2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Mədəsi yerində olan Tağı müəllim bir mədəsizə 3 milyon verəndə niyə soruşmayıb ki…”

“MTN işi ölkəmizin nə dərcədə zəngin olduğunu əyani şəkildə sübut etdi…”

 

Saytların yığılması Saytlarin yigilmasi
Zənginlik və ölməzlik
 
Əbədiyyət və ölməzlik xalqdadır və xalqdadır.
Mirzə İbrahimov
Azərbaycan cəmiyyəti şokdadır. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalları hər ay Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən 150 min dollar “haqq” alırmış. Çovdarovun 32.256.900 manatlıq mülklərinə həbs qoyulub. Cahangir Hacıyevin məhkəməsindən məlum oldu ki, Beynəlxalq Bankdan 49 nəfərin adına 17.240.555 dollar və 33.253.907 manat kredit ayrılıb. C.Hacıyevin ailə üzvlərinin adına plastik kartlarda açılan hesablar üzrə 16 ədəd plastik kartlar vasitəsi ilə 30.628.727 dollar və 9.368.007 avro, 3.433.931 ingilis funt sterlinq, eləcə də 8.616.062 manat mənimsənilib. Tağı Əhmədov Çovdarova 3.000.000 manat pul verib və s. Hələ bu harasıdır: papaq altında yatan xeyli belə kişilər var…MTN işi ölkəmizin nə dərcədə zəngin olduğunu əyani şəkildə sübut etdi…
Nədənsə, bizdə korrupsionerlər elə bil ki, bir-biriləri ilə yarışa giriblər. Mən bizim məmurların bu qədər vəhşi iştahının səbəblərini çox aradım. Cavabın əsas hissəsini 1998-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Hindistan iqtisadçısı Amartiya Senin “İnkişaf azadlıq kimi” əsərindən tapdım. Həmin kitabdan: “Kifayət qədər imkanlı ailə cütlüyü aralarında daha çox pul qazanmağın yollarını müzakirə edirlər. Bu söhbətin eramızdan əvvəl VII əsrdə aparılmasına baxmayaraq indi də xüsusi maraq kəsb edir. Sanskrit mətni olan “Upanişad”a görə Matreya adlı qadın və onun əri Yadjnyavalkya söhbət əsnasında sualı daha geniş qoyurlar: zənginlik hesabına bütün istəklərə nail olmaq mümkündürmü? Matreya bilmək istəyirdi ki, Yer üzünün bütün xoşbəxtlikləri ona nəsib olsa ölməzliyə çata bilərmi? “Yox, – dedi Yadjnyavalkya, sən bütün varlı insanlar kimi yaşayacaqsan. Ümid etmə ki, zənginlik vasitəsilə ölməzlik əldə edə biləcəksən. Matreya cavab verir: “Əgər ölməzlik əldə edə bilmərəmsə, onda bu qədər var-dövlət mənim nəyimə lazımdır? Onun bu ritorik sualı əsrlər boyu hind fəlsəfəsində təkrarlanır. Bu ailənin qaldırdığı problemin inkişafın mahiyyətinin anlaşılmasında və iqtisadiyyatla birbaşa bağlılığı var. Burda söhbət binəva Matreyanın əbədi yaşamaq istəyindən getmir. Ondan gedir ki, güclərin əlində həlak olmamısansa, həqiqətən çox yaşamısan, səfil və yoxsulluq içərisində yaşamamısansa, demək varlı olmusan. Bu iki şeyi bütün insanlar istəyir. Yəni sonsuz varlanmağa meyl ilə insan həyatına daha geniş baxış arasındakı uçurum cəmiyyətin inkişafının əsas problemidir”.
Bu gün dünyanın imkanlı adamları sonda ölməyi göz önünə gətirib, varidatlarını paylayırlar, xeyirxah işlər görürlər. Bu həm də böyüklük əlamətidir. İndi görün, təkcə yuxarıdakı korrupsiya məbləğindən neçə məktəb və uşaq bağçası tikmək olardı, mən hələ yüzlərlə gəncin təhsilinə dəstəyi demirəm. Mətbuatdan oxudum ki, Çovdarovun mədəsini götürüblər. Mədəsi olmayan bir adamın iştahasına baxın?!
Mədəsi yerində olan Tağı müəllim bir mədəsizə 3.000.000 manatı verəndə niyə soruşmayıb ki, ay qardaş, bu pulu necə yeyəcəksən? Yeri gəlmişkən, onun jurnalistlərə qarşı aqressivliyi yəqin ki, o vaxtlara təsadüf edirmiş.
Bəli, zənginlik ölməzliyə aparmır, cənab məmurlar! Gedən məhkəmə prosesləri onu göstərir ki, korrupsiya çox təhlükəli fenomendir. Topladığınızı xeyirxah işlərə, yaxud dövlətimizə qaytarın. Bu vəsaitlər müstəqil dövlətimizindir, axı!
Amartiya Sen haqlıdır. Öz əcəlinlə ölmək, çox yaşamaq, səfillik və yoxsulluğu görməmək isə varlı olmaq deməkdir. Mənəvi rahatlıq elə sonuncu prinsipdən irəli gəlir…
Etibar Əliyev, fəlsəfə doktoru

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button