Loading...
Loading...
İqtisadiyyat

Mağazada hər hansı məhsul sınarsa ödəmə öhdəliyi kimin üzərinə düşür?

Son dövrlərdə iqtisadi əlaqələrin genişlənməsi ticarət obyektlərinin artmasına gətirib çıxarır. Dolayısı ilə bu obyektlərə zəruri təlabatlardan asılı olaraq sıx müştəri axını izlənilir. Bəzən ehtiyatsızlıqdan yaxud təsadüfi hallarda hər hansı müştəri tərəfindən mağazadakı ixtiyari məhsula ziyan vurulması yəqin ki, bir çoxlarımız tərəfindən müşahidə olunub və ya bunu özümüz yaşamışıq.

Siz və uşağınız hər hansı bir malı sındırmısınız, belə olan halda həmin məhsula dəyən ziyanın məbləği kim tərəfindən ödənilməlidir? Məsələ necə tənzimlənir? Problemin həlli üçün hansı yollar var?

Sözü gedən məsələylə bağlı hüquqşunas Əhməd Nicat Ramiz oğlu Banco.az-a açıqlama verib.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə “Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır.”

Qeyd olunan maddədən başa düşürük ki, əmlakın təsadüfi məhv olması riski mülkiyyətçinin üzərinə düşür. Mülki Məcələnin 615- ci maddəsinə görə “Əgər pərakəndə alğı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə alğı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır.”

Əgər əmlak alıcıya  qeyd olunan şəkildə kassa , əmtəə çeki və ya malın ödənildiyini təsdiq edən digər sənəd verilməklə alıcının mülkiyyətinə keçməyibsə, əmlakla bağlı risklər mülkiyyətçinin,yəni  sahibkarın üzərinə düşür. Amma bu sadəcə təsadüfi zədələnmə hallarına aiddir.

Mülki Məcəllənin 1097- ci maddəsinə görə Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Həqiqətən, qarşı tərəfə zərər verən şəxs müvafiq cavabdehlik daşıyır. Bu cür öhdəliyin meydana çıxması aşağıdakı şərtlərin mövcudluğundan asılıdır.

1. Zərər verənin qanunsuz davranışı;

2. Qanunsuz hərəkətlə zərər arasındakı səbəb əlaqəsi.

Mağaza qırılan malların qiymətini alıcıdan (əgər bu təsadüfi halla baş verməyibsə) ya könüllü olaraq, ya da məhkəmə qaydası ilə ala bilər . Alıcı mallara vurulan zərərin təqsirkar hərəkətləri nəticəsində baş verdiyinə inanırsa, zərəri könüllü şəkildə ödəyə bilər. Lakin, alıcı özünü təqsirkar hesab etmirsə, mağaza rəhbərliyi onu ziyanın əvəzini verməyə məcbur etməyə haqqı yoxdur.

Mağazanın riayət etməli olduğu bəzi faktları gözdən qaçırması əmlakın təsadüfi itkisinə səbəb ola bilər ki,bu halda alıcı məsuliyyət daşımamalıdır.

Gözdən qaçırmayın:  "Dilənçiyə" çevrilirlər: 84 milyard dollar zərər, siyahıda Ələkbərov da var

Bunlardan bəziləri:

  • Ticarət mərtəbəsindəki koridorların eni standarta uyğun deyil.

  Məsələn, Satıcıların riayət etməli olduğu xüsusi məqamlar var. Məsələn, keçidin eni 1, 4 metrə uyğun olan 100 kvadrat metrədək bir ərazi normaldır.

  • Keçid çətindir.

Məsələn, qutular, mallar və ya yükləyicilər olan arabalar koridorda yerləşdirilir.

  • Təhlükəsiz şərait yaradılmır.

Məsələn, döşəmə sürüşkəndir.

  • Alıcı onu götürməmişdən əvvəl ola bilər ki vitrində zədələnmiş olsun.

Məsələn,Malların daşınması, yerləşdirilməsi zamanı mağaza işçiləri tez-tez qablaşdırmaya zərər verirlər.

Yuxarıda göstərilən bütün hallarda alıcı zərərin əvəzini ödəməyə borclu deyil.

Tövsiyə edirəm ki, əgər alıcı məhsul yüksəkdə olduğu üçün buna əli çatmırsa , onu özü götürməsin, satıcıdan tələb etsin.

Əgər alıcı məhsulu kobud ehtiyatsızlıq nəticəsində sındırdığını dərk edirsə, onun haqqını ödəməlidir, amma əksinə malların düzgün yığılmaması nəticəsində və yuxarıdakı hər hansı səbəbdən məhsula ziyan dəyərsə bunu ödəməməlidir və haqlı səbələrini mağaza sahibinə bildirməlidir.

Təsadüfən vurulan ziyan nə deməkdir?

Şəxs mağazada ehtiyatlı davranırsa, artıq heç bir şeyə toxunmursa, təmkinli, mallarla rəflərə toxunmursa, amma nədənsə mallar yıxılır və qırılırsa, deməli bu təsadüfən zədələnmiş məhsuldur.

Bəs bunu uşaqlar etsə məsələ necə tənzimlənir?

Mülki Məcəllənin 1103-cü maddəsinə görə on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar.

Əksər hallarda insanlar özlərini itirir, bəziləri isə öz hüquqlarını belə bilmirlər, buna görə də insanlar təqsiri olmadan sınmış mallar üçün zərər ödəməyə razı olurlar. Yuxarda qeyd etdiyim məqamlara diqqət yetirərək, öz hüquqlarını tələb edə bilərlər.”

Mənbə
“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button