2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Məhkəmə Bəxtiyar Hacıyevi həbsdən buraxmamaqda israrlıdır

Yayımlandı: 1 Fevral 2023 22:47

İctimai fəalın anası aksiya keçirib

Yanvarın 9-dan həbsdə aclıq edən ictimai fəal Bəxtiyar Hacıyevin vəkilləri onun ev dustaqlığına buraxılması üçün yenidən məhkəməyə vəsatət verib. Vəsatətə fevralın 1-də Xətai Rayon Məhkəməsində baxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkillərin Meydan TV-yə verdiyi məlumata görə, məhkəmədə Bəxtiyar Hacıyev özü də iştirak edib. O, təqsirsiz olduğunu, sifarişlə həbs edildiyini vurğulayıb.

İctimai fəal deyib ki, aclığın onun səhhətində yaratdığı problemlərə baxmayaraq, aksiyanı dayandırmayacaq. Çünki təqsirsizdir, heç bir cinayət törətmədiyi halda, həbs olunub. Ona görə də bu yolla qanunsuz həbsinə etiraz edir.

Vəkilləri də Bəxtiyar Hacıyevə qarşı ittihamların əsassız olduğunu bildiriblər. Müdafiəçilər deyir ki, hətta ittiham əsaslı olsa belə, onun təqsirləndirildiyi əməl ağır cinayətlər kateqoriyasına aid deyil, yaşadığı yer məlumdur, tanınmış şəxsdir. Bütün bunları nəzərə alaraq, onu istintaq getdiyi müddətdə həbsdə saxlamaq üçün əsas yoxdur.

Məhkəmədə iştirak edən müstəntiq isə əksinə, Bəxtiyar Hacıyevin həbsdən buraxılmasına etiraz edib. O bildirib ki, onun həbsdən buraxılması istintaqın gedişinə mane ola bilər.

Hakim də qısa müşavirədən sonra vəsatətin təmin olunmadığını açıqlayıb.

Vəkillər bildirib ki, bu qərardan apelyasiya şikayəti veriləcək.

Bəxtiyar Hacıyevin müdafiəçiləri bundan öncə üç dəfə onun ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verib, heç biri təmin olunmayıb. Həmin qərarlardan Bakı Apelyasiya Məhkəməsinə verilən şikayətlər də nəticəsiz qalıb.

24 gündür aclığı davam etdirən Bəxtiyar Hacıyevin həbsdən göndərdiyi məktub yayılıb. İctimai fəal yazır:

“Azərbaycan siyasi hakimiyyəti dünyadan ədalət tələb edir, amma öz vətəndaşını qondarma, müstəsna həyasızlıqla açılmış cinayət işi üzrə həbsdə saxlayır. Siyasi hakimiyyət Qarabağda yaşayan ermənilərə Azərbaycan Konstitusiyasında təsbit olunmuş hüquqları təmin edəcəyini deyir, ancaq özünün ölkədə və beynəlxaq təşkilatlarda tanınan  bir vətəndaşını şərləyir, həbs etdirir, həbsdə ölümə məhkum edir. Siyasi hakimiyyət Azərbaycan əsgər və zabitlərinə güllə ataraq onları şəhid etmiş erməni diversant və snayperlərə humanizm nümayiş etdirərək, onları azad edir, öz vətəndaşını isə şərləyərək həbs etdirir, aclıq aksiyası nəticəsində ölümə yaxınlaşmasını izləyir. Hakimiyyət Qərbi Azərbaycan İcmasını yaradaraq Ermənistandan bu icmaya ədalət tələb edir, ancaq bu icmanın tanınmış şəxsini həbs etdirir, şərləyir, ölümə məhkum edir”.

Solida Mövlayeva. Foto: Turan.az

Fevralın 1-də Bəxtiyar Hacıyevin anası Solida Mövlayeva İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva ilə görüş tələbi ilə Ombudsman Aparatının qarşısında etiraz aksiyası keçirib. O, oğlunun heç bir təqsiri olmadığı halda, nahaqdan həbsdə saxlandığını, 24 gün davam edən aclıq nəticəsində səhhətində kəskin problemlər yarandığını və ölümün astanasında olduğunu vurğulayıb, Ombudsmanın bu məsələyə həssas yanaşmasını, Bəxtiyar Hacıyevlə görüşməsini tələb edib.

Solida Mövlayevanı Ombudsman Aparatının şöbə müdiri İbrahim Abdullayev qəbul edib.

Penitensiar Xidmətdən də Bəxtiyar Hacıyevin durumunun diqqətdə saxlandığı, onun həkim nəzarətində olduğu bildirilib.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button