SEÇMƏ

Məhkəmə Ombudsmanın icra hakimiyyətini cərimələnmə tələbini rədd edib

Yayımlandı: 28 Noyabr 2022 14:17

Hakim hesab edib ki, inzibati tənbeh tətbiqetmə müddəti ötürülüb

Hacıqabul Rayon Məhkəməsi jurnalistin informasiya sorğusuna natamam cavab verən Hacıqabul Rayon İcra Hakimiyyəti haqqındakı məhkəmə şikayətinin icraatına xitam verib.

Jurnalist Şəmistan Həziyev Hacıqabul Rayon İcra Hakimiyyətinə informasiya sorğusu göndərib.

“İnformasiya əldə edilməsi haqqında” Qanunla açıq sayılan məlumatların ona təqdim edilməsini xahiş edib. Lakin Hacıqabul Rayon İcra Hakimiyyəti onun sorğusuna natamam cavab verib.

Bundan sonra Şəmistan Həziyev İnsan Hüquqları üzrə Müvəkkilin Aparatına (Ombudsman) şikayət edib.

Şəmistan Həziyev. Foto: Meydan TV

Hüquqşünas Xalid Ağəliyev deyir ki, Ombudsman ilk dəfə olaraq, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini barəsində inzibati xəta haqqında protokol tərtib edib və Hacıqabul Rayon Məhkəməsinə göndərib.

Hüquqşünas bildirib ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) “İnformasiya əldə etmək haqqında” Qanunun pozulmasına görə məsuliyyət nəzərdə tutan 374-cü maddəsi indiyə qədər heç vaxt tətbiq edilməyib:

“Bu ayın əvvəlində Ombudsman Aparatı jurnalist sorğusuna natamam, qeyri-dəqiq cavab verən Hacıqabul Rayon İcra Hakimiyyəti ilə bağlı izibati xəta protokolu tərtib edib, məhkəməyə göndərəndə gözləntimiz yaranmışdı ki, nəhayət, qanunun donu açılacaq, ancaq olmadı. Hakim Vahid Hacıyev icraata xitam verib”.

Hacıqabul Rayon Məhkəməsi hesab edib ki, inzibati xətaya görə inzibati tənbeh tətbiqetmə müddəti ötürülüb.

Qanunvericiliyə görə, inzibati tənbeh xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.

Xalid Ağəliyev deyir ki, məhkəmə qərarı əsaslı araşdırma aparılmadan qəbul edib.

Xalid Ağaliyev. Foto: Meydan TV

Müddəti informasiya sorğusunun verildiyi tarixdən hesablayıb:

“Doğrudur ki, informasiya sorğusu təxminən 5 ay əvvəl verilib, lakin icrası ilə bağlı jurnalistlə informasiya sahibi arasındakı kommunikasiyalardan 3 aydan artıq vaxt keçməyib. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin informasiya açıqlığına dəstək verən “soyuqlamış” müddəasının işə düşməsi başqa bahara qaldı”.

Hüquqşünas bildirib ki, informasiya əldə etmək, hazırlamaq, yaymaq Konstitusiya ilə, Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrlə yalnız hər bir jurnalistin, eləcə də sadə vətəndaşların haqqıdır.

Meydan TV

Gözdən qaçırmayın:  Naxçıvanda həbslər: maliyyə naziri ilə generala qarşı ittiham irəli sürülüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button