Loading...
Loading...
Sosial

Məhkəmə rüsumunun qalxması daha çox bankların ziyanınadır

Məhkəməyə bəzi növ müraciətlər üçün rüsumlar 10 dəfəyə qədər artırıla bilər. Milli Məclis bu gün iyunun 25-də bu haqda qanuna dəyişikliyi 1-ci oxunuşdan keçirib.

Dəyişiklik təkliflərindən biri budur ki, qiymətləndirilməyən iddialar üzrə məhkəməyə müraciət rüsumu 10 manatdan 100 manata qaldırılsın.

Yəni məsələn, kiminsə evi qanunsuz zəbt edilibsə, o öz evini geri almaq üçün məhkəməyə müraciət etmək üçün indi 10 manat rüsum verirsə, dəyişiklik qüvvəyə minəndən sonra 100 manat rüsum verməlidir.

Bakı sakini Əhməd Rəhimov deyir ki, hazırda onun Bakı məhkəmələrinin birində iddia ərizəsi var və rüsumların qaldırılması yeni bir iddia ehtiyacı olsa, onunçün çətinlik yaradacaq

“Vətəndaş məhkəmədən üz döndərəcək. Mən daha su boğaza çıxanda müraciət edəcəm”.

10 manatdan 100 manata qaldırılan rüsumlar həm də xüsusi icraat qaydasında baxılan işlər üçündür- yəni, iddiası olmayan fakt təsdiqlənməsi üçün müraciətlər. Tutaq ki, ölüm kağızının alınması.

Hüquqşünas Səməd Rəhimli deyir ki, üç il əvvəl də vətəndaşın xərci başqa səbəbdən artmışdı. Belə ki, 2018-ci ildə nümayəndəlik institutu ləğv edilmişdi və vəkil orderi almaq üçün vətəndaşın xərci 110 manat da artmışdı. Onun fikrincə, artan xərclər insanları məhkəmələrdən uzaqlaşdıra bilər.

Zahid Oruc ümid edir ki…

Rüsumların qaldırılması təklifi o vaxta təsadüf edir ki, son bir ildə pandemiyadan dolayı əhalinin alıcılıq qabiliyyəti xüsusilə düşüb. Dövlətin rəsmi statistikasında deyilir ki, bu ilin yanvarında 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz düşüb.

Bundan başqa, əhali bir il əvvəl gəlirinin təqribən 45 faizini ərzağa xərcləyirdisə, bu ilin yanvarında pulun təqribən 53 faizinə ərzaq alıb.

Milli Məclisin İnsan Haqları Komitəsinin üzvü Zahid Oruc AzadlıqRadiosuna deyib ki, bu hələ 1-ci oxunuşdur və o ümid edir ki, iyulun 1-də, parlamentin növbəti müzakirəsində vətəndaşların sosial durumu nəzərə alınacaq.

Onun sözlərinə görə, dəyişikliyin tərəfində olanların arqumenti budur ki, məhkəmələrin yükü azalsın və xidmətin keyfiyyəti artsın. Deputat deyir ki, bu haqda da əhalinin durumunu nəzərə almaq lazımdır.

Vətəndaşın xeyrinədir?

Qiymətləndirilməyən iddialardan başqa qiymətləndirilən iddialar üzrə də rüsumların artırılması təklif olunur. Məsələn, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda – iddiaçı 30 manat üstəgəl 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində məhkəməyə ödəniş edilir.

Layihədə 1 milyon manata qədər iddialar üzrə rüsumlar müəyyənləşib.

Hüquqşünas Səməd Rəhimli deyir ki, qiymətləndirilən iddiaları adətən banklar vətəndaşlara qarşı edir və çox vaxt da uduzan tərəf vətəndaş olur deyə, rüsumu da vətəndaş ödəyir və bu da ona böyük yükdür.

Gözdən qaçırmayın:  Həbsdəki MTN generalı iddia edir ki, alınan milyonlar deputata verilib

Bu dəyişikliklər “Dövlət rüsumu haqqında” qanuna təklif edilir. Dəyişikliklər iyulun 1-də yenidən müzakirəyə çıxarılacaq.

Milli Məclisin saytındakı məlumata görə layihəyə dəyişikliklər təklifi prezidentdən daxil olub. Parlamentdə üç öxunuşda qəbul edilsə, prezidentin imzası ilə qüvvəyə minəcək.

24 saat” “Məhkəmə rüsumunun qalxması daha çox bankların ziyanınadır” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button