2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Mənasız və gülünc mübahisə

Nizami kimindir?

Cəmiyyətdə belə bir fikir dolaşır ki, informasiya texnologiyaları müasir zəmanənin məhsuludur. Radio, televiziya, kompüter və smartfon, virtual sosial şəbəkələr informasiya texnologiyalarının yaranmasına təkan verib.

Kökündən yanlış fikirdir. Bu, ona bənzəyir ki, kimsə desin: avtomobil və təyyarə icad edilməmişdən insanlar hərəkət etmirdilər. Əlbəttə edirdilər, sadəcə sürət aşağı idi. Avtomobil və təyyarə yox idi, lakin insan hərəkət edirdi, okeanları və qitələri fəth edirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Eynilə insan ta binayi-qədimdən informasiya texnologiyalarından müxtəlif çeşiddə istifadə edib. Digər insana və ya insan toplumuna dürüst və ya bilərəkdən yanlış məlumatın şifahi və ya yazılı çatdırılması məgər informasiya texnologiyasının ünsürü deyil? Əlbəttə, şayiə və yalan xəbər, kütlənin diqqətinin əsas mətləbdən yayındırılması məqsədilə ortaya atılan mənasız mübahisəyə müstəsna əhəmiyyət verilməsi informasiya texnologiyasının təzahürü deyilmi?

Sözümün canı odur ki, elektron informasiya vasitələri olsa da, olmasa da, məlumat əzəldən ya dürüstdür, ya da yanlış. Cəmiyyətə yedizdirilən məlumat horrasının daima bir məqsədi olur. Aldatmaq, diqqəti yayındırmaq, arada əsl məqsədə çatmaq. Əsl məqsəd də binayi-qədimdən heç dəyişməyib: cəmiyyətin cilovunu əldə möhkəm saxlamaq, ümumi sərvətin şir payını mənimsəmək.

Çox sadədir, Vatson.

Azərbaycan KİV-ində şıdırğı gedən Nizami Gəncəvi mübahisəsini seyr edərkən ağlıma gələn birinci sual bu oldu: aya, özlərini bu dahi şair naminə fəda edən məxluqatın Nizami Gəncəvinin əsərlərindən, onların mahiyyətindən xəbərləri varmı? Əminəm ki, əsla yoxdur. Nizami bəşəriyyəti, cəmi müsəlmanları sülhə, barışa, anlaşmaya dəvət edirdi, heç vaxt demirdi ki, şeirlərim mübahisə, dava və nifrət mənbəyi olsun. Təəssüf ki, indi bu dahi şairin ədəbi mirası rəsmən özlərini müsəlman ölkəsi sayan İran və Azərbaycanda qarşılıqlı nifaq alətinə çevrilib. İran qəzəblə deyir ki, “Nizami bizimdir”, Azərbaycan eyni qəzəblə deyir ki, “Nizami bizimdir”.

Bu mənasız və elmdən xali mübahisələrin sırf siyasi məqsədləri var və onların Nizami irsinə zərrə qədər aidiyyatı yoxdur. Nizami onu oxuyanındır. Nizami onu oxuyub Nizami dərslərini anlayanındır. Nizami onu oxuyub ondakı insanpərvərliyi həyatının ümdə amalı seçənindir.

Nizami heç vaxt zalımın, saxtakarın, talançının tərəfində olmayıb və olmayacaq. Nizami, kimsə istəsə də, istəməsə də, belə şairdir. Nizami əzəldən Xeyrin dostu, Şərin qənimi olub.

Şərqşünas və ədəbiyyatşünas kimi KİV-dəki bu “Nizami kimindir” həngaməsinə acı kinayə ilə yanaşıram, zira İran və Azərbaycan cəmiyyətlərinin böylə bəsit düşüncə sahibi olması məni incidir. “İki vur iki eylər dörd” qədər bəsit olan bu mövzuya bu qədər mənasız ehtirasların qatılmasını binayi-qədimdən əsla dəyişməyən informasiya texnologiyaları vasitəsilə cəmiyyətlərin diqqətini əsas mətləbdən yayındırmaq cəhdi kimi qiymətləndirirəm.

Nizami Gəncəvi yaşayıb-yaratdığı əsrdə nə İran İslam Cumhuriyyəti, nə də Azərbaycan Respublikası olub. Kim və nəyin davasını aparır?

Ortada ədəbi irsinin yüz faizi fars dilində yazılmış bir şairin kimə mənsubiyyəti sualı durur. İİR deyir, onun əsərlərinin dili bizim dövlət dilimizdir, deməli, Nizami bizimdir. AR deyir kişinin familiyası Gəncəvidir, ömrü boyu Gəncədə yaşayıb, Cəncə bizim şəhərdir, deməli, Nizami bizimdir.

Mən öz fikrimi bildirmək istəyirəm, fəqət ürəyim deyir ki, ağalar və cənablar, sizə mən yox, Mirzə Ələkbər Sabir lazımdır ki, ürəyi soyuyana qədər sizə döşəsin.

