2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Məşhur bank soyğunu, cinayətkara vurulan girovlar: “Stokholm sindromu” necə yaranıb?

Yadigar Sadıqlı

“Stokholm sindromu” ifadəsini eşitməyən az adam tapılar. Bəs əsirin əsarətçiyə, məzlumun zülmkara rəğbətini, hətta sevgisini ifadə edən bu termin necə yaranıb?

*** 

Yan Erik Ulsson 1941-ci ildə İsveçin Helsinqborq şəhəri yaxınlığında anadan olub. Onun ömrünün birinci yarısı barədə məlumatlar çox deyil. Amma məlumdur ki, seyf açmaq üzrə mütəxəssis idi və 1970-ci illərin əvvəllərində həbs çəkirdi. Burada o, gənc olsa da (1947-ci il təvəllüdlü) artıq residivist sayılan Klark Ulofssonla tanış olur və özündən 6 yaş kiçik bu cinayətkarın fanatına çevrilir.

Saytların yığılması Saytlarin yigilmasi

“Stokholm sindromu” termininin yaranmasına səbəb olacaq hadisə zamanı Ulssonun statusu da bir qədər qaranlıqdır. Bəzi mənbələrdə həbsdən məzuniyyətdə olduğu (mədəni ölkələrdə belə hallar var), digərində həbsdən qaçdığı, üçüncüsündə isə şərti azadlığa buraxıldığı deyilir. 

1973-cü il avqustun 23-də Yan-Erik əvvəlcə Stokholmun mərkəzində yerləşən “Pressbyran” mağazasına getdi və burada təğyiri-libas oldu: gözünə günəş eynəyi taxdı, üzünə məlhəm sürtdü və başına parik keçirdi. Bundan sonra Norrmalmstorg meydanına gəldi (İsveçdə hadisə bəzən “Norrmalmstorgsdramat”, yəni  Norrmalmstorg dramı adlanır) və burada yerləşən “Sveriges Kreditbank”a daxil oldu. Girişdə əsl centlmen kimi yaşlı qadın üçün qapını tutub saxladı. Saat 10-u təzə keçirdi. 

Əlində bükdüyü gödəkçəsinin altından avtomat silahı çıxararaq havaya atəş açan Ulsson “ziyafət başlayır” qışqırır. Çox güman ki, o, pul götürərək getmək fikrində idi, amma mühafizəçi polis həyəcan siqnalını basmağa macal tapdı. Həmin polisi yaralayan qarətçi bankda işləyən 3 qadını girov götürür. 

Tezliklə bank polis tərəfindən mühasirəyə alınır. Ulsson da öz tələblərini irəli sürür. O, həbs yoldaşı Ulofssonun azad edilib banka gətirilməsini istəyir, bundan əlavə 3 milyon kron, 2 avtomat silah, qoruyucu jilet, dəbilqə və sürətli avtomobil tələb edir. Polis Ulofssonu həbsxanadan götürüb banka gətirir. Ulofsson burada gizlənən, Ulssonun görmədiyi bir kişi işçini də tapdı. Nəticədə girovların sayı dörd oldu.

Amma digər tələblər belə operativ yerinə yetirilmədi. Əsas ixtilaf ondan ibarət idi ki, qarətçilər girovlarla bilrikdə getmək istəyirdilər, hökumət isə buna heç cür razılaşmırdı. Hərçənd, onların getməsi üçün “Ford Mustanq” avtomobili benzinlə doldurulub, hazır saxlanılmışdı. 

Onu da demək lazımdır ki, həmin vaxt İsveç seçki ərəfəsində idi. Rəy sorğularının nəticələri 1936-cı ildən fasiləsiz hakimiyyətdə olan sosial-demokratlar üçün ürəkaçan deyildi. Ulof Palmenin rəhbərlik edəcəyi partiyanın yenə birinci yer tutacağı proqnozlaşdırılırdı, amma parlamentdəki çoxluğun sağ partiyalara keçəcəyi gözlənilirdi. “Kreditbank”da xilasetmə əməliyyatının uğursuzluğu bu ehtimalı yəqinləşdirərdi. 

Qarətçilər təhlükəsizlik məqsədilə girovlarla birlikdə kiçik bir otağa – əmanətlərin saxlanıldığı yerə keçdilər. Beləcə, girov hadisəsi günlərlə davam edən drama çevrildi. 

