Manatın devalvasiyası olsa, olmasa…


Devalvasiyanın olub-olmaması indi Azərbaycan iqtisadçılarının ən çox müzakirə etdikləri məsələlərdəndir.

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna deyib ki, hökumət ölkənin valyuta ehtiyatlarının saxlanılması üçün milli valyutanın yüngül devalvasiyasına gedə bilərdi. O, qeyd edib ki, manat 15-20 faiz ucuzlaşa bilər:

“Rəqəmləri yuvarlaqlaşdırsaq, bu il Dövlət Neft Fondunun gəlirləri 7,8 milyard manat, xərclər isə 12,5 milyard manat təşkil edəcək. Kəsir 4,7 milyard manat olacaq ki, bu da ciddi göstəricidir”.

“İşğal olunmuş ərazilər azad edildikdən sonra aydın oldu ki…” 

Natiq Cəfərli vurğulayıb ki, məlum səbəblərdən 2021-ci il üçün dövlət büdcəsi layihəsi, hələ də parlamentə təqdim olunmayıb:

“İşğal olunmuş ərazilər azad edildikdən sonra aydın oldu ki, 2021-ci ilin dövlət büdcəsinə həmin ərazilərdə təhlükəsizliyin təmin edilməsi, ərazilərin minalardan təmizlənməsi, infrastruktur layihələrinin inkişafı ilə bağlı xərcləri daxil etmək lazımdır. Bütün bunlar əlavə büdcə xərcləri tələb edəcək.”

Onun fikrincə, bunun üçün əsas bir mənbə var – Dövlət Neft Fondu.

O, qeyd edib ki, bu il iqtisadiyyat 4-4,5 faiz azalacaq. Onun fikrincə, sahibkarlıq sektorunda yaranmış mürəkkəb vəziyyətlə əlaqədar büdcə gəlirlərinin vergi xəttindən ciddi şəkildə artım gözləmək olmaz.

 

“Neft Fondundan əlavə 4-5 milyard manat alınmalıdır”

Natiq Cəfərli hesab edir ki, əhalinin alıcılıq qabiliyyətinin azalması ilə əlaqədar gömrük daxilolmaları da azalacaq:

“Əgər 2021-ci ildə dövlət büdcəsinin xərc hissəsi 10-15 artarsa, Dövlət Neft Fondundan əlavə 4-5 milyard manat alınmalıdır. Başqa sözlə, Fonddan ən azı 17 milyard manat almaq lazımdır ki, bu da cari məzənnə ilə 10 milyard dollar təşkil edir”.

“Yüngül devalvasiyaya getməyə dəyər”

O vurğulayıb ki, 2021-ci ildə Dövlət Neft Fondunun gəlirləri ən yaxşı halda 8 milyard manat təşkil edəcək ki, bu da avtomatik 9 milyard manat kəsir yaranacağı anlamına gəlir:

“Bu, böyük rəqəmdir. Bütün yük Fondun üzərinə düşür. Buna görə də Fondun valyuta ehtiyatlarını qorumaq üçün yüngül devalvasiyaya getməyə dəyər. Paralel olaraq, biz milli valyutanın aşağı salınmış məzənnəsindən istifadə edərək rəqabət qabiliyyətli iqtisadi model yaratmalıyıq”.

 

“Balansın kəsiri nə qədər çox olursa…”

Başqa bir iqtisadçı Rövşən Ağayev isə fərqli düşünür.

O hesab edir ki, bu məsələdə ən önəmli məqam ölkənin tədiyə balansın durumudur: 

“Balansın kəsiri nə qədər çox olursa, devalvasiyanın riski də o qədər çox olur. Əsas şərt budur. Çünki tədiyə balansı ölkəyə bütün kanallarla daxil olan xarici valyutanın nisbətini göstərir. Yəni, məntiqi olaraq əgər ölkənin tədiyə balansında böyük kəsir yoxdursa, ya da ümumiyyətlə kəsir yoxdursa devalvasiyanın ciddi riski yaranmır”.

O əlavə edib ki, Azərbaycanın 9 aylıq tədiyə balansının nəticəsi məlum deyil:

“Amma 6 aylıq tədiyə balansının nəticəsinə görə, 960 milyon dollar kəsir yaranmışdı. Bu devalvasiya riskini ciddi artıran məbləğ deyil”. 

