Now Reading:
“Məncə Lavrova sual verən jurnalistin işdən qovulması təşəbbüsü Polad Bülbüloğlundan gəlib”

“Məncə Lavrova sual verən jurnalistin işdən qovulması təşəbbüsü Polad Bülbüloğlundan gəlib”

Mehman Əliyev: “Lazım olanda pulunu verir, lazım olanda işdən çıxarır”

24saat.org saytı Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə müsahibəni təqdim edir.
– Lavrovun son bəyanatını necə qiymətləndirirsiniz. Nəzərə alaq ki, bu haqda ona sualı Lider Televiziyasının əməkdaşı vermişdi və sonda da işdən çıxarıldı…

– Məsələyə münasibətim konkretdir. Bir var bəhanə, bir var səbəb. Bəhanə kimi baxanda Lider Televiziyasının əməkdaşının sualı açıq təxribat xarakterində idi. Mən hesab edirəm ki, siyasi baxımdan jurnalist sualı belə formada qoymamalı idi. Yəni əgər, müharibə başlasa Rusiya göz yumacaqmı, Azərbaycanın daxili işinə qarışacaqmı ya qarışmayacaqmı və s. Məncə sualda provokasiya var idi. Əslində konfliktin yaranma dövrü olan SSRİ zamanında bunu Moskva həll edirdi. Sonra ATƏT-in Minski Qrupunun yaradılması ideyası ortaya çıxdı. Biz bu ideyanı dəstəklədik, razılığımızı verdik. Minsk Qrupu bu proseslə məşğuldur. Qrupda isə ABŞ, Fransa və Rusiya təmsil olunur. Bu proses ATƏT çərçivəsində həll edilir. 1993-cü ildə Kəlbəcər hadisəsindən sonra Bakı məsələni BMT səviyyəsində qaldırdı. Demək istəyirəm ki, Qarabağ konflikti daxili məsələdən beynəlxalq məsələyə çevrilib. Bu gün də, beynəlxalq aləm məsələnin tənzimlənməsində, danışıqlar prosesinin aparılmasında bilavasitə iştirak edir. Üstəlik onların qərarı və razılığı olmadan nə Azərbaycan, nə də Ermənistan bir addım ata bilməz. Bu faktiki olaraq reallıqdır. O mənada belə sual qoyulanda müvafiq də cavab veriləcəkdi. Başqa cür necə cavab olmalı idi? Bu məsələnin bir tərəfi. Amma bu məsələnin arxasında həm də səbəb var.

– Siz nəyi nəzərdə tutursunuz?
– Bu gün Rusiya ilə Azərbaycan arasında silah sazişi haqda danışıqlar gedir. İlham Əliyev bunu Davosda rəsmən elan etdi. 2010-cu ildə bağlanan sazişə əsasən biz Rusiyadan 5 milyardlıq silah almışdıq. İndi də yeni saziş ətrafında müzakirələr gedir. Əsas da silahın miqdarı və qiyməti məsələsidir. Yəni daha çox silah almaq, daha az pul vermək bizim marağımızdadır. Qarşı tərəf də təbii ki, daha çox pul əldə etməkdə maraqlıdır. Odur ki, alver, ticarət gedir. Raqozinin Bakı səfəri də bununla bağlı idi. Tərəflər müəyyən mənada bundan istifadə edir.
İkincisi, Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinə baxın. Son zamanlar böhran nəticəsində imkanlarımız tükənib, bu sahəyə çox maliyyə ayrıla bilmir. Hansı ki, ticarət əlaqələr 4 milyarda çatmışdı. Ona görə də, bu məsələyə də baxılır. Özü də, sizə deyim ki, bu ticarət əlaqəsi daha çox Moskvanın xeyrinədir. Çünki biz onlardan daha çox alırıq. Onlara da kartof və pomidordan başqa bir şey vermirik. Onlar da istəyir ki, biz daha çox alaq, Rusiya bazarına daha çox investisiya qoyaq. Yəni burada vəsaitlər ətrafında danışıqlar gedir. Azərbaycan tərəfi də çalışır ki, mümkün qədər az vəsait versin və s. Bu məsələlər də birbaşa bağlıdır Dağlıq Qarabağ məsələsinə. Bizimkilər vəsaitlər verməyə, buna getməyə hazırdır, amma Rusiyadan Qarabağ məsələsində Azərbaycanın mövqelərini dəstəkləməyə çalışırlar. Bu istiqamətdə müəyyən qədər proseslər gedir. Ona görə də, Lavrovun bəyanatı, ondan əvvəl Bardujanın fikirləri, “Qarabağ Respublikası” ifadəsi demək və s əslində yumşaq təzyiqlər formasıdır. Məqsəd odur ki, Azərbaycan daha çox konstruktiv olsun. Azərbaycan-Rusiya münasibətləri tarixinə baxanda görərik ki, bu proses daima gedib. Bu mənada hesab edirəm ki, münasibətlər belə davam edəcək, təbii ki, alver də olacaq və Rusiya Qarabağ məsələsində bizə daha yaxın olacaq. Necə ki, aprel döyüşlərində bunu gördük.