Cinayətkarlar və girovlarla danışıqlarda baş nazir Ulof Palmenin özü də iştirak edirdi. Ulsson onunla danışanda girovları öldürəcəyi ilə hədələyir. Daha sonra girovlardan biri, 23 yaşlı Kristin Enmark baş nazirlə danışır və bu danışıq radio ilə canlı yayımlanır. 

Artıq bu zaman sonralar “Stokholm sindromu” adını alacaq halın əlamətləri hiss olunmağa başlayır. Enmark Palme ilə danışanda hökuməti ittiham edir. Özünün qarətçilərlə getməsinə imkan verilməsini istəyir, “mən onlara etibar edirəm” söyləyir. Girovların sağlamlığını yoxlamaq üçün banka girən polis komissarı onların cinayətkarlarla mehriban olduqlarını, özünə isə düşmən kimi baxdıqlarını sezir.

Polis avqustun 26-da saxlanc yerinin tavanından bir dəlik açdı. Buradan əvvəlcə kamera sallanıldı. Ulofssonla dörd girovun məşhur şəkli də bu zaman çəkildi. Qarətçilər də həmin dəlikdən xəbərdar idilər. Ulsson iki dəfə dəliyə atəş açdı, polisin əlini və üzünü yaraladı. Üstəlik, dəlikdən qaz buraxılacağı halda girovları öldürəcəyi ilə hədələdi.

Bununla belə, avqustun 28-də otağa gözyaşardıcı qaz buraxılanda girovlara toxunulmadı. Ulsson və Ulofsson təslim oldular. Girovlara bir şey olmadı. Ulsson 10 il həbs cəzası aldı. Ulofssonun girovlara kömək etmək və Ulssonu sakitləşdirmək istəməsi barədə dediklərinə baxmayaraq, əvvəlcə günahkar hesab edildi, amma Apelyasiya məhkəməsi bəraət verdi. Bununla belə, əvvəlki cəza müddətini çəkmək üçün həbsxanaya göndərildi, sonralar dəfələrlə cinayət törədərək, İsveçin ən məşhur canilərindən biri oldu.

*** 

Girov hadisəsinin sonundan başlayaraq, qəribə hadisələr baş verdi. Gözyaşardıcı qaz buraxan polis əvvəlcə girovların, sonra Ulsson və Ulofssonun çıxmalarını tələb edirdi. Amma dostlar qorxurdular ki, girovlar çıxıb uzaqlaşandan sonra polis onları döyə, hətta güllələyə bilər. Buna görə də girovlarla bir yerdə çıxmaq istəyirdilər. Bu istək təbii idi, qəribə olan o idi ki, girovlar da bu qorxunu bölüşür və qarətçilərdən tez çıxmaq istəmirdilər. Axırda bir yerdə çıxdılar.

Təslim olmamışdan əvvəl qarətçilər və girovlar öpüşüb ayrıldılar. Polis qarətçiləri tutanda iki girov “onlara toxunmayın, bizə pis heç nə etməyiblər” qışqırdı. Xərəkdə aparılan Enmark əliqandallı Ulofssonun yanından keçəndə “görüşərik, Klark” dedi. Ertəsi gün girovlardan biri, 21 yaşlı Elizabet Oldqren psixiatrdan soruşdu: “Mənimlə nəsə qaydasında deyil? Niyə onlara nifrət etmirəm?”. Bütün bunlar o qədər gözlənilməz idi ki, polis hətta girovların, xüsusən Kristin Enmarkın cinayətkarlarla əlbir olub-olmamasını araşdırdı. 

Məhkəmə prosesi zamanı da girovlar Ulsson və Ulofssonun xeyrinə ifadələr verirlər. Onları həbsxanada ziyarət edirlər. “Stokholm sindromu” deyilən anlayışın yaranmasına səbəb də məhz bu davranış oldu.

Əslində bu fenomenin səbəblərini anlamaq çətin deyil. Analoji hadisələr zamanı elə vəziyyət yaranır ki, girov əsarətdə də olsa, özünü sabit münasibətlər sistemində hiss edir. Cinayətkarın ondan istədiyi bir şey yoxdur, nə istəyirsə, hökumətdən istəyir. Məhz hökumətin hərəkəti (xilasetmə əməliyyatı) və ya hərəkətsizliyi (tələblərin yerinə yetirilməməsi) bu sabit münasibətləri poza, girovun həyatına təhlükə yarada bilər. Hər halda girov belə düşünür və özünə təhlükəni hökumətdən görür.

