Now Reading:
“Mənim nəzir qutuları ilə nə işim var?” – Şeyxülislam

“Mənim çoxlu mülküm olması ilə bağlı deyilənlər iftiradır, təxribat məqsədi ilə yayılır”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə idarədə 31 Mart – Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbirdə bildirib.

O qeyd edib ki, bununla bağlı ölkə başçısı ilə də söhbəti olub: “Gizlətmirəm, mənim prezidentlə söhbətlərim olur. Onda da heyrətimi gizlətmirəm ki, bu qədər iftiranın səbəbi nədir. Deyirlər, şeyxin xaricdə, ya da burda çoxlu mülkü var. Bunların hamısı təxribatdır. Əvvəla, sevinin ki, sizin şeyxiniz bu cür güclü olsun. İkincisi isə xaricdən onsuz da dini liderə qarşı iftira var, bunu daxildə də davam etdirməklə nə əldə edirsiniz? Xaricdən həm prezidentimizə, həm də mənə – şeyxülislama qarşı belə çirkin təxribatlar törədilir. Ölkə daxilində bəziləri “prezidentə qarşı deyiləni qəbul etmirəm, amma şeyxə haqqında deyilənlər düzdür”, – deyir. Bu, necə olur? Demək, sən təxribatla yenə də barışmış olursan. Deyirlər, nəzir qutularına nəzarət edirəm və sair. Yalandır. O qutularla mənim nə işim var?” (APA)

24saat.org xatırladır ki, bir neçə il öncə Şeyxin xaricdə mülklərinin olması barədə mediada məlumatlar dərc edilmişdi. Məqalədə deyilirdi ki, Paşazadə qardaşlarının Çexiyada bir neçə mülkü var:

“Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin «Karlovy Vary Libušina 2120/21» ünvanında mənzili var. Onun qardaşı, deputat Cavanşir Paşazadənin də mənzili «Karlovy Vary Libušina 2120/21» ünvanında yerləşir. Yazıda qeyd olunur ki, bu ünvanda «Bohemia» mənzil kompleksi yerləşib ki, burada mənzilin kvadratmetri hazırda 3 min 900 avrodur. Paşazadə qardaşlarının 2008-ci ilin mayından «AYNUR KV» şirkətinin direktoru olmaqları da vurğulanır”.

Həmçinin Allahşükür Paşazadənin Çexiyada biznesinin olduğu haqda məlumatlar yayılıb. Həmin məlumatlardan birində fotolar, Çexiyanın müvafiq qurumlarının reyestr məlumatları təqdim olunub.

Sitat: “Marketa Şpişakova adlı bu çex qadın Şeyxülislam Allahşükür Paşazadənin şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Allahşükür Paşazadənin və Milli Məclisin deputatı Cavanşir Paşazadənin Çexiyada, Karlovı Varıda açdığı ”Aynur KV” şirkətinin ortağı olub. Qadının valideynləri də 3 şirkətə sahibdirlər”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.