2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Məsuliyyətsizlik zonası

Qabil Abbasoğlu

Azərbaycanın QHT fəallarının bu dekabr soyuğunda Laçın yoluna yığışacağını və üzü Xankəndiyə doğru günlərlə dirəniş göstərəcəyini, açığı, təkcə rus sülhməramlılarının komandiri Volkov yox, mən də gözləmirdim. Məsələ cəsarətdə deyil, məsələ hökumətin buna şərait yaratmasında, indiyə qədər passiv saxlanılan bir resursun belə qətiyyətlə hərəkətə gətirilməsindədir.   

Əslində, bu, çoxdan olmalıydı. Azərbaycanlılar Xankəndiyə qayıtmalı idi. Vətən Müharibəsində Şuşanın azad olunmasından sonra Şuşa-Xankəndi yolu ilə irəliləyən ordumuzu hansı gücün dayandırdığını Ali Baş Komandan açıq şəkildə söyləmişdi. Demişdi ki, mən dayanın deməsəydim, ordumuz daha irəli gedəcəkdi…

Müharibə bitdi, mübahisə və problemlər isə qalır. Məsələn, Azərbaycan hökumətinin qarşısında duran ən böyük məsələlərdən biri azad olunmuş ərazilərə o torpaqların sahibi olan əhalinin yerləşdirilməsidir. İki ildir bu məsələ həllini tapmır, bunun da obyektiv və subyektiv səbəbləri var. 

Saytların yığılması Saytlarin yigilmasi

Nəticədə hansı mənzərə yaranıb? Böyük bir insansız zona və onun ortasında rus sülhməramlılarının arxasında gizlənmiş separatçı qurumun “nəzarət etdiyi” kiçik bir ərazimiz. Azərbaycan həmin ərazinin hər qarışında öz suverenliyinin bərqərar olmasına çalışır. 

İşğaldan azad ərazilər aydındır – orada indi böyük bərpa-tikinti layihələri icra olunur, yollar çəkilir, kommunal təminatların bazası hazırlanır, gələcək məskunlaşma üçün infrastruktur qurulur. Bəs qalan yerlər? Erməni əhalinin yaşadığı bölgələr? 

O yaşayış məntəqələrində, məcburi köşkün düşmüş azərbaycanlı sakinlərin yerləşdirilməsi bir yana, rəsmi Bakının iradəsi necə həyata keçirilməlidir? Biz burda oturub “Qarabağ Azərbaycandır” həqiqətini təkrarlamalı, separatçılar da orda əyri işlərini davam etdirməli, özlərini dövlət sayaraq, mövqelərini möhkəmləndirməlidirlər? Bunun yolu nədir? Yeni müharibə? Azərbaycan həmin kiçik ərazimizə hərbi güclə girə bilər, amma bunun nəticələrini nəzərə almalıyıq. “Sülhməramlı” adı ilə bölgəyə yerləşən və faktiki missiyası sülh yaratmaqdan çox uzaq olan Rusiya hərbi kontingentinin orada yaratmağa çalışdığı vəziyyəti özümüz yaratmış olarıq. Onda önə nə çıxmalıdır? Qeyri-hərbi güc. Belə də oldu.

Ekoloji vəziyyətin monitorinqi təşəbbüsündən başlayan aksiya indi ümumcəmiyyət prosesinə çevrilir. İlk gün oraya gedənlər yalnız ekoloqlar və uyğun sahə mütəxəssisləri idi. Amma bu təşəbbüsün qarşısının alınmasından sonra etirazlar kütləviləşdi və kimlərinsə bunu hələ də “ekoaktivistlərin aksiyası” kimi təqdim etməsi prosesin miqyasını kiçiltməyə səbəb olur. 

İndi orada çadır qurub etiraz edənlərin hamısı ekoloqlar deyil. Amma onların hamısının tələbi ekoloqların (hələ ki onların) ÖZ ƏRAZİLƏRİMİZDƏ rahat hərəkət etməsinə, işləməsinə, monitorinq aparmasına, 30 il ərazində təbii sərvətlərimizi necə talan etdiklərini öyrənməsinə şərait yaradılmasıdır. Ona görə hərbi gücün torpaqlarımızı işğaldan azad etməsinə hansı dəstəyi vermişiksə, mülki gücün də Qarabağın hər qarışına nəzarəti bərpa etmək üçün gördüyü işlərə o dəstəyi verməliyik. 