Müxtəsər, başlayıram bizim gözəl-göyçək İİR “maralları”nın fars dili sübutundan. Ağalar, hər fars dilində şeir yazan şair sizindir? Əgər belədirsə, sizdən acizanə xahişim var: fars ədəbiyyatı müntəxəbatına bir görkəmli fars şairinin əsərlərini daxil edin. Əgər bu fars dilində özündən şeir divanı qoyub dünyadan köçmüş fars şairi haqqında xəbəriniz yoxdursa, sizə şad xəbər verim. Bu fars şairinin adı Osmanlı sultanı Səlim Yavuzdur. Həmin Sultan Səlim Yavuz ki, Səfəvi şahı İsmayıl Xətainin ordusunu Çaldıran çölündə darmadağın etmişdi.
Sevindinizmi? Necə deyərlər, “Nə yoğurdum, nə yapdım, sultan mövqeyində bir milli şair tapdım”.

Utanmayın, fars şairi Sultan Səlim Yavuzu qoyun farsca yazmış Cəlaləddin Ruminin, farsca yazmış  Əlişir Nəvainin yanına, istəsəniz, mən sizə on doqquzuncu-iyirminci əsrlərdə farsca şeir yazmış xeyli sayda abşeronlu pinəçinin və dükandarın adlarını göndərim, fars ədəbiyyatı tarixini zənginləşdirin.

Keçirəm AR ədəbiyyat “maralları”nın doğum və yaşayış yeri sübutuna. Əgər hər Azərbaycanda doğulub-yaşamış şair yaradıcılıq dilindən asılı olmayaraq bizim milli şairdirsə, xahiş edirəm mənim sevimli şairəm, Bayılda doğulub-böyümüş İnna Lisnyanskayanın adını salın Azərbaycan ədəbiyyatı dərsliklərinə. Fikir verməyin ki, İnna xanım rusca yazıb, əsas odur ki, bayıllı balasıdır. Bayıl isə, hamıya məlumdur, lap elə Gəncə kimi, Azərbaycan Respublıkasının ayrılmaz tərkib hissəsidir.

İnna Lisnyanskayanın adını bizim ədəbiyyat tarixinə salsanız, sizi əmin edirəm ki, şənimiz yüksələr, çünki o, indiki xalq şairlərimizdən bir baş yüksəkdə durur.

Xülasə, bizim mənasız mübahisə edən zır savadsızlara bəslədiyim qəzəbimi kinayə ilə soyudandan sonra oxucuma bəyan edirəm ki, “Nizami kimindir” sualının cavabını ədəbiyyatşünaslıq elmi çoxdan verib.
Əhvalat vaqe olur Avropada və müsəlman Şərqində, qədim zamanlarda və orta əsrlərdə. O zamanlar, əstəğfirulla, nə İran İslam Cumhuriyyəti var idi, nə Azərbaycan Respublikası, hətta Birləşmiş Millətlər Təşkilatı da yox idi. Nə sərhəd qoşunları, nə də gömrük var idi.  Heç Prezident Aparatı da yox idi.  Necə deyərlər, it yiyəsini tanımırdı.

Ə, bə nə var idi? Geniş ərazi var idi. Bu ərazidə müxtəlif qəbilə və tayfalar yaşayırdı. Avropada bu qəbilə və tayfaların əksəriyyəti xaçpərəst idi və İncildə yazılana inanırdı. Əhalinin mütləq əksəriyyəti yazılanı oxuya bilmirdi, çünki bisavad idi. Oxumağı bilən adamlar din xadimləri və tək-tük alimlər idi ki, onlar da toplaşmışdı monastırların ətrafına. İncil və yazılı nə var idisə, latın dilində idi. Latın dili Avropa qitəsinin ZONA dili sayılırdı, yazılanların hamısı latın dilində idi. Rotterdamlı Erazmus da, polyak Kopernik də öz əsərlərini latın dilində yazmışdılar.

Tarixin gedişatında tədricən REGİON dilləri (alman, ispan, ingilis, fransız) peyda oldu, və bu dillərdə müxtəlif xalqların nümayəndələri əsərlər yazdılar. Müxtəlif xalqların nümayəndələri REGİONAL ƏDƏBİYYATLAR yaratdı.

Bir neçə yüz il keçəndən sonra xalqlar və millətlər təşəkkül tapdı və MİLLİ dillər zühur etdi. Bu milli dillərdə yazan ədiblər MİLLİ ƏDƏBİYYATLAR yaratdılar.

İndi hər Avropa xalqının öz milli dilində ədəbiyyatı var, lakin onların savadı çatır ki, keçmiş zamanlarda ZONA və REGİON dillərində yaratmış ədibləri və alimləri ümumi mədəni və ədəbi dəyər sayıb bu xalqların ÜMUMİ İRSİ kimi qəbul etsinlər.

