Siyasət

“Məmməd İbrahim sələfiliyə meyllidir…”

Vəkillər AXCP funksioneri barədə belə rəy vermiş rəisin dindirilməsini tələb edir

AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim növbəti dəfə hakim qarşısına çıxatılıb. Həbsdən buraxılmasına üç gün qalmış ona yenidən cinayət işi başlanılıb. İttihama görə, saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsində yatağından bıçaq tapılıb.

Dekabrın 25-də Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyilə keçirilən məhkəmədə Məmməd İbrahimin vəkilləri hal şahidlərinin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıblar. Hal şahidləri həmin vaxt 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkumlar olub. Vəkillərin sözlərinə görə, həmin hal şahidləri artıq cəzaçəkmə müəssisəsində yoxdur. Onların ikisi azadlığa buraxılıb, biri isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Hakim bildirib ki, azadlığa buraxılanların yeri məlum deyil. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülən hal şahidi isə növbəti məhkəmə iclasına gətiriləcək.

Vəkillər 16 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin rəisi Emin Şıxəliyevin də məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb. Çünki o, M.İbrahim haqqında xasiyyətnaməyə imza atıb. Orada M.İbrahimin sələfi təriqətinə meylli olması, dövlətçilik və hakimiyyət əleyhinə təbliğat aparması barədə fikirlər yer alıb. Vəkil Cavad Cavadov bildirib ki, E.Şıxəliyev məhkəmədə dindirilib, M.İbrahim haqqında niyə belə fikirlər yazmasını əsaslandırmalıdır.

Hakim E.Şıxəliyevin dindirilməsi barədə vəsatəti təmin etməyib.

Məhkəmə prosesi yanvarın 8-nə qədər təxirə salınıb.

Məmməd İbrahim 2015-ci il sentyabrın 29-dan həbsdədir. O, üç nəfəri döyməkdə ittiham olunaraq, Cinayət Məcəlləsinin 221.2.2 (iki və daha çox şəxsə xəsarət yetirməklə xuliqanlıq) maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. 2018-ci il sentyabrın 27-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 317-1.2 (həbs yerində şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və s.) maddəsi ilə yenidən cinayət işi başlanıb. Yasamal Rayon Məhkəməsinin qərarıyla haqqında iki ay müddətinə həbs-qətimkan tədbiri seçilən M.İbrahim Bakı istintaq təcridxanasında saxlanılır.

O, ittihamı qəbul etmir və bıçağın yatağına müəssisənin əməkdaşları tərəfindən atıldığını, məqsədin isə onun həbs müddətini uzatmaq olduğunu bildirir. AXCP də ittihamları siyasi sifariş hesab etmısi barədə bəyant verib.

24saat.org xəbəri Meydan TV-yə istinadən təqdim edir

Gözdən qaçırmayın:  Lavrovun sələfi onu Rusiyanın biabırçılığına görə istefa verməyə çağırıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button