Loading...
Loading...
SEÇMƏ

Məmur kürəkəninə prokuror 12 il həbs istədi, məhkəmə bəraət verdi

Yayımlandı: 13 İyul 2022 15:33

1,5 milyonluq dələduzluqda ittiham olunan sabiq polis əməkdaşı azad olunub

Xətai Rayon Polis İdarəsinin keçmiş əməliyyat müvəkkili Elvin Həşimliyə prokuror 12 il həbs cəzası istəsə də, məhkəmə ona bəraət verib. İyulun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

1.5 milyonluq dələduzluqda ittiham olunan Elvin Həşimli Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisinin oğlu, eyni zamanda, Xocalının icra başçısının müavini Vahid Əliyevin kürəkənidir.

Sabiq polis əməkdaşı Möhkəm Səmədov adlı şəxsə qarşı dələduzluqda ittiham olunur. Cinayət işinin materiallarında iddia olunur ki, o, mobil telefon, avtomobil ehtiyat hissələri biznesi adıyla bir neçə dəfəyə Möhkəm Səmədovdan ümumilikdə 1.5 milyon dollar alıb. Ona bir müddət aylıq qazanc versə də, sonradan gəlir də dayanıb, alınan pul da qaytarılmayıb.

Elvin Həşimli özünü təqsirli bilmir. O, ifadələrindən birində deyib ki, Möhkəm Səmədov sələmlə pul verirdi. Ona da pulu aylıq faizlə vermişdi. Onun sözlərinə görə, Möhkəm Səmədovdan aldığı vəsait geri qaytarılıb.

Zərərçəkmiş qismində tanınan Möhkəm Səmədov isə əksinə, iddia edir ki, Elvin Həşimlidən şikayət edəndən sonra polislər onun obyektinə basqın edib:

“Elvin Həşimlidən Nərimanov Rayon Polis İdarəsinə şikayət elədim ki, məni aldadıb, pulumu alıb, qaytarmır. Bundan dərhal sonra onun işlədiyi Xətai Rayon Polis İdarəsinin əməkdaşları mənim obyektimə – çay evinə basqın elədi. Dedilər ki, guya orada silah var. Müştərilər yemək yediyi yerdə kabinetlərə girdilər, qapıları sındırdılar. Əlbəttə ki, yalan idi. Orada silah-filan yox idi”, – zərərçəkmiş ifadəsində bildirib.

O iddia edib ki, Elvin Həşimli biznes adıyla aldığı pulları mərc oyunlarında uduzub.

Keçmiş polis əməkdaşı bunu təkzib etsə də, Zülfüqar adlı başqa bir şəxsə mərc oyunlarına görə 70 min manat pul verdiyini təsdiqləyib.

Elvin Səmədov vurğulayıb ki, zərərçəkmiş bir çox məsələni təhrif edir, yalan danışır.

Elvin Həşimli istintaq və məhkəmə dövründə həbsdə olmayıb, onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilmişdi.

Möhkəm Səmədov tez-tez məhkəmə iclaslarında onun barəsində qətimkan tədbirinin dəyişdirilməsini, həbs olunmasını tələb edirdi. Lakin məhkəmə onun bu haqda vəsatətlərini təmin etməmişdi.

Meydan TV

Gözdən qaçırmayın:  Azərbaycanda daha bir benzin markası bahalaşdı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button