Loading...
Loading...
SEÇMƏ

Məhkəmə ictimai fəalın həbs müddətini daha 1 ay uzadıb

Yayımlandı: 15 Avqust 2022 20:58

Bu dəfə Elnur Şahverdiyevə başqa ittiham verilib

İyulun 14-də polisə müqavimət ittihamıyla saxlanılan ictimai fəal Elnur Şahverdiyevə kəsilmiş 1 aylıq inzibati həbs cəzası başa çatsa da, yaxınları onun buraxılmadığını deyir. Azadlığa çıxmalı olduğu gün – avqustun 14-də onun haqqında yenidən 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb. Əvvəlki kimi, budəfəki qərar da Astara Rayon Məhkəməsində verilib. Lakin əvvəlkindən fərqli olaraq, bu dəfə Elnur Şahverdiyev İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarda qanunsuz narkotik əldə etmə, saxıama, daşıma) maddəsilə ittiham edilib.

Bu barədə Elnur Şahverdiyevin qardaşı Ramil Şahverdiyev məlumat verərək bildirib ki, qardaşı narkotik istifadəçisi deyil, pis vərdişlərdən tamamilə uzaqdır. Onun sözlərinə görə, birinci həbsində də polislər Elnuru gəlib evdən apardıqları halda, onu İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə cəzalandırmışdılar:

“Halbuki, gəlib evdən aparmışdılar. Daha doğrusu, əvvəl Elnur evdə olmamışdı. Biz evdə təndir çörəyi bişirib satırıq. Gəlib anama deyiblər ki, guya çörəyə görə şikayət var. Qardaşım gələn kimi götürüb aparmışdılar. Aparandan sonra söhbət əsasən Elnurun sosial şəbəkələrdə yazdıqları haqda olmuşdu. Ona görə əminik ki, onu sosial şəbəkələrdəki tənqidi fikirlərinə görə cəzalandırırlar”.

Foto: Elnur Şahverdiyevin “Facebook” səhifəsindən

Yaxınları hesab edir ki, Elnur Şahverdiyevə verilmiş 1 aylıq inzibati həbs onları qane etməyib, bu üzdən müddəti artırmaq qərarına gəliblər:

“Bu dəfə də saxta narkotik ittihamını atıblar ortaya…”.

“Müdafiə xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov da Elnur Şahverdiyev haqqında yeni həbs qərarı çıxarıldığını təsdiqləyib. Hüquq müdafiəçisi bildirib ki, onun haqqında yeni həbs qərarından apelyasiya şikayəti veriləcək:

“Elnur Şahverdiyev sosial şəbəkələrdə yaydığı tənqidi postlara görə təqib edilib, qurama ittihamlar əsasında 30 sutka inzibati həbsə məruz qalıb. Bizə daxil olan məlumata görə, Elnur bəyin həbs müddəti bitsə də, azadlığa buraxılmayıb, daha 30 gün inzibati həbsə məruz qalıb. “Müdafiə Xətti” olaraq hazırda Elnur Şahverdiyevin heç olmasa, apelyasiya instansiyasında azadlığa çıxması üçün çalışırıq. Ümid edirik ki, nəticə olacaq…”

Meydan TV

Gözdən qaçırmayın:  Qafqaza gələn turistlər; Azərbaycan rəqabətə davam gətirirmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button