“Maaş-pensiya artımları üçün vəsait büdcədə nəzərdə tutulmayıb” - 24 saat xəbərlər
Now Reading:
“Maaş-pensiya artımları üçün vəsait büdcədə nəzərdə tutulmayıb”
Full Article 5 minutes read

“Maaş-pensiya artımları üçün vəsait büdcədə nəzərdə tutulmayıb”

Natiq Cəfərli: “Artımlar infilyasiya prosesinin sürətlənməsinə səbəb olan amillərdən birinə çevriləcək”

Azərbaycanda pensiya və əməkhaqqının minimum məbləği, sosial müavinətlər, tələbələrin təqaüdləri və sair artırıldı. Hesablamalara görə, bu, il ərzində əhaliyə 1 milyard manat civarında əlavə vəsaitin verilməsi deməkdir. Bu artımların ölkənin iqtisadi-sosial vəziyyətinə, əhalinin güzəranına, bahalaşmaya, infilyasiyaya və büdcəyə təsirləri müəyyən suallar yaradır.

Bizimyol.info bu suallarla bağlı “REAL” partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərlinin mövqeyini öyərənib. Müsahibəni təqdim edirik.

– Natiq bəy, maaşların, pensiyaların, müavinətlərin artırılması ölkədə pul kütləsinin artmasına və nəticədə bahlaşmaya, sürətli infilyasiyaya səbəb ola bilərmi?

– Bazara daxil olan əlavə pul kütləsinin həcmini nəzərə alsaq, normal rəqabətli iqtisadi modeldə ciddi təsirləri olmamalıdır. Çünki Azərbaycanda mal və əmtəənin – ticarətin illik dövriyyəsi təqribən 30 milyard manatdır. Son artımlardan sonra əhaliyə əlavə təqribən 1 milyard manat daxil olacaq. 30 milyard ticarət dövriyyəsi olan bir ölkədə bu məbləğin böyük fəsadlara yol açması, infilyasiyaya səbəb olması əslində olmamalıdır.

Cüzi qiymət artımı, təbii ki, olacaq.

Bu, həm də psixoloji gözləntilərdən doğur. Bizdə maaşlar artan kimi qiymətlər də artır. Qlobal olaraq isə, əslində təsir olmamalıdır. Ancaq Azərbaycanın indiki iqtisadi modelində, təəssüf ki, təsirləri olacaq və infilyasiya prosesinin sürətlənməsinə səbəb olan amillərdən birinə çevriləcək. Çünki ölkədə hələ də rəqabətli mühitin tam oturuşmasını müşahidə etmirik. Yəni məhsulların, göstərilən xidmətlərin çeşidi bol olduqda, bu zaman qiymətlərin tənzimlənməsi təbii iqtisadi yollarla baş verir. Ona görə də maaş və müavinətlərin, pensiyaların artımı ilə paralel olaraq iqtisadi sistemin özündə də rəqabətlilik mühitinin artırırlması üçün tədbirlər görülməlidir.

– Bu tədbirlərə nə daxildir?

– Ən tez həll oluna biləcək məsələlərdən biri Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyüdür. 1997-ci ildən bu problem ilişib qalıb. 22 ildir danışıq gedir, ətraf ölkələrin hamısı üzv olub, amma biz hələ qalmışıq. MDB ölkələrindən son olaraq 2015-ci ildə Qazaxıstan üzv oldu. Buna paralel olaraq, strukturda, iqtisadiyyatın işləmə qaydalarında da müəyyən dəyişikliklərə ehtiyac var ki, artımlar infiyasiyanın sürətlənməsinə təsir göstərməsin.

– Qısa müddət ərzində bu qədər artım büdcədə necə tənzimlənəcək? Artım məbləğləri vəsait olaraq büdcədə nəzərdə tutulub?

