Loading...
Loading...
Gündəm

Məktəbəqədər təhsil müəssisələri yenidən Təhsil Nazirliyinə verilir

Uşaq bağçaları son 10 ildə yerli icra hakimiyyətlərinin tabeliyində olub

Yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri yenidən (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilir.

Bu barədə dekabrın 20-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

Uşaq bağçaları son 10 ildə yerli icra hakimiyyətlərinin tabeliyində olub.

İlham Əliyevin 2011-ci il dekabrın 27-də verdiyi sərəncamla Təhsil Nazirliyinin tabeliyində olan uşaq bağçaları yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib.

10 il sonra isə Prezident daha bir sərəncamla bağçaları yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarıb.

İqtisadçı Rövşən Ağayev düşünür ki, bu addım əslində rayon və şəhərlərin özünü dolandırdığını göstərmək üçün atılıb: “Gələn ilin büdcə müzakirələrində hökumət mediası yazacaq ki, Azərbaycanda bütün rayon və şəhərlər özünümaliyyələşdirməyə nail oldu. Əslində isə səbəb fərqlidir. Daha bir xərc səlahiyyəti icra hakimiyyətlərinin boynundan götürüldü. Bu günədək bağçaların maliyyələşməsi onlara baxırdı, artıq bu işi Təhsil Nazirliyi görəcək”.

İqtisadçı deyir ki, bundan sonra icra hakimiyyətlərinin xərc səlahiyyəti yalnız öz aparatının saxlanmasını və JEK-lərin cari fəaliyyətini maliyyələşdirməyi əhatə edəcək: “Bu fəalliyyətlər üçün zəruri maliyyəni isə ən zəif iqtisadiyyata malik rayonlarımız da toplaya bilir. İnkişafın Azərbaycan modeli budur – müasir iqtisadiyyat dərsliklərinə düşəcək fövqəladə bir modeldir”.

2022-ci ilin dövlət büdcəsindən Göyçaya vəsait ayrılmayıb.

Yalnız 14 rayona vəsait ayrılacağı qeyd edilib ki, onlar da əsasən, işğaldan azad edilən bölgələrdir. Həm hökumət rəsmiləri, həm də Prezident İlham Əliyev Azərbaycanın əksər rayonlarının özlərini dolandıra biləcək gücünün olduğunu düşünür.

Hətta Prezident İlham Əliyev sentyabrın 14-də Şəmkir və Cəlilabad rayonlarına yeni təyin olunan icra başçıları ilə görüşündə sabiq məmurların ünvanına tənqidlər səsləndirməklə yanaşı, regional inkişaf məsələlərinə də toxunub.

O, öz çıxışında əvvəlki illərdən fərqli olaraq, artıq rayonların çoxunun mərkəzi büdcədən dotasiya almadan xərclərini qarşıladığını bildirib: “10 il bundan əvvəl, demək olar ki, rayonların mütləq əksəriyyəti dotasiya alırdı. Nə üçün? Çünki yerlərdə yığılan vəsait məmurların cibinə gedirdi, dövlət xəzinəsinə, dövlət büdcəsinə yox, məmurların cibinə. Gecə-gündüz elə burada, qapılarda fırlanıb, hansısa maddi dəstək, maddi yardım istəyənlərin sayı kifayət qədər çox idi, icra başçılarını nəzərdə tuturam”.

Prezident əlavə edib ki, aparılan islahatlar nəticəsində indi bir çox rayon artıq dotasiya almır: “Biz elə etməliyik ki, ümumiyyətlə, rayonların inkişafı yerlərdə, bütün rayonlarda yığılan vəsait hesabına təmin olunsun”.(Meydan TV)

Gözdən qaçırmayın:  Ukrayna Müdafiə Nazirliyi son durumu açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button