SEÇMƏ

“Məmurlar bazarı zəbt etməsə, kəndli özü məhsulunu satar”

Göyçayın kəndlərində nar yığımı başlayıb

Payız mövsümü gəldikdə, göyçaylı kəndlilər də bağlarda narların yığımına başlayır. Oktyabrın ilk ongünlüyündə start götürən faraş yığım hazırda intensivləşib. Sovet dövründə Göyçayın əksər kəndlərinin bağında rast gəlinən nar ağacları indi daha çox Bığır, Alxasava, Qarabaqqal, Qarayazı, Hacıalıkənd kəndlərində kütləvidir. Əvvəllər hektarlarla əkilən nar bağları indi daha çox həyətyanı sahələrdə, pay torpaqlarında qalır.

Mırtı kənd sakini Kamran İsayev Meydan TV-yə deyib ki, əvvəl bağında 100-dən artıq Gülövşə sort nar olub:

“Üç gündür yığmağa başlamışam. 50-yə yaxın nar ağacım var. Əvvəl 100-dən çox idi. Getdikcə istilikxanalara görə azalıb. Gəlirə görə narı çıxarıb istilikxana salmışıq. Bizim kənddə istilikxanaya tələbat artdı, çox kəndlilər çıxardı narı, istilikxana saldı. Çünki narın qiyməti, satışı sərf etmədi”.

Kamran İsayev deyir ki, əvvəllər bir ağacdan 50-60 kq nar yığılırdı. İndi isə 20-30 kq, bəzən 40 kq yığılır.

“Bu il hardasa 35-40 kq nar var. İri, qırmızı giləsi olan, meyxoş “Gülövşə”dir ağaclarım. Tələbat daha çox onadır. Bu yaşlı nar ağaclarına qulluq lazımdır, dibinə, özünə aqrotexniki qaydada qulluq getməli, gübrə verilməlidir. 30-35 illik ağaclardır. Dəstək olsa, alıcılıq yüksək olsa, yenidən artırmaq olar. Çürümə ötən il çox idi, bu il bizdə azdır. Yağış olan kimi çürümə artır, ona görə yağışa düşən kimi başlayır partlayıb çürüməyə. Bu il hardasa 30 kq-dan 5- 6 kilosu çürük olub” .

Kənd camaatında o pul olmadığı üçün nar bağını artıra bilmir”

Azərbaycanda yetişdirilən 70 sort narın 63-nü göyçaylı kəndlilər yetişdirib. İndi isə həmin məşhur sortlardan “Gülövşə”, “Bala Mürsəl”, “Vələs”, “Məhsəti”, “Qırmızı qabıq”, “Şahnar”, “Şıxbaba”, “Şirin” “Cır” nar sortları qalmaqdadır. Rayonun Bığır kəndində 330 hektar sahədə bar verən nar bağları var. 70 hektar sahə isə yeni əkiləndir. Bir neçə il öncə isə yaşanan maddi çətinliklərdən dolayı 100 hektarlıq özəl nar bağı ləğv edilib.

Bığır kənd sakini Elgünəş Qurbanov deyir ki, yeni salınan nar bağında “Donuzburnu” adlandırılan sənayə nar sortu əkilib, yəni xaricə satış üçün planlaşdırılıb. Əvvəlki Bığır narları isə adını qorusa da, təəssüf ki, bağların sayı azalmaqdadır. Deyir, suvarma, keyfiyyətli dərmanlar, kəndliyə kreditlərin verilməsi və alıcılıq qabiliyyəti güclü olan satış bazarlarının təminatı lazımdır ki, bağlar elə kəndlilər tərəfindən artırılsın:

“Bığırda əvvəlki kimi nar bağları qalmayıb, çoxunu kənd camaatı söküb, ehtiyac üzündən taxıl əkib. Dəmyə sahələrdir, su yoxdur suvarmağa, çətinlik yaranırdı. Vaxt vardı kolxoz dövründə su sistemi, kəmərləri olurdu. İndi həmin şərait yoxdur. İndi arxın suyu ilə dəmyə sahəni suvarmaqla nar bağı formalaşdırmaq olmur. Ona görə də taxıl əkilir o dəmyə əkinlərə. Bizdə Bığır 1 ərazisi var, ancaq narla məşğul olurlar”.

