2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Xədicə İsmayıl: ”Məlumatı vəsatət kimi hakimin əli ilə vəkilə ötürdüm” – VİDEO

Araşdırmaçı jurnalist Xədicə İsmayıl 2014-cü ilin 5 dekabrında həbs olunub. Jurnalist mənimsəmə-israfçılıq, qanunsuz sahubkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə maddələrilə 7,5 il azadlıqdan məhrum edilib. Bu il mayın 25-də o, qanunsuz sahibkarlıq və vergidən yayınma maddələri saxlanılmaqla 3,5 il şərti cəza ilə azad olunub, ona 5 il ölkədən çıxmağı və vəzifə tutmağı qadağan ediblər.

  • Xədicə xanım, söhbətimizin girişində sadaladıqlarımızda təhrifə yol vermədik ki?
  • Verdiniz, yəni mənə qarşı irəli sürülən maddələrin hamısını demədiniz. Mən həbs olunanda Cinayət Məcəlləsinin 125-ci maddəsi irəli sürüldü, özünü öldürmə həddinə çatdırma. Sonra bunu iddia edən adam ifadəsini MTN-nin təzyiqi altında verdiyini etiraf etdi. Və həmin ittiham üzrə bəraət aldım. İstintaq tamamlananda bir ittiham da var imiş, amma bundan xəbərdar deyildim, bu, dövlət sirrini yaymaq üzrə ittiham idi. 2014-cü ilin fevralında şahid qismində dindirildiyim iş vardı, o işi də birləşdirmişdilər. Guya ABŞ Konqresinin iki işçisinə Azərbaycanın dövlət sirrini vermişdim, bu işin bağlı olduğunu və özümün sadəcə şahid olduğumu bilirdim. Halbuki, bu maddə də cinayət işimə birləşdirilmişdi. Sonra həmin işə xitam verilib.
  • Bəs nə üçün xitam verildi?
  • Çünki səhvə yol vermişdilər. Mənim görüşdüyüm Konqres işçiləri ilə Hafiz Paşayev və başqa adamlar da görüşmüşdülər. Cinayət işində deputat Ceyhun Osmanlının təqdim etdiyi disk də vardı. Diskin açıqlamasında təhrif çox idi və dövlət sirri söhbəti yox idi. Hətta istintaq zamanı zarafatlaşmışdım ki, dövlət sirri bazarda satılsaydı, alardım və bazarda belə şey satılmır, həm də mənim dövlət sirlərinə çıxışım yoxdur.
  • Çarəsiz gözlərdə bəlkə o zaman
    Ümid qığılcımı alışıb yansın
    Bəlkə o məhbus da
    eynən sənin tək
    Burda qonaq olduğuna inansın.

Sizin həbsxana xatirələrinizdən olan bu misralardan yararlanıb, sualımı belə qoyuram; necə düşünürsünüz, azad olmağınız həbsdəki məhbusların azad ediləcəyinə inamı artıracaqmı? Söhbət siyasi məhbuslardan gedir…

Saytların yığılması Saytlarin yigilmasi
  • Əslində, haqqında söz açdığım qız məndən qabaq azadlığa çıxmışdı. Vəkillərimin də onun azadlığa çıxmasında rolu olmuşdu, buna görə təşəkkür edirəm. Ümid edirəm ki, onun azadlığı qalıcı olacaq, çünki onun geri qayıtma təhlükəsi var. Qadın həbsxanasında siyasi məhbus yox idi.
  • Ümumi nəzərdə tuturam…
  • Ümumilikdə bütün siyasi məhbusların azadlığa çıxması üçün çalışmalıyıq. Siyasi məhbuslar azadlığa çıxırlar. Hətta bəzən dostlara zarafatla deyirəm ki, mənim həbsimdən əvvəl, yaxud sonra tutulsaydınız, indi azadlıqdaydınız. Ancaq onlar uzun illər boyu ölkələrində yaşamamağa məhkumdurlar.
