Loading...
Loading...
Xəbərlər

“Manatın dəyər itirməsi gözləniləndir”

Sual: Rəşad bəy, son vaxtlar rəsmi açıqlamalardan belə anlaşılır ki, manat yaxın zamanda tam üzən məzənnə  rejiminə keçəcək? 

Cavab: Son günlər manatın məzənnəsi və üzən məzənnə rejiminə keçid və devalvasiya mövzuları ictimai müzakirələrin əsas mövzularından biridir. Amma bu gün faktiki olaraq real vəziyyətin təhlili onu göstərir ki, Azərbaycan hazırda üzən məzənnə rejiminə hazır deyil, eyni zamanda devalvasiya üçün ciddi əsaslar yoxdur. Təbii ki, gündəmi formalaşdıran müəyyən determinatorların olmasını demək olar. Region ölkələrində, əsas xarici ticarət tərəfdaşlarında milli valyutalarda baş verən proseslər, milli valyutaların dəyərsizləşməsi, digər tərəfdən xüsusilə də prezidentin çıxışında ifadə etdiyi fikirlər, həmçinin real valyuta bazarında bankların davranışları, onların təyin etdiyi məzənnələr, büdcə prosesi və valyuta bazarlarında ortaya çıxan nəticələr bu mövzunun müzakirələrini daha da aktuallaşdırıb. Amma bütün bunlara baxmayaraq birmənalı şəkildə qeyd etmək lazımdır ki, indiki şərtlər daxilində Azərbaycan hökumətinin devalvasiya qərarını qəbul etməsi heç bir halda real görünmür. Çünki bütün faktorlar manatın məzənnəsinin qorunub saxlanması istiqamətində bir konyuktur imkanlar formalaşdırır. Belə ki, həm tədiyyə balansının profisiti, ticarət saldosunun artıq olması və ən əsası neftin qiymətinin yüksək olması, neftin büdcədə nəzərdə tutulduğundan 60-70 faiz baha satılması bu istiqamətdə zərurəti minimumlaşdırır. Eyni zamanda bunun sosial fəsadları da ola bilər. Inflyasiya riski çox yüksəkdir. Devalvasiya inflyasiya risklərini kəskin şəkildə artıra bilər ki, bu da hökumətə lazım deyil. 

Eyni zamanda onu da qeyd etmək lazımdır ki, hökumətin mesajlarından da onu oxumaq olur ki, indiki şərtlər daxilində manatın məzənnəsinin sabit saxlanması cəhdləri davam etdiriləcək. Məsələn, büdcə sənədinə baxmış olsaq, hökumət 2024-cü ildə belə manatın məzənnəsini  ABŞ dolları ekvivalentində 1,70 manat götürməklə hesablamalar aparıb. Bu özü də müəyyən mənada hələlik devalvasiya imkanlarını məhdudlaşdırır. Üzən məzənnə rejiminə keçidlə bağlı düşünürəm ki, Azərbaycanda nə bank sektoru, nə vətəndaş, nə biznes, o cümlədən hökumət üzən məzənnə rejiminə hazırdır. Ilk dövrlərdə bu çox ciddi fəsadlara gətirib çıxara bilər. Bu isə öz növbəsində bütün bazar iştirakçıları üçün arzuolunmayan fəaliyyət mühiti formalaşdıracaq. Ona görə də üzən məzənnə rejiminə qısa müddətdə keçid hələlik gözlənilmir. Amma təbii üfüqdə hər zaman yeganə alternativ rejim üzən məzənnə rejimidir. 

Sual: Prezident yerli telekanllara son müsahibəsində manatın sabit saxlanması ilə bağlı əvvəllər atılan inzibati addımlara toxunaraq deyib ki, “Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. Amma o addımı biz mütləq atmalı idik. Əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxarmışdı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik”. Bu vaxta qədər manatın sabit saxlanması üçün nə qədər vəsait xərclənib? Və ya başqa hansı inzibati metodlardan istifadə olunub?  

Cavab: Təbii ki, prezidentin çıxışı müəyyən mənalarda qiymətləndirilməlidir. Ilk növbədə mənim başa düşdüyüm odur ki, artıq növbəti yeni bir bənzər situasiya yaranarsa, prezidentin mesajı ondan ibarətdir ki, hökumət 2015-ci ildə olduğu kimi davranmayacaq, manatın məzənnəsini saxlamaq üçün böyük resurslar xərcləməkdə maraqlı olmayacaq. Doğrusu, son illər manatın məzənnəsinin sabit saxlanması istiqamətində xərclənən vəsait yalnız Dövlət Neft Fondunun bazara çıxardığı valyutadır. 2016-cı ildən etibarən Mərkəzi Bankın strateji valyuta ehtiyyatları qismən artmağa başlayıb. Mərkəzi Bank birbaşa olaraq bazara valyuta intervensiya etmir. Hətta bazardan az da olsa valyuta çıxardığını da demək olar. Sterilizasiya prosesini zəif templə də olsa bəzi vaxtlarda həyata keçirib. Insanlar birmənalı şəkildə bilməlidir ki, manatın məzənnəsinin bu səviyyədə saxlanması üçün hər hansı xərcləmədən söhbət getmir. 

