2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Mahmud Hacıyev: “SSRİ zamanı işgəncəyə görə həbs edilən zabitlər olurdu”

24saat.org Milli Şuranın üzvü, uzun illər hüquq mühafizə orqanlarında çalışmış Mahmud Hacıyevlə müsahibəni təqdim edir.

Son iki gündə ölkənin əsas müzakirə etdiyi məsələ blogger Mehman Hüseynovun gecə ikən saxlanılması, oğurlanması, barəsində isə səhər saatlarında məlumatın əldə olunmasıdır. Üstəlik blogger mediaya deyib ki, polisdə ona işgəncə verilib, ləyaqəti alçaldan durumla qarşılaşıb. Keçmiş polis zabiti olaraq bu durumu necə qiymətləndirirsiniz?

– Burada keçmiş polis zabiti və ya rəislik bir məsələ yoxdur. İndi bu məsələ müzakirə edilir. Mən qarşı tərəfin də mövqeyi ilə tanış olmağa çalışdım. Səhv etmirəmsə, polislər bildirib ki, həmin gənc polislərə tabe olmayıb, qeyri-qanunu hərəkət edib. Bu da, sonda məhkəmə yolu ilə çözülüb. Hesab edirəm ki, bu işlə bağlı hakimə irad tutmaq mümkün deyil. Çünki hakimin qarşısında fakt var, daha doğrusu polis nəfərlərinin müraciəti, izahatı var. Yəni qeyd edirlər ki, həmin şəxs qayda – qanunu pozub, biz onu qanunun qorunmasına dəvət edərkən polisə qarşı qeyri qanunu hərəkətlər edib. İndi biz deyirik ki, bəlkə polis nəfərləri burada subyektiv hərəkət ediblər. Ancaq polis də deyə bilər ki, biz düz etmişik. Sözümün canı odur ki, bu müəmmalı məsələdir.

Saytların yığılması Saytlarin yigilmasi

– Mehman Hüseynov açıq bəyan edir ki, polisdə döyülüb, işgəncəyə məruz qalıb…

– Bəli, deyir ki, mənə işgəncə verilib, başıma torba keçirilib, döyülüb və s. Əgər söhbət polisin döyməsindən gedirsə, nəzərə alın ki, DİN-in Daxili Təhqiqatlar İdarəsi var. Bu idarə xidməti təhqiqat aparır. Əgər idarəyə şəxs tərəfindən müraciət daxil olursa və orada qeyd edilirsə ki, polis ona fiziki güc tətbiq edib, işgəncəyə məruz qalıb, bu halda idarə daxili təhqiqat aparılır. Fikrimcə, belə hallarda həmin idarəyə müraciət etmək lazımdır. İkincisi, nəzərə alın ki, belə faktla bağlı prokurorluğa müraciət edilə bilər. Bu halda prokurorluq özü araşdırma apara bilər. İndi Mehman Hüseynov bunları deyir. Amma demək başqa, müraciət etmək başqa. Deməklə yanaşı müraciət etmək də lazımdır. Mən məsələnin qanuni tərəfini deyirəm. Zor tətbiq edilibsə, işgəncə verilibsə bu halda qanuna nəzarət orqanı olan prokurorluğa müraciət etməlidir.

– Siz, özünüz necə il polisdə çalışmışınız?

– Kifayət qədər çalışmışam.

– Sizin dövrünüzdə polisdə işgəncə halları var idimi?

– Demək olmaz ki, SSRİ-dən üzü bu yana polisdə ideal təmizləmə olub, fiziki güc tətbiq edən olmayıb. Əlbəttə, olub. Hətta SSRİ dönəmində də olub, müharibədən sonrakı illərdə, müstəqilliyin ilkin illərində də. Biz uzun illər kommunistlərin idarə etdiyi Sovetlər Birliyində yaşamışıq. Həmin dövrdə də belə hallar olub. Onda polis deyil, milis adlandırılırdı. Ancaq belə halların az və ya çox olması məsələsi də var.

– Polisdə işlədiyiniz müddətdə işgəncəyə görə, polis əməkdaşlarının cəzalandırıldığını, işdən çıxarıldığını görmüşünüz?

– Belə hallar da olub. SSRİ zamanı hətta həbs edilən milis zabitləri də olub. Elə faktlar olub ki, işə birbaşa Moskva qarışıb. Bu kimi hallar olub. Bəzən SSRİ DİN bu işə müdaxilə edib məsələni araşdırırdı.

– İşgəncə faktlarının gizlədilməsi imkanları nə qədərdir?

– El məsəli var: kim öz ayranına turş deyər? İşgəncə qeyri-qanuni hərəkətdir. Kim istəyər ki, bunu açıq-aşkar bildirsin ki, belə fakt olub. Aydın məsələdir ki, belə fakt olan da çalışılır ki, o qədər də açılıb ağardılmasın. SSRİ dönəmində də, indi də belədir.

Ancaq BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin hesabatlarında da işgəncə faktlarına toxunulur…

– Açığı, ola bilsin ki, belə hesabat olub. BMT dünyada tanınmış beynəlxalq qurumdur. Onlar müxtəlif ölkələrlə bağlı hesabatlar hazırlayırlar. Mən şəxsən həmin hesabatı oxumamışam, onunla tanış deyiləm.

– Bu cür halların qarşısını almaq üçün hansı tədbirlər görmək vacibdir?

– Əslində nəzərə alın ki, beş barmağın beşi də bir ola bilməz. Hər bir qurumda, habelə hüquq mühafizə orqanlarında yaxşı və pisi, savadlısı və savadsızı, peşəkarı və qeyri peşəkarı, mədənisi və mədəni olmayanı ola bilir. Bütün təşkilatlarda belədir. Polisdə bura aiddir. Qeyri mülkü qurumlarda da vəziyyət belədir. Siz bir komitəni, MMC-ni və ya nazirliyi götürsəniz görərsiniz ki, orada hamısı ideal təmiz, savadlı və mədəni deyil. Pisi də, yaxşısı da var.

– Hüquq mühafizə orqanlarında işgəncələrin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

– Bu məsələ şəxsiyyətin özündən asılıdır. Tutalım rəhbərlik iclas keçirdi, təlim-tərbiyə işləri ilə bağlı izahat aparır, kimlərisə polisdə xaric edir, kiməsə töhmət verir. Bunlar öz yerində. Amma əməkdaşın özündən də çox şey asılıdır. Əgər əməkdaşın qabında o peşəkarlıq, mədəniyyət və intellekt yoxdursa əvvəl-axır bir neqativ hərəkət edəcək. Rəhbərlik istəsə də, istəməsə də. İnsan mürəkkəb məxluqdur. Ola bilsin ki, hansısa məqamda neqativ hərəkətə yol verəcək. Buna rəhbərlik cavab verə bilməz.

– SSRİ zaman milisdə yuxarıdan tapşırıq və ya göstərişlə işgəncə verilməsi halları olurdu?

– Yox. Belə tapşırığı heç vaxt verməzlər. Ağlı başında olan və rəhbərlikdə olan məsul şəxs tabeçiliyində olan işçiyə işgəncəyə dair göstəriş verə bilməz. Bunu eləmirlər. Çünki başqasının əlinə “kozur” vermək olmaz. Normal rəhbər ona tabe olan işçiyə özü haqqında kompromat verə bilərmi? Axı sabah həmin şəxs rəhbərliyin üzünə dura bilər. Odur ki, rəhbərlikdə belə hallara o qədər də getmirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button