“Həqiqəti deyim ki, kəndlilərin çoxunun nar bağı salmamasına səbəb elə imkanlı adamlar, biznes sahibləridir. Çünki onlar gəlib sahələri alır, xərc çəkib bağ salır. Zəhmətkeş kənd camaatında o pul olmadığı üçün nar bağını artıra bilmir”, – kəndli danışır.

“Onlar əkir, məhsulu xaricə çıxarır. Kəndli isə az məhsulunu baha sata bilmir deyə artıra bilmir. Özəl şirkətlər, məmurlar bazarı zəbt etməsə, kəndli özü məhsulunu istehsal edib satar. Onlar yüksək miqdarda kredit götürür, kəndli götürə bilmir axı. Kəndliyə uzunmüddətli yüksək krediti vermirlər. O da fikirləşir ki, bir hektarı var, gəlirli məhsul əkib dolansın. Mənə 20 min kredit versələr, iki ildən sonra 10 ton nar verməyə gücüm var. Vaxtında peyin alaram, aqrotexniki qulluq edərəm. Yetişdirib sataram, yeddi ildən sonra krediti ödəyərəm. Amma verilmir”, – Elgünəş Qurbanov vurğulayıb.

Onun sözlərinə görə, bütün çətinliklərə baxmayaraq bığırlılar narı becərməkdə, əfsanəvi adı qoruyub saxlamaqda maraqlıdır. Özünün də bağında 50 ağacı var. Artıq on gündür kəndə yığıma start verilib. Ötən illə müqayisədə qiymətlər daxili bazarda 10-20 qəpik baha, məhsuldarlıq isə nisbətən artıqdır. Xarici bazara isə məhsul az göndərilir. Kəndlilər noyabr, dekabr aylarından etibarən daha baha qiymətə satışa maraqlıdır. Çünki mövsümündə deyil, qışda nar indiki qiymətlərdən 3- 4, hətta 6-7 dəfə baha satılır.

“Bığır narı deyəndə heç bir nar ona tay olmur”

“Kütləvi yığıma 20-dən başlamışıq, noyabrın sonuna qədər gedəcəyik. Eləsi var yığmır, sellofana salır, qoymur çürüməyə, yağış dəymir, partlatmır. Elə adam olur ki, 100 kq -nı sellofana salır, elə saxlayıb satır. O, baha olur. Əsasən indi dərdiyimiz məhsulu Göyçay bazarına çıxarırıq. Ordan alıb aparırlar. Bığırın özündən nadir adam xaricə satmağa nar aparır. O da gərək 10-20 nəfərin yaxşı və keyfiyyətli məhsulu ola ki, alıb Rusiyaya aparsın. Bizdə el dilində “dördün alıya gedən nar” deyirik, ən seçmə narlar yəni. Bir ağacdan 30-35 kq, hardasa 40 kq toplayırıq. Qiymətlər 50 qəpikdən manat yarıma kimidir”.

“Oktyabrda nar az yeməli olur, çünki tam yetişməyib. Əsas yeməli nar oktyabrın 25-dən sonra və noyabrda olur. Mən nar ağacından şəxsən dədə-baba sortlarına üstünlük vermişəm. Məsələn, “Gülövşə”. Bığırın nar sortu elə “Gülövşə”dir. Adicə “Vələs” nar sortu bizdə yaxşı olmur, o nar əsasən Alxasavada olur. Ancaq qalıcı nardır. Bizdə “Gülövşə” nar satandan sonra Alxasava vələsi satılır. Noyabrda yığılan narlar dekabrdan etibarən baha satılır. Hətta 4-ün 10-na olan narı 10-12 manata veririk. Belə 7-8 manata satılır il sonu”, – kəndli danışır.

Rayonun Alpoud, Qarağıdır, Ləkçıplaq kəndlərində də bağların sayı azalıb. Hətta Alpoud kəndində salınan iri nar bağı neçə ildir ki, diqqətdən kənarda qalıb.