Bəli, prosesin təşkilində tənqidə açıq xeyli məqamlar tapmaq olar. Bu cür məqamlar müharibədə də olmuşdu, amma heç kim onlardan tutub ordunu tənqid etməyi ağlına gətirmirdi. Aksiya keçirən vətəndaş cəmiyyəti nümayəndələri haqqında “onlar ora hakimiyyətin göstərişi ilə gediblər” demək isə ona bənzəyir ki, əsgərin niyə baş komandanın əmri ilə hərəkət etməsini sorğulayasan. Müqayisə nə qədər qüsurlu olsa da, belə bir irad irəli sürmək daha böyük qüsurdur.

Ona görə dəstək verilməlidir ki, bu cür kiçik addımlar, davamlı atılmaq şərtilə, sonunda uzun bir yola çevriləcək. O yolu kim getmək istəmir ki?! Həm də qansız-qadasız, haqq-hüquq davası apararaq. 

İndi gələk Xankəndinin qapısında keçirilən aksiyanın əhəmiyyətinə. Yuxarıda bu hadisəni ona görə “davamlı atılmalı olan kiçik addımlar” adlandırmışdıq ki, iri bir addım atmağa hazırda imkan yoxdur, amma neçə-neçə belə xırda addım ataraq, məqsədə yaxınlaşmaq imkanımız və haqqımız var. 

Bu aksiyalar bir mühüm məsələni ortaya çıxarır. İndi Rusiya hərbi kontingentinə başa salınır ki, Qarabağda olmaq, yerləşmək, qərargah qurub işləmək – təkcə imtiyaz, üstünlük deyil, həm də MƏSULİYYƏTdir. Axı sülhməramlı fəaliyyətinin konkret formaları və tələbləri var. Bu, yalnız post qurub, yol bağlayıb-açmaq, yaxud başqa dövlətin ərazisində bayraq qaldırıb separatçılığı himayə etmək, yeraltı və yerüstü sərvətlərə ortaqlıq etmək deyil. Sülhməramlı həm də ölkəsinin hər bölgəsinə gedib-gəlmək istəyən vətəndaşın təhlükəsiz hərəkətini təmin etməlidir. Biz sizi burda görmək istəməzdik, cənablar. Amma o ki, burdasınız, buyurun, təmin edin. Sadə vətəndaş bir yana, dövlət rəsmisini ÖZ DÖVLƏTİNİN ərazisində hərəkət etməyə qoymursunuzsa, onda “məsuliyyət zonası” adlandırdığınız ərazidə Azərbaycan qarşısında hansı məsuliyyəti daşıyırsınız? Üzərinizə götürdüyünüz “məsuliyyət” nədədir? Separatçıları qorumaqda? Bunun üçün Ermənistan ordusu vardı axı. İndi yoxdur…  

2020-ci ilin 10 noyabrında Rusiya hərbi qüvvələri əraziyə gətiriləndə az qala yaylıq götürüb oynayanlardan fərqli olaraq, prosesin hara getdiyini, Qələbəni möhkəmləndirməyə imkan verilməyəcəyini deyənlər də vardı. Biz anlayırdıq ki, Rusiya burada, öz ərazisi kimi, möhkəmlənmək və qalmaq niyyətindədir. Ona görə dövlətin öz siyasətini aparması ilə yanaşı, cəmiyyətin də həqiqəti söyləməsini təklif edirdik. Deyirdik ki, hakimiyyət Rusiyanın gəlişini təqdir etmiş kimi görünə, belə bəyanatlar verə, hətta bunu əsaslandırmağa çalışa bilər. Ancaq cəmiyyət ona qoşulub xor oxumamalıdır. 

Telekanallar rəsmi siyasi kursu təkrarlayan ekspertlərlə dolub-daşırdı. Onlar “sülhməramlılar”ın gəlişinin labüdlüyünü, “qaçılmaz reallıq” olduğunu əsaslandırmağa çalışırdılar. Şəxsi söhbətlərdə isə “həqiqəti biz də bilirik e, amma həqiqəti söyləmək təhlükəlidir” deyirdilər. Anlatmaq olmurdu ki, ölkədə həqiqətləri hansı məqamda söyləyib-söyləməmək seçimi olan başqa adamlar var. Biri ölkənin rəhbəridir, biri xarici işlər naziri, qalanlar da təxminən o statusda olan məmurlar… Axı cəmiyyət niyə dövlətin diliylə danışmalıdır? 