– Deyirsiniz ki, əsas münasibətlərdir və jurnalistin işdən qovulması normal haldır?
– Mən demirəm ki, onun işdən qovulması yaxşı haldır. Nəzərə alın ki, söhbət muzdlu jurnalistdən gedir. Vaxtı ilə işə götürüblər, indi də çıxarırlar. Özü də, söhbət Lider Televiziyasından gedir. Bu televiziya kanalı kobud şəkildə peşə əxlaq kodeksini pozan qurumdur. Necə ki, digər kanallarda da bu var. Eləcədə “Televiziya haqqında” qanunu pozan telekanaldır. Digər kanallar olduğu kimi Lider Televiziyası da hakimiyyətin nəzarətində olan kanaldır. Lazım olanda pulunu verir, lazım olanda işdən çıxarır. Mən hesab edirəm ki, o çərçivədə belə qaydalar normadır. Mən bilmirəm sonuncu dəfə kimi işdən çıxarmışam. Heç yadıma gəlmir. Əlbəttə, bizdən kimlərsə işdən gedib, amma mən deməmişəm ki, səni işdən çıxarıram. Amma onlarda bu qaydalar normaldır. Üstəlik də Rusiya tərəfinə göstərmək ki, bu həmin jurnalistin özfəaliyyətidir, onun arxasında Azərbaycan tərəfi durmur. Başqa bir şey yoxdur.

– Çoxları hətta deyirlər ki, həmin jurnalistin işdən çıxarılması üçün Moskvadan Bakıya zəng gəlib. Sizcə, bu nə dərəcədə inandırıcı və realdır?
– Məncə, Rusiyadan telefon zəngi gəlməzdi. Bildiyim qədər təşəbbüs Polad Bülbüloğlundan gəlib. Çünki Polad Moskvada oturub, Kremli daha yaxındır. Bu səbəbdən də gərginliyi o daha yaxşı hiss edir. O da, buna daha çox reaksiya verdi. Bütövlükdə mən hesab edirəm ki, bu sual Anar Həsənovun öz təşəbbüsü ilə olub. Ancaq sual peşəkarlıq baxımından professional deyildi.

– Bəyəm jurnalist istədiyi sualı verə bilməzmi?
– Verə bilər. Amma mən deyirəm ki, Azərbaycan Rusiyaya hücum etsə, Rusiya ona cavab verəcək? Bunu vermək olar sizcə? Təbii ki, qarşı tərəf də deyəcək ki, 10 misli cavab verəcəyik. Bu halda nə cavab verəcəm? İndi sən azad jurnalistsənsə, ver bu sualı. Axı verdiyin sualın da arxasında konkret nəsə durmalıdır. Yəni biz sualı ona görə vermirik ki, sualı sual xətrinə verək. Əksinə, ona görə, sual veririk ki, nəyisə təsdiqləyək, dəqiqləşdirək, hansısa fikri çatdıraq. Sualı o formada olmaz. Yuxarıda konfliktin nəyə görə, daxili iş olmadığını əsaslandırdım. Sən jurnalist də birinci növbədə bilməlisən ki, bu daxili məsələ deyil. Bundan sonra sualının qoyuluşunu hazırlamalısan.

– Ancaq sosial şəbəkədə fərqli atmosfer mövcuddur…
– Bəli. Hətta televiziyada çıxış edirlər, Tofiq Zülfüqarov danışır. Deyirlər ki, bu, bizim daxili işimizdir. Axı biz Minsk Qrupunun üzvüyük. ATƏT və BMT-yə vaxtında müraciət etmişik və sonda beynəlxalq vasitəçilik institutu formatında Minsk Qrupu yaradılıb. Əgər, bu bizim daxili işimizdirsə, onda Minsk Qrupuna, ATƏT-ə deyək ki, rədd ol ölkəyə, sənin bizə dəstəyin lazım deyil. Bu bizim daxili işimizdir və nə istəyiriksə edəcəyik! Sizcə, biz bunu edə bilərik?

– Xeyir, edə bilmərik…
– O halda niyə uşaq kimi danışırıq. Biz ciddi adamlarıq. Üstəlik də ictimai fikri niyə aldatmalıyıq? Bir daha qeyd edirəm ki, sualı verəndə qarşındakından nəsə almağı bilməlisən. Elə sual etməməlisən ki, sonra deyəsən ki, üzr istəyirik. Bizdə aşağı səviyyədə Lavrova qarşı kifayət qədər kəskin ifadələr işlədilir. Amma dövlət səviyyəsində mülayim, yumşaq münasibət var. Bizim rəsmilərimiz bununla bağlı sərt reaksiya vermir. Çünki sonra vəziyyət bir qədər də şişəcək.

24saat.org

Input your search keywords and press Enter.