Rayonun Qarabbaqal kəndində isə vəziyyət fərqlidir. Kənd icra nümayəndəsi Nicat Mahmudov deyir ki, 1765 təsərrüfat var ki, hamısında 20-25 ağac da olsa nara rast gəlinir. Onun sözlərinə görə, Qarabaqqal narı xarici, daxili bazarda seçilsə də, qiymətin qənaətbəxş olmaması sakinləri narı xurma, göyçə ağacları ilə əvəzləməsi məcburiyyətində qoyub. Nar yeşikləri isə növ və keyfiyyətindən dolayı 3-4, 4-5 manat arasında dəyişir.
İcra nümayəndəsinin fikrincə, Qarabaqqal, Bığır, Alxasava kəndlərində nar bağlarının dirçəldilməsi vacibdir.

“Narçılığın dirçəldilməsinə ehtiyac var”

Nicat Mahmudov deyir ki, kəndlilərə verilən pay torpaqlarında da narçılıqla məşğul olanlar var. Ancaq azdır. Çoxu çıxarıb yerinə xurma ağacları əkib ki, gəlirli olsun. Onun sözlərinə görə, yaxşı, keyfiyyətli, əla növ narın qiyməti yeşiklə 3-4 manatdır. Hətta 5, 2, 1 manata da verilir. Nardan – nara fərq var. Əsas alıcılar daxili bazardadır. Rusiyaya da seçmə məhsul alıb aparanlar var:

“Nar əsasın daxili bazara güclə çatır bizdə. Digər kəndlərin narı ucuz olur. Hardasa 30 qəpiyə, ən yaxşısı 55 qəpiyə. Məhsuldarlıq isə belədir ki, 30 kq bar verən də var, 50 kq verən də. Hətta 15 kq bar verən ağac da olur. Ötən il bizim kənddə məhsuldarlıq pis olmayıb. Bu işlə kütləvi və diqqətlə məşğul olunsa, camaatın dolanışığı üçün əlverişli ənənəvi sahədir”.
“Narçılığın dirçəldilməsinə ehtiyac var. Çünki Qarabaqalın, Bığırın və Alxasavanın yetişdirdiyi narı digər kənd torpaqları yetişdirə bilmir. Bu kəndlərin torpağı elə bil nar üçün yaradılıb. Göyçay narının qabığından tutmuş giləsi, şirəsi, şirəsindəki, toxumundakı vitaminlər belə fərqli keyfiyyət və dada malikdir”, – icra nümayəndəsi vurğulayıb.

Gözdən qaçırmayın:  Gələn il dövlət büdcəsindən təhsilə ayrılan vəsait artırılacaq

“Dövlət o dərmanlara kömək etsin, çünki bahadır”

Qarabaqqal kənd sakini Rizvan Babayev deyib ki, onun digərlərinə nisbətən geniş, 500 ağaclıq nar bağı var. Həmin bağ pay torpağıdır. Onun kimi 30-a yaxın şəxsin pay torpağında nar bağı var. Kolxoz dönəmindən qalan yaşlı nar ağacları illərdir məhsul verir . Bu il məhsildarlıq yaxşı olsa da, yarısı zədəli məhsuldur, yəni çürüməsi çox olub. Çünki hava şəraiti ilə bərabər ağaclar yaşlıdır, xüsusi aqrotexniki qulluq edilməli, yenisi ilə əvəzlənməlidir.

Rizvan Babayevin sözlərinə görə, dövlət sotuna görə gübrə ilə subsidiya versə də, bu, qane etmir. Maydan etibarən sentyabra qədər vurulan dərmanlar isə çox və bahalıdır. Torpaqların yuyulması və suvarılması da problemdir:

“Bununla iş bitmir axı. Nar həssas meyvədir, ona maydan sentyabra qədər 8 cür dərman verilir. Onu gedib özün alıb vurmalısan. Buna da dəstək lazımdır. Əgər bir ağac ən yaxşı halda 50 kq məhsul versə, 5 manatdan satışını hesabla, ən yüksək halda 250 manat edir. Hardasa bunun 200 manat aqrotexniki qulluq xərci edir. Ona görə hər il bu xərci çəkə bilmirik, çünki ona pul çatdırmaq olmur. Bu səbəbdən ildən ilə məhsuldarlıq dəyişir”.

