Loading...
Loading...
SEÇMƏ

Mərhum deputatın məhkəmədə ittiham etdiyi qardaşı həbsdən buraxıldı

Yayımlandı: 31 Avqust 2022 14:47

Elşən Cəbrayılovun zərərçəkmişlərin pullarını ödədiyi bildirilir

Bir il öncə həbsdə vəfat edən sabiq deputat Rəfael Cəbrayılovla bağlı cinayət işində adı keçən qardaşı, aprel ayından həbsdə olan Elşən Cəbrayılov təxminən bir ay öncə buraxılıb. Bu barədə məlumatı Baş Prokurorluğun mətbuat xidməti də təsdiqləyib.

Baş Prokurorluqdan bildirilib ki, Elşən Cəbrayılovla bağlı cinayət işi üzrə Nərimanov Rayon Polis İdarəsində istintaq davam edir. O, sadəcə, ev dustaqlığına buraxılıb.

Hündürmərtəbəli yaşayış binaları və obyektlərin tikintisilə məşğul olan “Dərhal” MMC-nin rəhbəri Elşən Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. O, şikayətlər əsasında aprelin 11-də saxlanmış, istintaq dövründə həbsdə saxlanması haqda qərar almaq üçün aprelin 13-də məhkəmə qarşısına çıxarılmışdı. Lakin Nərimanov Rayon Məhkəməsində onun haqqında həbs qərarı verilməmiş, istintaq dövründə azadlıqda qalması məqsədəuyğun sayılmışdı.

Bu qərardan prokurorluq protest verəndən sonra Bakı Apelyasiya Məhkəməsində aprelin 22-də onun həbsinə qərar verilmişdi. O, 4 ay həbsdə saxlanandan sonra ev dustaqlığına buraxılıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, zərərçəkmiş qismində tanınan şəxslərin pulları ödənilib. İstintaq orqanı bunu nəzərə alaraq, onun istintaqın bundan sonrakı mərhələsində həbsdə saxlanmasına ehtiyac görməyib.

2005-2019-cu illərdə Milli Məclisin deputatı olmuş, 2021-ci ilin sentyabrında həbsdə vəfat edən Rəfael Cəbrayılovun məhkəməsində də qardaşının adı çox hallanırdı. Elə onun özü də başına gələnlərə görə qardaşını ittiham edirdi.

Elşən Cəbrayılov qardaşının işi üzrə şahid kimi dindirilsə də, Rəfael Cəbrayılovun ölümündən sonra xanımı məhkəmədə vəsatət qaldırıb, qaynının həbs olunmasını istəmişdi. Sabiq deputatın hüquqi varisi qismində tanınan Aidə Cəbrayılova iddia edirdi ki, həyat yoldaşının həbs olunmasına görə Elşən Cəbrayılov günahkardır. Cinayət işində zərərçəkmiş kimi tanınan vətəndaşların bir çoxunun aldadılmasında Elşən Cəbrayılovun təqsiri var.

Elşən Cəbrayılov isə ittihamları qəbul etmir, əksinə, qardaşının üzündən bütün bizneslərini, əmlaklarını itirdiklərini iddia edirdi.

Mərhum Rəfael Cəbrayılov da Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham olunurdu.

2019-cu ildə Cəbrayılovun 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyması məsələsi üzə çıxandan sonra o, mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etmişdi. 2019-cu ilin sentyabrında MSK onun mandatdan məhrum edilməsi haqda qərar çıxarmışdı.

Bakı Ağır Cinayətlər Məhkəməsi Rəfael Cəbrayılovu təqsirli bilsə də, onun ölməsi səbəbilə barəsindəki cinayət işinə xitam verildi.

Gözdən qaçırmayın:  Bələdiyyə sədrinin məhkəməsi: “Ona 200 min manat pul göndərmişəm…”

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button