– Bu vəsait büdcədə nəzərdə tutlmayıb. Amma büdcənin keçən ildən qalan və bu il ayrılan ehtiyat fondu və büdcə kəsirinin maksimum miqdarı var. Yəni büdcə kəsirinin artırılması mümkündür. Söhbət, dediyimiz kimi, bir milyard manatdan gedir. Burada iki yol var. Birinci yol odur ki, ya büdcənin heç bir parametrinə dəyişiklik etmədən büdcə kəsirinin artırılması yolu ilə bu xərclər qarşılanacaq, ya da büdcədə digər istiqamətlərə – məsələn, təmir-tikinti işlərinə ayrılan vəsaitdə müəyyən kəsintilərə gedərək, artım vəsaitinin ödənilməsinə yonələcək. İkinci yol isə Neft Fondundan əlavə vəsaitin ayrılmasıdır. Bu, Prezidentin müstəsna səlahiyyətidir ki, Neft Fondundan əlavə 600 milyon vəsait ayıraraq məhz bu istiqamətə yönləndirilə bilər. Yəni vəsaitin hardan əldə edilməsi ölkə Prezidentinin qərarından asılı olacaq. Amma hazırda təsdiqlənmiş büdcədə bu ödənişlər üçün məbləğlər nəzərdə tutulmayıb.

– Bir neçə dəfə neftin qiymətinin dəyişməsi ilə əlaqədar ilin ortasında büdcəyə yenidən baxılması halları olub. Hazırkı durum büdcəyə yenidən baxılması zərurətini yarana bilərmi?

– Büdcəyə yenidən baxılması mümkündür və bu ehtimal da yüksəkdir. Çox güman ki, mayın sonu, yaxud iyun ayının əvvəlində parlament yenidən büdcəyə baxa bilər. Yeri gəlmişkən, büdcəyə yenidən baxılması son illər Azərbaycanda demək olar ki, adət halını alıb. Amma büdcə parametrlərinin dəyişməsi yaxşı əlamət deyil.

Amma burada bir məsələ var ki, minimum əməkhaqqı ilə artımlar mart ayından, sosial müavinətlərin artımı isə apreldən qüvvəyə minir. May ayında büdcə dəyişdirilsə belə, müvafiq olaraq 2-3 ay ödənişlər edilməlidiir. Ona görə də, öncədən bunun büdcədə mənbəyi tapılmalıdır. Büdcəyə yenidən baxılması ehtimalına gəlincə, may ayına qədər neft qiymətləri izlənəcək. Neftin qiyməti büdcədə 60 dollar götürülüb, hələlik bir təhlükə yoxdur, çünki uzun zamandır neftin qiyməti 65 dollar civarındadır. Amma may ayına qədər ciddi dəyişiklik olsa, yəni qiymətin düşməsi baş versə, büdcəyə yenidən baxılıb parametrləri dəyişdirilə bilər. Bu zaman isə Neft Fondunun üzərinə böyük yük düşəcək. Yəni hökumət Neft Fondundan əlavə vəsait götürməyə məcbur olacaq.

– Minimum pensiya 160 manat edilərkən daha az pensiya alanların aldığı məbləğə müsbət təsir göstərdi. Pensiyanın illik infilyasiyaya uyğun indekləşdirilməsi isə hər 100 manata təxminən 3 manat civarında artıma səbəb oldu. Bu da pensiyaçıları çox da razı salmayıb. Pensiyaların yenidən artımı gözləniləndirmi?

– Əslində, Prezidentin son çıxışında bunun anonsu oldu. Vurğulandı ki, pensiyaların artırılmasına yenidən baxılacaq və gündəmə gələcək. Güman ki, bununla bağlı xüsusi bir qərar ola bilər. Amma burada bir məsələ var ki, Azərbaycanda 1.3 milyon təqaüdçü var. Pensiyaların artırılması büdcəyə əlavə yük gətirəcək. Təbii ki, Azərbaycanda pensiya məbləği çox aşağıdır və artırılması vacibdir. Amma pulun mənbəyi öncədən düşünülməlidir. Çünki 1.3 milyon insana tətbiq ediləcək qərardan söhbət gedirsə, bu, kifayət qədər ciddi rəqəm olacaq. Bununla da büdcəyə yenidən baxmaq və büdcə parametrlərini yenidən hesablamağa lüzum yaranacaq. Yoxsa, ciddi büdcə kəsiri ilə qarşılaşa bilərik, yaxud bu, Neft Fondundan daha böyük vəsaitlərin götürülməsi ilə nəticələnə bilər. Bunun üçün tənzimlənmə mexanizmləri işə düşməlidir.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.