“Rusiyaya qarşı olan siyasi partiyaların, cəmiyyətin önü açılmalıdır” deyəndə irad tuturdular ki, dövlət nə etdiyini bilir. Bəli, elə biz də onu deyirik! Dövlət nə etdiyini bilir, cəmiyyət nə etdiyini bilmir! Cəmiyyət adından danışdırılan “ekspertlər” onu yanlış istiqamətə yönəldirlər, real ictimai rəyi qarşı tərəfə çatdırmağa imkan vermirlər! Cəmiyyət bu məsələdə real anti-Rusiya mövqeyini o vaxt açıq ortaya qoya bilsəydi, hakimiyyət Moskva ilə daha sərbəst diplomatiya yürüdə bilər, indikindən daha əlverişli situasiya yaranardı…

İndi vətəndaş etirazı aksiyaları vasitəsilə yaranmış tablonun eskizinin tək Bakıda cızıldığını da düşünmək sadəlövhlük olar. Rusiyanın mövqelərinin zəiflədilməsinə çalışan dünya gücləri, Vətən Müharibəsi zamanı Azərbaycanın haqq işini müdafiə etmiş tərəflər bu məsələdə ən azı bizim qədər maraqlıdırlar. Britaniyanın Azərbaycanda qızıl yataqlarının işlənməsi ilə məşğul olan mədən şirkətinin Ermənistanı məhkəməyə verməklə hədələməsi bunun ən aşkar əlamətlərindən biri sayıla bilər. 

Proses başlayıb, davam etməlidir. Bu aksiyalar 2020-ci ilin noyabrından bəri Şuşadan üzü Xankəndinə yönəlmiş ilk təşəbbüsdür. İndi Bakı anlatmağa çalışır ki, ortada silahlar dayandıqca nə biz bütöv dövlətə çevrilə biləcəyik, nə separatçılar rahat yaşaya biləcəklər. Bu kampaniyanı məhz hakimiyyətin daxildəki davranışında yol verdiyi haqsızlıqlarla bir müstəviyə gətirib gözdən salmaq düzgün seçim deyil.

Təhlükəsizlik məsələsini haqq-hüquq arqumentləri ilə qarşılaşdırmaq riskli işdir. Bu, hüququ uğrunda vuruşduğun cəmiyyətin bütövlükdə taleyini təhlükə altına atır. Əlbəttə, unudulmamalıdır ki, haqq və hüquqları təmin etməmək üçün təhlükəsizlik amilini bəhanə gətirmək də siyasi spekulyasiya, kənar təhlükədən qorumağa çalışdığın cəmiyyəti içindən məhv etmək deməkdir.    

(Ümumiyyətlə, Azərbaycan cəmiyyətinin cavab tapmalı olduğu bir sual var. Biz hüquqlar, liberal dəyərlər, demokratik təşəbbüslər məsələsini dövlət, torpaq, təhlükəsizlik anlayışları ilə necə qarşılaşdırmalıyıq? Hansına üstünlük verməliyik? Bu sualla dünyadakı bütün cəmiyyətlər, dövlətlər üzləşiblər. Doğru cavab tapıb yaşayanlar da var, yanlış yol seçib əsrlərlə əziyyət çəkənlər də, ümumiyyətlə, cavab tapmayıb, tarixdən silinənlər də. Biz aydınlaşdırmalıyıq ki, əvvəl dövlət olub, sonra hüquqları bərqərar etməyə çalışmalıyıq, yoxsa, hüquqlar uğrunda savaşan, amma dövləti, sərhədi, ərazisi tam olmayan bir topluma çevrilib, tarixin qaranlığına doğru üz tutmalıyıq? Qaranlıqlarsız keçinmək olmazmı? Bunların ikisi də birdən mümkün deyilmi? Mənim bu suala cavabım var. Amma mən cəmiyyət deyiləm, bu suala cəmiyyət olaraq cavab verməliyik. 10 milyon vətəndaşın hamısından tək-tək alınan cavablar da o cavab deyil. Bu suala bir yerdə cavab verməliyik. Necə ki, küçədə gedərkən hər kəs ayrılıqda ürəyində “Qarabağ Azərbaycandır!” deyir, amma bunu şüar kimi yalnız toplu halda olanda bağıra bilirik…)

The post Məsuliyyətsizlik zonası appeared first on 24 saat.

24 saat” “Məsuliyyətsizlik zonası” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button