2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Mənə bağışlanan gül-çiçəkləri, Vətənim, mən sənə bağışlayıram''


Bilal Həsənov banner

Saytların yığılması Saytlarin yigilmasi

On il əvvəl evdə təmir işləri görərkən, rəngi solmuş oboyun altından Zeynəb Xanlarovanın plakatı çıxdı. Sonra araşdırıb bilmişəm ki, rəhmətlik babam onun pərəstişkarı idi. İndiki dillə desək, fanatı. Ən çox bəyəndiyi, saatlarla dinlədiyi isə ”Dünyanın xoşbəxti mənəm dünyada” mahnısı olub. Kişi neftçi idi, Sovetlərlə qürur duyurdu. Vətəndaşın ölkəsi ilə fəxr etməsi özü bir xoşbəxtlikdir. Hərçənd ki, mən rəhmətliyin adaşıyam, eynən neftçi işləyirəm, amma o gündən bu günə az sular axmayıb. Sovetlər dağılıb, evimizdə oboylar dəyişib, nəhayət, mən doğulub böyümüşəm. Bircə dəyişməz qalan Zeynəb Xanlarovadır, bir də bu ölkəni bürüyən permanent xoşbəxtlik.

Xoşbəxtlik demişkən, söz yerinə düşər, bu arada BMT xoşbəxt ölkələrin illik siyahısını dərc edib.

BMT hər il “xoşbəxt ölkə” statusunu özünün müstəqil ekspertlərinin rəyi nəticəsində verir. Həmən ekspertlər bir neçə kriteriyalar əsasında qiymətləndirmə aparsa da, əsasən üç məsələ üstündə dayanırlar. Birincisi, ölkə sərvətlərinin düzgün bölünməsi, ikincisi, cəmiyyət arasında inam və sonuncu hakimiyyətə etibar.

Birinci yeri bu il Norveç ələ keçirib. Azərbaycan bu siyahıda 85-ci oldu. Keçən il isə bu siyahıya Danimarka başçılıq edirdi.

Əşşi, 85-də pis deyil. Əvvəla ona görə ki, 85 ölkəmizdə düşərli, bərəkətli rəqəmdir. Maşın nömrəsinin 85-ci seriyası müqəddəs bölgəmiz olan Naxçıvan MR aiddir. Demək, ən azından bizim ölkənin 85-ci mövqedə qalması əbədi, sarsılmaz və daimidir. İkincisi, 85 yarıdan azca aşağıdır, yəni nə pis, nə də əla deməkdir. Pis bizə yaraşmaz, əla isə gözə girir. Dillərə düşərik. Nəfis qalar üstümüzdə.

Onsuz son illər həddən artıq sürətlə inkşaf etmişik, elə azca yavaşlayıb 85-də durmağımız müstəhəqdir.

Belə baxanda mən BMT ilə razı deyiləm. Necə yəni xoşbəxt ölkə? Elə şeymi olar? Onda o ölkədə gərək xoşbəxt insanlar ola. Bu isə anormallıqdır. Xoşbəxtlik geniş anlamdır. Onu qazanmaq, onun uğrunda vuruşmaq, onu tələb etmək lazımdır. Vətəndaşımızın isə bu şücaətə nə hövsələsi çatar, nə də həvəsi qalxar. Bizim qardaş üçün bu bir mövhumatdır ki, dəxi ona ehtiyacı yoxdur. Bu ölkədə “xoşbəxt” sözü yalnız oğlan uşağına, kafe-restorana ad vermək üçün istifadə olunur, bir də ölüb gedənin, ölkədən qaçanın arxasınca deyilir. O deee, bəxtəvər, öldü getdi, canın qurtardı.

Əslində BMT ölkələr yox, xoşbəxt hökumətlər siyahısını tərtib etməli idi. Onda Azərbaycan şübhəsiz birinci olacaqdı. Çünki milləti xoşbəxt etmək utopiyadır. Xoşbəxtlik hamı üçün deyil, hamıya çatmaz. Hökümətin xoşbəxt olmağı isə ağla batandır. Bir də ki, Azərbaycan höküməti BMT-nin müstəqil ekspertlərinin tələb etdiyi əsas üç kriteriyaya tam uyğundur.

Gəlin tənbəllik eləməyin, mən sadalayım, siz də oxuyun. Deməli, birinci tələb sərvətlərin düzgün bölüşdürülməsidir. Bəh-bəh, nə gözəl, nə qəşəng. Bizim şanlı, vicdanlı hakimiyyətdən savayı, kim bu ölkənin sərvətlərin belə dəqiqliklə, qərəzsiz və soyuqqanlı bölüşdürə bilər?

Hamıya uyğun porsiyada, boğazdan keçmək şərtilə, israfçılığa yol vermədən, nəhayət, gələcək nəsili nəzərə alaraq sərvətlər bölünüb.
Bu bölgü işi sizə elə-belə gəlməsin. Adamın üstə Allah olar. Halallıq yaxşı şeydir.

Həm də məsələdə əsas olan odur ki, hakimiyyət tam şəffaf və qərəzsiz bölgü aparıb, BMT-nin tələbində sərvətin xalq arasında bölüşdürülməsindən bir söz olmadığına görə, şanlı hökümətmiz xalis alicənab kimi, xalqa qara qəpikdə saxlamayıb. Neynəsin, şərtlər bunu tələb edir. Təki ölkəmizin başı uca, adı siyahıda birinci olsun.

İkinci tələb cəmiyyətdə inamdır ki, ondan da boluq. Bir vaqon inananımız var. Məsələn, cəmiyyət inanır ki, Tramp sansksiyaları götürəcək, neftin qiymətin qaldıracaq, neft bahalaşacaq, dollar yenə düşəcək, dollar düşdükcə toyuğun, yumurtanın, pendirin, pampersin qiyməti əvvəlki kimi olacaq.

Cəmiyyəti-əhli-cəmaəət inanır ki, Rokfeller öləndən sonra massonlar Qarabağı qaytaracaq, sevincindən dövlət xalqın kredit borcların siləcək, pensiya pulun artıracaq, benzinin qiymətinə dəyməyəcək, qazın, işiğın, suyun pulun yenə endirəcək. Geri qaytarılmış torpaqlarda isə hər adama beş sot torpaq, iki baş inək hədiyyə edəcək.

Onsuz hər şey göz qabağındadır, xalqın gözü tərəzidir. Əgər pensiyaçı saatlarla, gecədən ta sübhədək bankomatın önündə soyuqda, çovğunda 120 manata görə gözləyirsə, demək inanır ki, o həmin pula dolanacaq. Onu bayırda, soyuqda gözləməyə stimullaşdıran həmin inamdır.
Bir sözlə, inananlardan kalanıq.
Sonuncu tələb hakimiyyətə əminlikdir ki, buna heç şəkk-şübhə yoxdur. Şayəd olsa idi, onda gərək bu illər ərzində bir kərəm olsa belə, küçələrə tökülüb, neftdən, qazdan, qara kürüdən, vergidən gələn gəlirin büdcədən hara getdiyini, nələrə xərcləndiyini sorardıq. Haqq-hesab istərdik, büdcəni bölüşdürərkən şəffaflıq tələb edərdik. Etməmişik, deməmişik, sormamışıq, deməli, xoşhalıq.

Gör bir dəfə soruşan olub ki, bu qədər tədbirlər, oyunlar, park və bulvarlar, fontan və bardyurlar, körpülər, yollar, itlər, pişiklər, fillər, bəbirlər, atlar nə bilim daha nələr, nələr pulun olmayan vaxtında, neftin qiyməti aşağı olan gündə nəyə lazımdır?

Yox, çünki hökumətimizə inanırıq, etibar edirik, onun ətrafında sıx birləşmişik. Elə konstitusiyaya dəyişiklik, iqtidar daxili seçkilər zamanı da səsimizi çıxartmamışıq. Ağzımız ayırıb, gözlərimizi qırpmadan susmuşuq. Dinməmişik, danışmamışıq. Çünki inanırıq, vətən etibarlı əllərdədir. Amma adamın üstə Allah var, hökumətdə bizim kimi həlim millətdən gileyli olmaz. A balam, pambıq kimi yumşaq, mülayim bir toplumuq. “Sus” desə susacağıq, “öl” desə öləcəyik, atam balası, artığını istəmərik, azla qane olanıq, antimilli qüvvələri, ölkəmizə ləkə yaxanları da özümüz tutub gəbərdərik. Bəh-bəh, bərəkəllah nə gözəl canlarıq. Vallah, hökumətimiz çöx şanslıdır ki, belə milləti var. Elə biz də məmnunuq ki, belə hökumətimiz, əmr sahibimiz var. Necə də bir-birimizə yaraşırıq, necə də bir-birimizə layiqik. Allah həmişə mehriban eləsin.

Gözü götürməyənin gözü çıxsın, paxılların ciyəri yansın. Amin!



Source link

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button