2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Mən Zelenskiyə səs verməmişdim…” – Press Klub

Mənbə: washingtonpost.com

Tərcümə: Novator

Ukraynanın kapitanı, əsl prezident, qəhrəman, rəhbər… Ukraynalı jurnalist Anna Mironyuk yazır ki, nə vaxtsa insanların Vladimir Zelenski haqda bu cür sözlər işlədəcəyini heç ağlına gətirməzdi.

Saytların yığılması Saytlarin yigilmasi

Anna Mironyukun “Mən Zelenskiyə səs verməmişdim. İndi onun milyonlarla adamı ruhlandıran cəsarəti mənim də fikrimi dəyişib” başlıqlı yazısı ABŞ-ın “Vaşinqton Post” qəzetində dərc olunub.

Jurnalist bildirir ki, o, 2019-cu ilin prezident seçkisində Vladimir Zelenskiyə səs verməyib: “Bəzi ukraynalılar kimi mən də siyasi təcrübəsi olmayan komediya ustasını, aktyoru, şou adamını prezidentliyə yaraşdırmırdım. Onun seçkiqabağı kampaniyası ideal təsir bağışlayırdı, amma mənadan-məzmundan xali görünürdü. Zelenskinin Rusiyaya münasibətini çox vaxt başa düşmək olmurdu, bu mövzuda danışanda sanki əziyyət çəkirdi. Onun güclü himayədarı var idi. Zelenskini ulduza çevirmiş “Xalq xidmətçisi” şousu da həmin milyarder himayəçinin sahib olduğu telekanalda yayımlanırdı. Ancaq Zelenski seçkidə əksəriyyətin dəstəyini qazanıb prezident seçilə bildi”.

Anna Mironyuk prezident Vladimir Zelenskinin qurduğu hakimiyyəti də bəyənmədiyini vurğulayır: “O, korrupsiya ilə mübarizə aparacağını vəd etmişdi. Amma mən bir araşdırıcı jurnalist kimi gördüm ki, Zelenski bu mübarizəni tərəfkeşlik tuta-tuta aparır. Tərəfdarlarını, dostlarını yüksək vəzifələrə təyin edən Vladimir Zelenskinin adamları qalmaqallı olaylar zamanı əksər halda sudan quru çıxırdı. Prezidentliyinin üç ilində o, əsl populist mövqe tutmaqda idi. Sevilməyi xoşlayırdı. Mediadakı tənqidlərə qarşı da həssas idi.

Ancaq Zelenskidə bəzi ümidverici əlamətlər də görünürdü. O, Putinin Ukraynanı parçalayıb qarış-qarış satmaq tələbinə boyun əymədi. Rusiyanın Donbas bölgəsinə təyin etdiyi separatçı liderlərlə danışıqlar aparmadı, əvəzində danışıqlara həmin bölgədəki müharibədən əziyyət çəkmiş, Kiyevdə məskunlaşmaq məcburiyyətində qalmış donbaslıları dəvət etməyi məsləhət gördü. Rusiya bundan narazı qaldı.

Rusiya ilə münaqişənin miqyası genişlənməkdə olsa da, son aylarda Zelenskinin işğal təhlükəsini ciddi qiymətləndirməməsi ictimaiyyəti qıcıqlandırırdı. Belə bir təəssürat yaranırdı ki, Zelenskinin inkarı ukraynalıların müharibə variantına inanmamasında rol oynayır.

Putinin həmlə edəcəyi təqdirdə Ukraynanın təslim olacağını düşünən bir çox insan hələ neçə həftə əvvəldən ölkəni tərk etdi. Çoxları Zelenskinin bu hücuma müqavimət göstərəcəyinə şübhə ilə yanaşırdı. Etiraf etməliyəm ki, mən də bu səbəbdən bir neçə gün əvvəl Kiyevi tərk edərək yaxınlıqdakı başqa şəhərə getmişəm.

İndi isə mən və mənim kimi neçə-neçə adam Kiyevin müdafiəsinə qoşulmaq üçün paytaxta qayıtmağın yollarını arayır. Zelenskinin cəsarətli cavabı fikrimi dəyişib. Ukrayna rəhbərliyi təslim olmur. Ekspertlərin çoxu düşünürdü ki, Kiyev bir sutkaya çökəcək, ancaq yeddi sutkadan artıqdır döyüşlər davam edir.

Zelenski mənim kimi şəkkakların yanıldığını sübuta yetirdi. Buna sevinirəm”.

Anna Mironyuk qeyd edir ki, yeni ictimai rəy sorğusu ötən ilin dekabrı ilə müqayisədə Zelenskinin reytinqinin üç dəfə yüksələrək 91 faizə çatdığını göstərir: “Onun Ukraynanı müdafiə etməsi hər cür tərifə layiqdir. Onun cəsarəti xalqı ruhlandırır.

ABŞ təhlükəsizlik məqsədilə ona təxliyə olunmağı təklif edəndə Zelenski belə cavab verib: “Burada döyüş gedir. Mənə səfərə çıxmaq yox, silah-sursat lazımdır”.

Aktyor prezidentə çevrildi, əvvəlcə büdrədi və mənim gözləntilərimi doğrultmadı. Ancaq indi o, hər bir milli liderin daşımalı olduğu ən böyük məsuliyyətdən – xalqı qorumaq işindən boyun qaçırmadığını nümayiş etdirir.

Mən bir jurnalist kimi Zelenski haqda müstəqil və ciddi reportajlar hazırlayacam, yeri gələndə onu tərifləyəcəm də, tənqid də edəcəm.

Ukraynaya təzyiqlər azalan deyil. Belə bir dövrdə Zelenski xalqın və dünyanın böyük hissəsinin etmadını qazanıb. Ümid edirəm ki, o, sükanı belə saxlayacaq”.

24 saat” ““Mən Zelenskiyə səs verməmişdim…” – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button