Digər tərəfdən, girov tamamilə cinayətkardan, onun kaprizindən asılı vəziyyətdədir. Əsarətçi hakimi-mütləqdir. İstənilən vaxt onu öldürə bilər. Sadəcə öldürmədiyinə görə girov ona minnətdarlıq hiss edir. Üstəlik, hər hansı bir icazə verəndə, artıq özünə qarşı rəğbət yaradır. Girov fikirləşir ki, mənə “paltarını batır” da deyə bilərdi, amma tualetə getməyə icazə verdi, gör nə gözəl insandır.

“Sveriges Kreditbank”da da oxşar hadisələr olmuşdu. Kristin Enmark titrəməyə başlayanda Ulsson gödəkçəsini onun çiyninə atmışdı. 31 yaşlı Birggita Lundblada evə zəng etməyə icazə verdi. Dəstəyi kimsə qaldırmayanda isə “vaz keçmə, bir də sına” dedi. Elizabet Oldqren klaustrofobiyası olduğu deyəndə ayağına 10 metrlik ip bağlayaraq, saxlanc yerindən çölə çıxmasına razılıq verdi. 

Yeganə kişi girov Sven Safstromla baş verən hadisə maraqlı idi. Girovluqdakı günlərin birində Ulsson hökumətin inadkarlığından əsəbiləşərək, onu hərəkətə gətirmək üçün bir şey etməli olduğunu deyir. Sven cinayətkarın indi onu öldürəcəyini düşünür, əvəzində Ulsson deyəndə ki, ayağından güllə ilə vuracaq, üzərindən sanki yük götürülür və onu hədələyən adama qarşı minnətdarlıq hiss edir. Daha maraqlısı o idi, ki, qadın girovlar da Svenə ürək-dirək verirlər ki, qorxma, bir şey olmaz, bir az dözərsən, əvəzində bu yazıqların işi düzələr. Xoşbəxtlikdən, Ulsson dediyini etmir. 

Adətən belə duyğular azad edildikdən qısa müddət sonra çəkilir, keçmiş girov vəziyyəti daha sağlam qiymətləndirməyə başlayır. Stokholmdakı duyğuların belə qalıcı olmasında yəqin ki, cinayətkarların şəxsi keyfiyyətləri – ola bilsin, xarizma, yumor hissi, təlqin qabiliyyəti və s. – də rol oynayıb.

Ulsson həbsdə xeyli qadın pərəstişkarlarından məktub alırdı. 1980-ci illərin əvvəllərində həbsdən çıxandan sonra onlardan biri ilə evləndi (bəzən yanlış olaraq girovlardan biri ilə evləndiyi yazılır). O, daha heç vaxt həbsə düşmədi. 1996-cı ildən ailəsi ilə birlikdə Tailandda yaşadı. 2013-cü ildə İsveçə qayıtdı və girov olayından peşmanlığını bildirərək, publik üzr istədi.

Girov hadisəsinin uğurla yekunlaşması, eləcə də Çilidə solçu Alyende hökumətinin devrilməsi (11 sentyabr) və kral VI Qustavın ölümü (15 sentyabr) seçkilərdə Palme hökumətini xilas edən hadisələr sayılır. Sentyabrın 16-da baş tutan seçkilərdə sosial demokratlar 156, onların müttəfiqi olan sol kommunistlər 19 mandat qazandılar. Sağçı üç partiya da cəmi 175 mandat qazandılar və Palme hökumətinə etimadsızlıq göstərə bilmədiklərindən iqtidar dəyişmədi. Belə heç-heçə vəziyyətinin təkrarlanmaması üçün növbəti seçkilərdə İsveç parlamentində yerlərin sayı 1 ədəd azaldılaraq, 349 edildi. Həmin seçkilərdə sosial-demokratların 40 illik fasiləsiz iqtidarının sonu gəldi. 

The post Məşhur bank soyğunu, cinayətkara vurulan girovlar: “Stokholm sindromu” necə yaranıb? appeared first on 24 saat.

24 saat” “Məşhur bank soyğunu, cinayətkara vurulan girovlar: “Stokholm sindromu” necə yaranıb?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button