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

O ki qaldı əlavə görülən işlərə, 2015-ci ildən sonra hökumətin məzənnə ilə bağlı davranışları nisbətən dəyişib. Hökumət mümkün qədər qeyri-rəsmi yollarla ölkədən çıxarılan valyutanın müəyyən maraqlar çərçivəsində qarşısını almağa çalışır. Eyni zamanda valyuta transferinin çərçivəsinə müəyyn dəyişikliklər edib. Bəyanetmə məsələsi və eyni zamanda ixracatçılarla bağlı tələblər sərtləşdirildi. Ixracatçılar məhsulu ölkədən çıxardıqdan sonrakı altı ay müddətində həmin məhsulu və onun dəyərini ölkəyə gətirməlidirlər. Bu özü də müəyyən mənada tənzimləyici addımlardan hesab edilir. Digər tərəfdən  valyuta bazarının əsas iştirakçılarından olan valyuta dəyişmə məntəqələri bağlanıb və bu yolla  müəyyən mərkəzdən idarəetmə sistemi formalaşdırmağa çalışdı. Bu siyasətdən ötən altı il ərzində vaz keçməyib. Iri satışları məhdudlaşdırmaq məqsədi ilə rəsmi gəlirlərin sübutu əsasında valyuta satışı mexanizmi tətbiq etməyə başlanılıb ki, bu da gizli iqtisadiyyatın valyutaya çıxışını müəyyən mənada məhdudlaşdırır. Təbii ki, burda qara bazarın formalaşması kimi faktorlar da var. Amma ümumilikdə bu istiqamətdə valyuta tələbini qismən neytrallaşdıra bilib. Eyni zamanda qeyri-rəsmi tapşırıqlarla ehtiyac olduqda bankların valyuta satışlarına müdaxilə etməklə bu istiqamətdə yaranan psixoloji təzyiqi neytrallaşdırmağa çalışıb.  

Sual: İnzibati yollarla manatı nə qədər qoruya bilərlər? 

Cavab: Əlbəttə ki, inzibati yollar yalnız dünya bazarında neftin qiymətinin yüksək olduğu dövrlərdə, bazarın özünün təminetmə imkanlarının olduğu dövrlərdə qismən təsiredicidir. Bu davamlı və dayanıqlı mexanizm deyil. Heç bir zaman da bu yanaşma ilə uzunmüddətli valyuta, məzənnə siyasəti həyata keçirmək mümkün deyil. Amma bu günki şərtlər daxilində hökumətin mövcud diktə məzənnə siyasətini davam etdirməsi üçün imkanlar nisbətən daha əlverişliddir. İlk ciddi risklərdə, xüsusilə xarici fluktasiyalarda dünya bazarında neft və qazın qiymətinin kəskin ucuzlaşması hallarında Azərbaycan yeni bir devalvasiya təzyiqi ilə üzləşmiş olacaqdır. Əslində bu istiqamətdə hökumət gecikir. Siyasəti təkmilləşdirməli, manatın məzənnəsini tənzimlənən məzənnə olsa belə mərhələli şəkildə yumşaltmaqla, xüsusən region ölkələrində, əsasən xarici ticarət tərəfdaşlarında baş verən dəyişikliklərə uyğunlaşdırma istiqamətində kiçik də olsa addımlar atmalıdır ki, növbəti ciddi risklərdə, təzyiqlərdə kəskin devalvasiya zərurəti yaranmasın. Eyni zamanda biznes, vətəndaş, bank, hökumət bu prosesi mərhələli şəkildə keçməklə ciddi itkilərlə üzləşməsin. 

Sual: Belə anlaşılır ki, manat dəyər itirə bilər. 

Cavab: Manatın dəyər itirməsi istənilən halda gözləniləndir. Manat bu gün də real dəyərini itirir. Manat sadəcə ABŞ dollarına münasibətdə nominal dəyərini qoruya bilir. İnflyasiya gedir, ABŞ dollarının özü dəyər itirməkdədir. Bu mərhələli şəkildə manatın dəyərsizləşdirməsi prosesinə aparır. Nominal dəyər itirməyə gəldikdə isə, bu özü də çox böyük təzyiqdir. İstənilən halda manat perspektivdə xarici valyutalar qarşısında dəyər itirə bilər. 

Sual: Vəziyyəti normallaşdırmaq üçün çıxış yolları nələrdir?

Cavab: Bir sıra istiqamətlərdə, o cümlədən administrativ, institusional, iqtisadi sahələrdə addımlar atılmalıdır. Mərkəzi Banka güvən gücləndirilməli, müstəqilliyinə inam artırılmalıdır. Hökumət mövcud kommunikasiya imkanlarından daha dürüst istifadə etməlidir. Yəni daha çox informasiya verməlidir. Öz məzənnə siyasətində açıq olmalıdır. İqtisadi faktorlar yenidən gözdən keçirilməlidir. İxrac istiqamətli təşəbbüslərin dəstəklənməsi, yerli istehsalın rəqabətliliyinin artırılması, neftdən asılılığın minimuma endirilməsi əsas tələblər olmalıdır. Həmçinin maliyyə-bank sektorunda bir sıra addımlar atılmalıdır. O cümlədən manatla əmanətlərin və depozitlərin qorunması mexanizmləri daha da gücləndirilməlidir. 

Kamran Mahmudov

Turan
“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun