Loading...
Loading...
Xəbərlər

Məhkəmə qarşısında etiraz aksiyası olub

“Səda” internet televiziyasının həbsdə olan direktor müavini Elnur Şükürovun ailəsi sentyabrın 19-da Bakı Apellyasiya Məhkəməsinin qarşısında etiraz aksiyası keçirib.

Sentyabrın 19-da həmin məhkəmədə E.Şükürovun həbs qətimkan tədbirindən apellyasiya şikayətinə baxılıb və şikayət təmin olunmayıb.

Aksiya iştirakçıları əllərində E.Şükürovun və Prezident İlham Əliyevin şəkillərini tutublar.

E.Şükürovun yaxınları qeyd edib ki, onun həbsinin əsas səbəbi Cəlilabad rayonunun sosial problemlərinin işıqlandırılması ilə bağlıdır: “Elnuru dəfələrlə hədələyiblər, deyiblər ki, susmasan qardaşlarını həbs edəcəyik. Görəndə ki, bu alınmır, özünü susdurmağa çalışıblar. Bu, qurulmuş bir işdir, Elnur Şükürov şərlənib”.

Onların sözlərinə görə, Binəqədi Rayon Məhkəməsinin qərarında E.Şükürovun istintaq zamanı Bakı İstintaq Təcridxanasında saxlandığı qeyd edilsə də, o, Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında tutulub: “Axtarış zamanı deyiblər ki, bizə Əvəz Zeynallı ilə bağlı sənəd lazımdır”. Aksiya zamanı insident baş verməyib.

Aksiyaya və orada səslənən fikirlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma sentyabrın 14-də Baş Prokurorluqdan bildirilmişdi ki, Ə.Zeynallı və E.Sadıqovla bağlı istintaqın gedişində “Səda TV” MMC-nin faktiki rəhbəri E.Şükürovun qanunsuz əməlləri ifşa edilib.

E.Şükürov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 10-da vəkil Elçin Sadıqov və “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı saxlanaraq bir gün sonra həbs ediliblər. Jurnalist rüşvətdə, vəkil isə rüşvətə vasitəçilik etməkdə suçlanır. “Baku Steel Company”nin keçmiş rəhbəri, həbsdə olan Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alındığı iddia olunur.

Lakin Sadıqov və Zeynallının heç biri özlərini təqsirli bilmir. Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə vəkil E.Sadıqov barəsində verilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. E.Sadıqov məhkəmə zalından birbaşa azad edilib.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Meymunçiçəyi xəbərdarlığı – əcnəbilərə toxunmayın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button