Ha indi keçirik müsəlman Şərqinə. İslam dini yayıldığı andan, qurban olaq Allaha və onun Qurani-Kəriminə, bütün müsəlman Şərqi ərəb dilində yazmağa başladı. Ərəb dili oldu Şərqin vahid ZONA dili, bu dildə indi özünü iranlı, qazax, özbək, azərbaycanlı sayan, bütün qəbilə, tayfa, xalq və millət adlandıran toplumların nümayəndələri yazırdılar.

Tarixin gedişatında Şərqdə üç REGİON dili yarandı: ərəb, fars və türk. Yenə müxtəlif xalqlar bu üç regional dildə yazıb-yaratdı. Azərbaycanda yaşayan Nizami, Xaqanı, Məhsəti, Beyləqani və başqaları öz əsərlərini REGİONAL fars dilində yazdılar. Həmçinin osmanlı sultanı Səlim Yavuz şeirlərini regional ənənəyə sadiq qalaraq farsca yazdı. Fəqət bu zaman artıq Şərqdə digər REGİONAL dillər yaranmağa başlamışdı və şair və padşah İsmayıl Xətai şeirlərini türkcə yazırdı.

Şərqdə MİLLİ dillər yaranmağa başlayandan sonra hər bir xalqın nümayəndəsi öz milli dilində yazdı, lakin ənənəyə sadiq qalıb region dilində yazanlar da oldu. Bayaq ərz etdim ki, Bakı kəndlərində adi insanlar özlərindən sonra fars dilində “sandıq ədəbiyyatı” qoyub gediblər. Onları mərhum Cəfər Rəmzi toplayıb və iki kitabda nəşr edib. İstəyən getsin kitabxanaya və Cəfər Rəmzinin “Deyilən söz yadigardır” kitabını oxusun.
Azərbaycanın, Türkiyənin, Türkmənistanın, İranın və İraqın əzəmətli və nəhəng şairi Məhəmməd Füzuli əl-Bağdadi əsərlərini üç regional dildə – ərəbcə, farsca və türkcə – yazmışdır. Füzuli bütün müsəlman Şərqini öz dahi əsərləri ilə birləşdirən misilsiz şairdir. İndi nə deyirsiniz, onu da başlayaq bölməyə? Füzuli kimindir? İraqındır? Türkiyənindir? Türkmənistanındır? Azərbaycanındır? İranındır?

Cavab çox sadədir. Füzuli bütün Şərqin dahi şairidir və onu özünkü sayan hər bir Şərq xalqının milli şairidir. Şeir və şair torpaq və ya neft mədəni deyil ki, onu böləsən. Şeiri və şairi bölmək lazım deyil, onu oxumaq və dərk etmək lazımdır.

Azərbaycanın Abşeron yarımadasında yerləşən Nardaran kəndində nadir bir ənənə var. Füzuli şerinin aşiqləri hərdən toplaşıb onun beytlərinin gizli mətləblərini, mübhəm mənalarını, dərin çalarlarını müzakirə edirlər. Bu kənd sakinləri Füzuli irsini bir çox elmlər doktorundan daha mükəmməl anlayırlar. Onlar ömürlərində Füzuli dünyasını dərk etməyə qadir olmayan siyasi dəllalların “Füzuli bizimdir” iddialarına rişxəndlə yanaşırlar.

Nəhayət, üzümü tuturam “Nizami bizimdir” deyən azərbaycanlılara qəzəblənən iranlı alim, jurnalist və siyasilərə. Niyə qəzəblənirsiniz? Qəzəblənməyin, sevinin. Zərrə qədər məntiqi düşünə bilirsinizsə, deyin:

“Bəli, Nizami Azərbaycan şairidir! Farsca yazmış Nizami Gəncəvi həm İranın, həm də Azərbaycanın şairidir. Çünki Azərbaycan xalqının elmi, mədəni və ədəbi irsinin çox mühüm hissəsi fars dilində yazılıb. Çünki indi iki millətə bölünmüş bir xalq vaxtilə vahid ədəbi dil sahibi olmuşdu. İranı və Azərbaycanı tarixin gedişatı iki müxtəlif dövlətə bölmüşdür, lakin tarix bizim vahid mədəni və ədəbi irsimizi bölə bilməz. Nizami və digər farsca yazmış Azərbaycan şairləri və alimləri bizim yaxın qohum olmağımızın danılmaz sübutlarıdır. Nizami bizim ümumi ulu babamızdır. Biz vahid bir ulu babadan törəmiş qardaşlarıq, azı, əmi uşaqlarıyıq. Mübahisəli məsələlər varsa, gəlin bu məsələləri yaxın qohum kimi, Nizami vəsiyyət etdiyi kimi, əqlin və imanın gücü ilə, ədalətlə və barışla həll edək”.

Vəssalam, bu mənasız mübahisələrə son qoymağın vaxtı çoxdan çatıb. Bəsdir dünyanı özümüzə güldürdük.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button