Xəbərlər

Məhkəmə generalın qatil olduğu qənaətinə gəlib, amma hərbi və fəxri adlardan məhrum etməyib

Loading...

Bakı/27.10.21 Bu gün, oktyabrın 27-də Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə məhkəmədəki mənbə bildirib.

Məlumata görə, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub. “Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, R.Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib”, deyə məhkəmədən bildiriblər.

Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub.

Belə ki, məhkəmə tərəfindən R.Əkbərovdan 40 min 10 manat pulun tutularaq zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar çıxarılıb.

Məlumatda deyilir ki, məhkəmə R.Əkbərovun hərbi rütbəsini və fəxri adlarının alınmasını zəruri hesab etməyib, buna səbəb kimi isə işdə hərbi rütbənin alınması ilə bağlı təqdimatın olmaması göstərilib.

Xatırladaq ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesinin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdi. -05D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button