“Əgər yüksək məhsuldarlıq istəyiriksə, gərək qulluq edək. Buna da maddi imkan lazım. Dövlət o dərmanlara kömək etsin, yəni qarşılasın, çünki bahadır. Dəmyə torpaqlar üçün suvarma sistemləri qurulmalıdır, su xətləri çəkilməlidir, torpaqlar yuyulmalıdır”, – Rizvan Babayev deyib.

Kəndli bildirib ki, ümumi 500 ağacdan 2-3 ton məhsul gözləyir: “Bağımda “Gülövşə” sortudur, burda daha çox tələbat onadır. Sulu, iridənəli, şirəsi çox, dadı meyxoş. Bir “latok”da 8-9 kq olur. O baxır narın sortu və keyfiyyətinə. 50-60 qəpiyə düşür kq-ı. Özümüz rayonun daxili bazarında satırıq. Narçılıq zavoduna isə çıxar narı veririk, yeşiyini 2 manat 50 qəpiyə”.

“Nar havaya həssas meyvədir, üstəlik elə də baha qiymətə getmir”

Həmin kəndin digər sakini 35 sot sahədə 70 ağaclıq nar bağı salıb. Adının çəkilməsini istəməyən kəndli deyib ki, vaxtilə Bığır, Qarabaqqal narçılıq sovxozu ölkədə nar istehsalına görə lider idi. 1000 hektarlıq nar bağından indi 300 hektar qalıb. O da daha çox fərdi təsərrüfatların payına düşür. Bağların artırılmasında isə satış qiymətlərini əsas götürür. Onun sözlərinə görə, ziyanvericilərə və xəstəliklərə qarşı dözümsüz meyvə olan narda çıxar məhsul artıb. Bu da zavoda satılır, alış qiyməti ucuzdur:

“Yığıma oktyabrın 10-dan başlamışam. Mənim nar ağaclarımın məhsuldarlığı hardasa 25-30 kq arasıdır. Ötən il də yaxşı olub, ancaq builki isti hava şəraiti məhsuldarlığa daha müsbət təsir elədi. 5-10 kq fərq var. Mən şəxsən daxili bazarda satıram. Ən iri, əla növ məhsulu 1 manat 50 qəpiyə, orta növ 1 manata, xırda narları isə 50 qəpiyə. Adətən kəndimizdən öz alıcılarımız olur. Bizdən dediyim qiymətə alıb, Bakıya və digər regionlara satırlar. Orda özləri baha qiymətə satırlar”.

Kənd sakini deyir ki, çıxar narları bir həftəyə yığıb satacaqlar: “Çıxar narı zavod şirə üçün alır. Bu il çıxar nar da çoxdur. Payızda yağış olan kimi çürümə, çatvermə oldu. Əlli- əlliyədir çıxar və saf məhsul. Hətta elə ağac olur, 70 faizi çıxardı. Nar havaya həssas meyvədir, üstəlik elə də baha qiymətə getmir. Dekabrda kiloqramla satsan 5-8 manatadır. Hətta əla növ narları 10-12 manata verənlər də olur. Amma o vaxta çox nar da saxlamaq olmur, mövsümündə satılır əsas. Ona görə də istənilən hava şəraitinə dözən və bol məhsul verən, üstəlik yaxşı qiymətə gedən xurma və göyəm bağlarına üstünlük verilir”.

“Satış baxımından Sığırlı narı Bığır narını üstələyir”

Mütəxəssislər deyir ki, nar bağlarının artırılması innovativ texnologiyaların tətbiqindən, fermerləri narahat edən təkliflərin nəzərə alınmasından, məhsulun brendləşdirilməsindən asılıdır. Məhşur meyxoş dadlı, şirəsi bol Göyçay narının qonşu regionlarda yetişdirilən narlardan fərqi isə onun süfrə sortu olmasıdır. Ona görə də daha çox daxili bazarın tələbinə uyğundur.

