Sosial

Məscidlərdə 50 nəfərlik yasağa məhkəmədə baxıla bilər

Vəkil Elmar Süleymanov məscidlərdə 50 nəfərlik yasağı ayrıseçkilik sayır.

Onun fikrincə, bu qərarı çıxaran Nazirlər Kabineti də, başqa qurumlar da məhkəmə önündə cavab verməlidir.

Qadağanla əlaqədar bir müddət öncə Nazirlər Kabinetini məhkəməyə verən vəkil vəsatət qaldırıb ki, Qafqaz Müsəlmanları İdarəsi, “Hacı Əjdərbəy” məscidi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də cavabdeh kimi tanınsın.

Bu məsələyə Bakı İnzibati Məhkəməsində hakim Orxan Həsənov baxır. O bu şikayətin araşdırılıb-araşdırılmaması məsələsinə avqustun 16-da keçiriləcək növbəti məhkəmə iclasında qərar verəcək.

Vəkil Süleymanov məscidlərdə 50 nəfərlik yasaq məsələsini mülki qaydada Nəsimi rayon Məhkəməsində də mübahisələndirir.

Bu məhkəməyə iddia ərizəsində elə öncədən Nazirlər Kabinetini, Qafqaz Müsəlmanları İdarəsini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini və “Hacı Əjdərbəy” məscidini cavabdeh qismində qoymuşdu.

Bəs qeyri-dini məkanlara…

Ancaq məhkəmənin hakimi Anar İbadzadə iyulun 26-da bu iddiaya baxılmasını yolverilməz sayıb. Elmar Süleymanov bu qərardaddan apellyasiya şikayəti verəcəyini bildirib:

“Sahəsi təxminən 4 min kvadratmetr, təxminən 3 min nəfərin ibadət edə biləcəyi məscidlər var. Belə yerlərdə 50 nəfərdən artıq şəxsin toplanmasına qadağa qoyulub. Amma sahəsi bundan dəfələrlə az olan qeyri-dini məkanlara 50 nəfərdən artıq şəxsin toplanmasına heç bir qadağa yoxdur. Bu, ayrı-seçkiliyin bariz nümunəsidir”.

Vəkil özəlliklə pik saatlarda paytaxtın ictimai nəqliyyatındakı sıxlığa, iri ticarət mərkəzlərindəki minlərlə insana diqqət çəkən vəkil ibadət yerlərinə 50-dən çox inanclıya qadağa qoyulmasını dini etiqad azadlığının məhdudlaşdırılması sayır:

“Bu məhdudiyyət 50 nəfərlik kvotaya düşə bilməyən, ibadət kimi konstitusion hüquqa malik minlərlə insanın, o cümlədən mənim dini etiqadıma süni maneələr yaradır. Nazirlər Kabinetinin bu qadağası insan hüquqları və azadlıqlarına təminat verən Konstitusiyaya və beynəlxalq hüquqa ziddir”.

Pandemiya dövründə Azərbaycanda məscidlərdə kütləvi ibadət yasaqlanmışdı. Ancaq mayın 26-da Nazirlər Kabineti iyunun 10-dan 50 nəfəri aşmamaqla məscidlərdə toplaşmağa icazə verib.

24 saat” “Məscidlərdə 50 nəfərlik yasağa məhkəmədə baxıla bilər” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button