  • Bu məsələnin üzərində ona görə dayandım ki, siz həbsdə olanda iki məsələ ortaya çıxdı: birinci, Xədicə İsmayıl azad olunsa, içəridə qalanlar unudulmayacaqmı? İkinci narahatlıq odur ki, 17 mart Əfv Fərmanından sonra azad olunanlardan biri – Ömər Məmmədov demişdi ki, beynəlxalq təşkilatlar Xədicə İsmayılı, İlqar Məmmədovu daha çox müdafiə etdilər, nəinki onları…
  • Əslində, bu narahatlıq haqlıdır və Ömər Məmmədovun narahatlığını bölüşürdüm. Və öz müdafiəçilərimə həbsxanadan ismarıclarımda o birilərini unutmamağı yazırdım. İndi vəziyyət elə gətirdi ki, Avropa Məhkəməsinin siyasi məhbus qərarı verdiyi ilk məhbus İlqar Məmmədov idi. Bir daha deyirəm, Avropa Məhkəməsi tərəfindən tanınan ilk siyasi məhbusumuz məhz İlqar Məmmədov olub. Bu amil də rol oynayıb. İkinci, bizim daha çox müdafiə olunmağımızın obyektiv səbəbləri var. Birincisi, hər ikimiz kifayət qədər beynəlxalq şəbəkəyə malik insanlarıq. Yəni dostlarımız, həmkarlarımız və yaxın olduğumuz beynəlxalq təşkilatlar var. İlqar Məmmədov Avropa Şurasının “Siyasi biliklər məktəbi”nin direktoru idi, şura onun həbsini birbaşa özünə qarşı hücum kimi də qəbul edə bilərdi. Hətta məni çox təəccübləndirdi ki, Avropa Şurası niyə uzun müddət kəskin münasibətini sərgiləmədi? Amma Avropa Məhkəməsinin qərarı çıxandan sonra Avropa Şurasının mövqeyi də qətiləşmişdi.
  • Bir neçə gün əvvəl vəkiliniz Yalçın İmanov Beynəlxalq Amnistiya Təşkilatının məhbuslara yanaşmasından narazılığını ifadə etdi. Məsələn, dedi ki, Fuad Qəhrəmanlı Facebook statusuna görə həbs olunub. Yaxud Mirmövsüm Səmədov 5 ildir həbsxanadadır, ancaq Avropa Məhkəməsi onun barəsində qərar çıxarmır. Sizcə, Avropa Məhkəməsi və Beynəxalq Amnistiya Təşkilatında məhbuslara ikilimünasibət varmı, dediklərini bölüşürsünüzmü…?
  • Əlbəttə ki, bölüşürəm. Ancaq əslində bu ikili standartdan irəli gəlmir. Məsələ həm də müdafiənin necə və hansı şəkildə koordinasiya olunmasından gedir. Çünki Beynəxalq Amnistiya Təşkilatının Azərbaycanda hansısa şöbəsi, ya da bildiyim qədər onların daim işləyən işçiləri də yoxdur. Mənim təşkilatla ünsiyyətim 2006-07-ci illərə gedib çıxır, onlar İranda həbs olunmuş azərbaycanlılarla bağlı işləri dəqiqləşdirirdilər. Hətta həmin işlərdə də o problem üzə çıxırdı. Məsələn, bir adam haqqında iki müxtəlif mənbədən təzadlı məlumat alırlarsa, rəy yubanır. Sadəcə, çatdırmamaq məsələsi də var.
  • Ancaq “heykəl məhbusları” Qiyas İbrahim və Bayram Məmmədov, həbslərindən bir ay ötməmiş vicdan məhbusları kimi tanındı…
  • Çünki vaxtında və təzadlı olmayan məlumatlar çatıb.
  • Bunu kim etməlidir, hüquq müdafiəçiləri, yoxsa vəkillər?