Göyçaydan fərqli olaraq Kürdəmir, Saatlı, Sabirabad, İmişli, Ağsu və Hacıqabul rayonlarında sənaye nar sortları yetişdirilir. Bu sortlar həm xarici görünüşə, həm də fərqli dada malik olsa da, xarici bazarda əsas yer tutur. Həm qalıcı, həm də dözümlüdür. Kürdəmirin Karrar, Sığırlı, Axtaçı, Ərəbqubalı kəndlərində 3 min hektardan çox nar bağları var ki, tonlarla məhsul mövsüm vaxtı Rusiya bazarlarına daşınır.

Sığırlı kənd bələdiyyə sədri Bayram Həsənov deyir ki, Sığırlıda min hektara yaxın nar bağları var. 5 min tona yaxın məhsul gözlənilir. Onun sözlərinə görə, Bığır narı məhşur olsa da, Sığırlı narı daha dadlı və tələbatlıdır:

“Bizdəki sənaye narına el arasında “donuzburnu” deyilir. Formasına görə narın burun hissəsi dik olur deyə belə adlanır. Rəngi çəhrayıya çalır. Bazar sortudur. Xarici görkəmində, iriliyində Göyçay narı görkəmlidir. Ancaq vitamin, dad baxımından Göyçay narından üstündür. Belə olmasaydı, Rusiya bazarlarında Sığırlı narına üstünlük verilməzdi. Satış baxımından Sığırlı narı Bığır narını üstələyir”.

Onun sözlərinə görə, bu narların kilosu 80 qəpik – bir manat arası dəyişir:

“Ötən illə müqayisədə 20 qəpik baha satılır. Ukraynaya da məhsul göndərmişik, bu il müharibəyə görə bir az zəif olacaq. Kənd camaatı 100 tonu yığıb satır, qalan məhsulu saxlayır sonraya. Kürdəmir narının 70 faizi Rusiyaya satılır. Qalanı daxili bazarda satılır. Elə gün olur on maşın çıxır Rusiyaya, bəzən də olur heç  4-5 gün çıxmır”.

“Narın yetişdirilməsində müəyyən çətinliklər var”

Göyçay Aqrar İnkişaf Mərkəzinin sədr müavini Teymur Talıbov Meydan TV-yə bildirib ki, hazırda rayonda 3339 hektar nar bağından 3301 hektarı bar verəndir. İndiyə qədər isə bağlardan 17 mindən çox məhsul toplanıb. Nar bağlarının azalmasını, fermerlərin yaşadığı problemləri və Göyçay narının xarici bazarda mühüm yer tutmamasını isə belə izah edib:

“Narın yetişdirilməsində müəyyən çətinliklər var. Belə ki, nar çox qulluqsevər, dərmanlar tələb edən meyvədir. Dərmanlama işlərinə nəzarət bizlik deyil, o işə Qida Təhlükəsizliyi Agentliyi baxır. Amma biz də maarifləndirmə işləri həyata keçiririk. Dərmanları necə, hansı mövsümdə verilməsinə nəzarət edilməsi istiqamətində. Deməzdim ki, nar bağları azalıb, sadəcə bizdəki dadlı və süfrə sortudur. Daxili bazarın ehtiyacını ödəyir. Normal da qiymətə satılır. Yeni bağlar da salınır, zamanla da bu işlər müzakirə olunur ki, artırılsın. Hətta taxıl sahələrindən nar bağına keçid də olub”. Teymur Talıbovun sözlərinə görə, Qarayazı, Qarabaqqal, Bığır kimi kəndlərdə bu potensial var. Kürdəmir və digər regionların Göyçay narı qədər alıcılıq qabiliyyəti olacaq daxili bazarı yoxdur. Ona görə də xaricə satırlar:

“ Suvarma ilə bağlı bizə müraciət olanda Göyçay Rayon Suvarma Sistemləri İdarəsi ilə əlaqələndirib problemin həllinə çalışırıq”.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button