 

İki məsələ

İqtisadçı qeyd edib ki, qarşıdakı dövrdəki hadisələr iki məsələdən daha çox asılı olacaq:

“Birincisi, koronavirus pandemiyasının nə qədər çox uzanması. İkincisi isə neftin qiyməti. 2021-ci ildə də pandemiya davam edərsə, dünyada sərt karantinə ehtiyac qalarsa, iqtisadi artım bərpa olunmasa və neftin qiyməti aşağı qalarsa devalvasiya riski mümkündür. Amma burda ən diqqət çəkən məsələrdən biri də bu riski artıran həddindən artıq böyük məbləğin işğaldan azad olunmuş ərazilər üçün ayırmasıdır.”

Onun fikrincə də artımın mənbəyi də Neft Fondudur:

“Yəni, cari dövrdə Neft Fonduna daxilolmalar neft qiymətləri aşağı olduğu üçün əhəmiyyətli dərəcədə azalıb. Cari daxilolmalar hökümətin aparacağı bərpa işlərinin həcmi baxımından yetərli deyil. Ona görə də, ilk ağla gələn odur ki, hökümət Neft Fondunun xaricdəki aktivlərinə əl atacaq. Belə də təklif var ki, ehtiyyatların daha çox əriməsinin qarşısını almaq üçün müəyyən səviyyədə devalvasiyaya gedilsin”. 

Rövşən Ağayev hesab edir ki, kəskin devalvasiyalar makroiqtisadi baxımdan iqtisadiyyata çox ciddi zərbə vurur:

“Nəzərə almaq lazımdır ki, iqtisadiyyat üçün ayrı-ayrı subyektlərin biznesi, bankların, neft təsərrüfatların böyük həcmdə valyutada borcları var. Bugün Azərbaycan iqtisadiyyatı, bank sektorunun dövriyyəsi manatla formalaşır. Bu, faktiki olaraq, bu şəraitdə həmin subyektlərin kəskin şəkildə borclarının artmasıdır. Yəni manatla qazanan insanların valyutada borcları varsa və avtomatik olaraq devalvasiyaya gedilirsə, bu həmin insanların borclarını kəskin şəkildə artırır.”

 

“Hökümət növbəti dəfə devalvasiyaya getsə…”

Rövşən Ağayev qeyd edib ki, son 3-4 ildə Azərbaycanda dollarlaşma təhlükəsi xeyli azalıb. Onun fikrincə, hökümət növbəti dəfə devalvasiyaya getsə, insanlar kütləvi şəkildə öz depozitlərini yenidən dollara keçirməyə təşəbbüs göstərəcəklər:

“Düşünürəm ki, hökümət devalvasiya risklərini dəyərləndirərkən bir məsələyə baxmalıdır. İndiki şəraitdə devalvasiyaya getmədən müəyyən az həcmdə ehtiyatları xərcləmək daha yaxşıdır, yoxsa devalvasiyaya gedib öz ehtiyatlarını müəyyən miqyasda qorumaqla cəmiyyətdəki sosial gərginliyin daha da artmasına, makroiqtisadi sabitliyin pozulmasına şərait yaratmaq…” 

Hərbi əməliyyatlardan öncə…

Hərbi əməliyyatlar (Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Döyüşlər noyabrın 10-na kimi davam edib. Azərbaycan işğal altındakı ərazilərinin böyük bir hisəsini geri qaytarıb) başlamazdan əvvəl Maliyyə Nazirliynin yaydığı dövlət büdcəsinin ilkin layihəsində manatın dollara nisbətən proqnozlaşdırılan məzənnəsi 1USD/1,7000 AZN səviyyəsində göstərilmişdi.

Həmin layihədə 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat proqnozlaşdırılırdı. Orada bildirilirdi ki, gəlirlərin 57,3 faizi neft sektorunun, 42,7 faizi qeyri-neft sektorunun payına düşür.

Hərçənd, 2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti isə 35 ABŞ dollarına (hazırda 45 dollar civarındadır) bərabər götürülmüşdü. 2021-ci ildə dövlət büdcəsinin xərcləri də 25 milyard 847 milyon manat proqnozlaşdırılırdı.

Xatırlatma

Azərbaycanda 2015-ci ildə iki (fevral və dekabr aylarında) devalvasiya baş vermişdi. Onda manat dollar qarşısında iki dəfədən çox dəyər itirmişdi.

24saat.org

Mənbə – azadliq.org

Müzakirə mövzusu - post

SON XƏBƏRLƏR

Kateqoriyalar

Hava

Baku, Azerbaijan
Bazar, Yanvar 17, 2021
Cloudy
7 ° c
95%
6.21mh
-%
5 c 2 c
Be
3 c 1 c
Ça
2 c 0 c
Ç
4 c 0 c
Ca

Seçmə