  • İlk növbədə, Azərbaycanda hüquq müdafiəçilərinin koordinasiya olunmuş fəaliyyətinə ehtiyac var. Məmməd İbrahim, Fuad Qəhrəmanlı, hətta Seymur Həzi həbs olunanda artıq hüquq müdafiəçilərinin ən aktiv hissəsi həbsdə idi. Ona görə onların haqqındakı məlumatlar planlı şəkildə çatdırılmamışdı.
  • Bayram Məmmədovla Qiyas İbrahimin həbsini götürdükdə, indi də vəziyyət dəyişməyib…
  • Xeyr, vəziyyət dəyişib. Çünki həbsdə olan hüquq müdafiəçilərinin bir qismi azadlığa çıxıb. Beynəlxalq Amnistiya Təşkilatı üçün sadəcə vəkil və ailəylə söhbət etmək kifayət etmir. Onlara obyektiv rəy verən hüquq müdafiəçiləri lazımdır, uzun müddət Azərbaycanda obyektiv rəy verən hüquq müdafiəçisi olmayıb. İndi artıq hüquq müdafiəçiləri azadlıqdadır, hesab edirəm ki, proseslərə aktiv şəkildə qoşulmağa başlayıblar və hər kəs bacardığını edəcək, bu istiqamətdə də rəylər gedir. Siz deyirsiniz ki, Beynəlxalq Amnistiya Təşkilatı onları “vicdan məhbusu” kimi tanımayıb, bu, o demək deyil ki, onların “vicdan məhbusu” olmadığını tanıyıb. Hələ hər şey irəlidədir, daha tez olsaydı, daha yaxşı olardı. Amma, bu, baş verəcək və bunun üçün məhkəməni gözləmək lazım deyildi. Mən Seymur Həzinin məsələsini bir qədər araşdırdım, onlarda belə ehtimal vardı ki, məhbus jurnalist ona hücum edən şəxsə qarşı zorakılıq işlədib. Amma işin detallarıyla çox böyük ehtimalla tanış olmayıblar. Əgər Seymur Həzi özünü müdafiə üçün əlindəki su butulkasını atıbsa, bu, zorakılıq sayılmalıdırmı?
  • Yaxud islamçılara münasibət…?
  • Bəli, bununla tamamilə razıyam, bu münasibət var və hər zaman da olub. Mənim dini baxışlarımı bilirsiniz, hər zaman da mübahisələrimiz olub. Amma buna baxmayaraq, fakt faktlığında qalır, onlar vicdan məhbusudurlar, onlar zorakılıq törətməyiblər və zorakılığa çağırışlar etməyiblər, onlar dini inanclarını həyata keçirmək üçün birləşiblər, təşkilatlanıblar və buna görə hədəfə gəliblər. Nəhayət, o insanlar dürüst və ədalətli sistemin olmasını istəyirlər. Mənim onlardan fərqim istinad etdiyim dəyərlərdədir. Mən Avropa tarixinin təcrübəsinə istinad edərək, bunun baş verməsini istəyirəm, onların istinad etdiyi dəyərlər dinidir. Amma mən onların “vicdan məhbusu” kimi tanınması, beynəlxalq müdafiə dəstəyi alması üçün həbsimdən xeyli əvvəl də müzakirələr aparmışam. Məsələn, Taleh Bağırzadənin əvvəlki işində buna nail də olmuşuq.
  • Keçək həbsxana günlərinə. Məhbəsdə ən çətin şeyin insan sevgisini qoruyub saxlamaq olduğunu demisiniz. Bugünlərdə isə insanlara daha çox şübhəylə yanaşacağınızı vurğuladınız. Yalanla çuğlayan həbsxanada sevgi, azadlıqda isə şübhə… Bu, gedişatda necə olacaq, şübhə insan sevginizi saxlamağa kömək edərmi?
  • Çox istərdim ki, o sadəlövhlüyümü itirməyim və yenə də əvvəlki kimi çəhrəyı eynəkdən baxım.
  • Həbsxanadan əvvəl sadəlöhv idiniz?
  • İndi belə baxıram ki, daha çox sadəlövh idim. Adi bir müqayisə, həmişə avtobusda əlləri şişkin, göyərmiş qadın görəndə düşünürdüm ki, yəqin çoxlu paltar yuduğundan, ev işləri gördüyündən əlləri o gündədir. Amma indi ilk ağlıma gələn o olacaq ki, bəlkə narkotik istifadəçidir. Çünki narkotik istifadəçisi olan qadınların əlləri məhz o günə qalır. Bu qadınların çox böyük əksəriyyəti ciddi cinayətlər törədiblər və cinayətlərini gizlətməyə çalışıblar, həm də həyatlarında çoxlu yalan var.
  • Rəsmi məlumata görə, saxlandığınız 4 saylı həbsxanada 350 məhbus olmalıdır, amma 470 nəfər var, 120 nəfər çoxdur…
  • Əslində, 350 rəqəmi də kifayət qədər şişirdilib…
  • Biz rəsmi məlumata əsaslanaq. Mən istərdim, bu məhbusların çoxluğunun yaratdığı psixoloji və fizioloji gərginliyi açasınız?
  • Orda heç vaxt heç kim özü ilə tənha qalmır. İkincisi, insanlar sağ qalmaq və daha nəyisə həll etmək üçün mübarizədədirlər. Söhbət ölüm təhlükəsindən getmir, rusca “borba za vıjıvaniya” deyirlər, yəni daha rahat olmaq. Heç kimi acından öldürmürlər və bir adamın sağ qalmasına qədər yemək var, dövlət təmin edir. Amma adi şeylər üstündə də mübarizə gedir və insanlar çoxlu yalana yol verirlər.
  • Aldandığınız məqamlar olurdumu?
  • Olub, amma çox deyildi.
  • Ətrafınıza adamlar yerləşdirirdilərmi, həm Kürdəxanıda, həm həbsxanada?
  • Bəli, olurdu, amma dərhal bilirdim. Kamerada kimlərin olduğunu və onların hansı şəkildə işlədiyini sezirdim. Eləsi vardı ki, məlumat ötürmək üçün qoyulmuşdu, başqa birisi vəziyyətə nəzarət edirdi. Və mən onların kim olduqlarını heç vaxt üzlərinə vurmadım.
  • Yəni insan sevgisini qoruya bildiniz…
  • Yox, insan sevgisini qoruya bilmək deyildi, məkrli niyyətlərdən gedirdi söhbət. Əgər onlara nəyisə bilmək lazımdırsa, mən də onlara yanlış məlumat ötürürdüm hərdən.
  • Məsələn…
  • Bilirdim ki, onları materialları necə çölə çıxartmağım maraqlandırır. Mən də yanıma yerləşdirilən xanım məhbusun yanında dedim ki, materialları bezin içində ötürürəm. Ertəsi günü axtarış aparan xanım əlində iki əlcək gəlib mənim bezimi yoxladı. Xeyli güldüm, bəlli etdim ki, o bu gün axtarışa gələcək. Ondan sonra informatoru dəyişdilər.
  • Və başqa birini göndərdilər…?
  • Bir az sonra göndərdilər. Amma çox primitiv üsullar vardı, söhbət heç də adamın ətrafına yerləşdirilən adamlardan getmir. Elə şeyləri axtarırdılar ki… Həqiqətən mən hər dəfə vəkillə görüşə gedəndə girişdə də, çıxışda da tam soyunmaqla axtarışdan keçirdim. Onlara başa sala bilmirdim ki, heç vaxt alt paltarının, ayaqıbının içində nəsə gizlətmirəm. Bir az intellektimə hörmət etsəydilər, başa düşərdilər ki, daha intelektual üsullarla işləyirəm. Həbsxanaya köçürüləndə dedilər ki, papkanız aktlar və töhmətlərlə doludur, bunlar da yazıların ötürülməsinə görədir. Siz o yazıları necə ötürürsünüz? Bir üsulunu deyə bilərəm. Bir vəsatət yazdım, əslində məlumat idi, onu da məhkəmə işçisinə verdim ki, hakim qəbul etsin, hakim də vəsatətdən imtina edib verdi vəkilimə. Beləliklə, məlumat vəkilin əlinə keçdi. Əslində, onların qanunsuz hərəkətindən daha yaxşı istifadə edə bilirdim, nəinki ənənəvi qaçaqmalçılıq üsullarından. Yaxud vərəqi götürürdüm, yazırdım, normal oxunanda şübhəli bir şey görünmürdü, amma sözləri sətirdə elə yerləşdirirdim ki, vərəq büküləndə bir sütun tamam başqa mətn alınırdı. Düzdür, bu üsul enerji tələb edir, başqa üsullar da var, açıqlamıram, hələ ehtimal var ki, yenə həbs oluna bilərik.
  • Xədicə xanım, həbs olunanda və azadlığa çıxanda gördüyünüz insanlar barədə fikrinizi bilmək istərdik. Məsələn, keçmiş siyasi məhbus Anar Məmmədli deyir ki, azad olunanda çox adamı görmədim. Sizdə necə oldu?
  • Düzü, mən çıxanda görəcəyimi gözləmədiyim adamlar da gördüm. Hətta ailədə zarafatlaşırdılar ki, əgər filankəs də gəlib sevincini ifadə edirsə, nəsə qəribə bir şeydir. Yəni bəlkə ölkədə dəyişiklik gözləntisi-filan var. Amma xeyli adam da ölkədə yoxdur.
  • Onlara necə yanaşırsınız?
  • Yenə deyirəm, əgər o zaman həbsə düşsəydilər, indi azadlıqda olardılar. Amma ömürlərinin böyük bir hissəsini öz vətənlərinə gəlməməyə məhkumdurlar. Söhbət həm də onların status almalarından gedir, hətta ölkədə durum dəyişsə də, o statusu qorumaq üçün onlar gəlməyə bilərlər. Mənim üçün öz ölkəmdə, həbsxanada olmaq mühacirətdə olmaqdan daha rahat idi.
  • Siz həbs olunandan sonra MTN işi, bina yanğını baş verdi və 15 nəfər həyatını itirdi. Beynəlxalq Bank hadisəsi oldu ki, vaxtilə bu məsələni araşdırmışdınız. O zaman da qanunsuzluqları qeyd etmişdiniz…
  • Biz onu 2011-ci ildə araşdırmışdıq, təsəvvür edin, o zaman araşdırmaya diqqət olsaydı, nə qədər dövlət vəsaiti oğurlanmazdı.
  • Azad olunanda araşdırmalarınızın davam edəcəyini anonsunu vermişdiniz. Bəlkə bir neçəsini deyəsiniz?
  • Araşdırmalar davam edəcək, yenə əvvəki sahələrdə. Araşdırmalar çox yüksək vəzifəli dövlət məmurların və onların ölkədəki imkanlı ailələrinin, qohumlarının xeyrinə xərcləmələrdən, başqa vətəndaşları bu imkanlardan məhrum etmələrindən bəhs ediləcək. Korrupsiya adi adamların həyatlarına təsir edən məsələdir, insanlara onlara çatmayanların hara getdiyini göstərmək lazımdır.
  • Birinci ailə də daxil olmaqla araşdırmalar olacaqmı?
  • Bəli. İşə yeni başlayıram, sizdən də xahilş edirəm ki, dostlara, qohumlara təbriklər üçün vaxt ayırdığımı və işləmək zamanının yetişdiyini çatdırın.

meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button