2022 16:52

Baş redaktorun şikayəti təmin olunmadı

Noyabrın 4-də Binəqədi Rayon Məhkəməsində “Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının Baş Prokurorluğun İstintaq İdarəsinə qarşı şikayətinə baxılıb. Şikayətin səbəbi isə Əvəz Zeynallının ailə üzvlərilə görüş və telefon danışığı hüququnun məhdudlaşdırılmasıdır.

Hakim Elçin Ağayevin sədrliyilə keçirilən məhkəmə prosesinə Əvəz Zeynallının özünü gətirməyiblər. Məhkəmədə prokurorluğun nümayəndələri iştirak edib, onlar görüş və telefon danışığı qadağasını Əvəz Zeynallının işi üzrə istintaqın davam etməsi və istintaq sirrinin yayılma ehtimalı ilə izah edib.

Lakin Əvəz Zeynallının vəkilləri Fəxrəddin Mehdiyev və Rəşad Əliyev bu arqumentlə qanunun verdiyi hüququn məhdudlaşdırılmasının doğru olmadığını vurğulayıb.

Hakim isə prokurorluğun göstərdiyi əsasla Əvəz Zeynallının ərizəsini təmin etməyib.

“Xural TV” rəhbərinin vəkilləri bu qərardan noyabrın 5-də apelyasiya şikayəti verəcək.

“Prokurorluğun arqumentini də, məhkəmənin qərarını da əsaslı saymırıq. İki aydır ki, Əvəz Zeynallının özüylə bağlı heç bir istintaq hərəkəti aparılmır. Təqsirləndirilən şəxsə qanun ailə üzvlərilə görüş və telefon danışığı hüququ verir. Eyni məntiqlə istintaq altında olan heç kim ailəsilə əlaqə saxlamamalıdır”, – vəkil Fəxrəddin Mehdiyev bildirib.

Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynalovanın bildirdiyinə görə, iki aya yaxındır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılan “Xural TV” rəhbəri ailə üzvlərilə nə görüşə, nə də telefonla əlaqə saxlaya bilir. Bununla bağlı müraciətlərə cavab olaraq bildirilib ki, Əvəz Zeynallının yaxınlarıyla əlaqəsinə Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında məhdudiyyət qoyulub.
Əvəz Zeynallının işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Əvəz Zeynallı sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilmişdi. Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib.

Rüşvət ittihamı “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. “Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.
Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir. “Xural TV” rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulur.

Sentyabrın 10-da Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub. O, Rasim Məmmədovun vəkili idi. Elçin Sadıqov rüşvətə vasitəçilikdə ittiham olunur.

Gözdən qaçırmayın:  Aktyor Mədəniyyət Nazirliyinin şöbə müdirini tənqid edib

Elçin Sadıqov sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Elçin Sadıqov da özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button