Loading...
Loading...
Dünya

Mariupol ‘məzarlığı’

Mariupolda öldürülən dinc sakinlərin dəqiq sayı bəlli deyil. Şəxsiyyəti müəyyənləşdirilməyən qurbanlar göz gördükcə uzanan məzarlıqlara basdırılıb

Ukraynanın Mariupol şəhərindən olan Anjelika Medvedyeva bir neçə anın içində həm oğlunu, həm də həyat yoldaşını itirib. Güllə yarasından ölməkdə olan oğlu Denisi xilas etməyə çalışan Andrey özü də gülləyə tuş gələrək, oğlunun yanına sərilib.

“Onların ikisinin də öldüyünə, onları xilas etmək üçün heç nə edə bilmədiyimə inanmırdım”, – Medvedeva AzadlıqRadiosu-nun Ukrayna xidmətinin müxbiri İnna Kuznetsovaya deyib. Medvedeva gəlini Valeriya və 16 aylıq nəvəsi Karolina ilə hazırda Litvada yaşayır.

Bu ailənin faciəsi hazırda Ukraynada hər gün təkrarlanır. Rusiya dörd aya yaxındır Ukraynaya tammiqyaslı hücuma başlayıb. Müharibədə dinc sakinlər öldürülür, sağ qalanlar evindən didərgin düşürlər.

Son

Müharibədən öncə 400 mindən çox sakini olan Mariupol liman şəhəri isə xarabalığa çevrilib. Şəhər ötən ay Rusiya qüvvələrinin əlinə keçib. Rusiya Prezidenti Vladimir Putin Mariupolu tutmaqla 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasına “quru körpüsü” qurmaq istəyirdi.

Mariupol döyüşünə 20 minədək Rusiya əsgəri cəlb olunub, şəhər gecə-gündüz bombardman edilib. Saysız yaşayış binaları, xəstəxanalar, yüzlərlə insanın, o cümlədən uşaqların sığındığı teatr atəşə tutulub.

Bir aya yaxın Medvedevlər ailəsi Denisin Mariupolun mərkəzindəki mənzilinə sığınıb, buranın Anjelika və Andreyin yaşadığı şəhər kənarından daha təhlükəsiz olduğunu düşünüblər.

Martın ortasında şəhərin atəşə tutulması intensivləşəndə Denis anasına deyirmiş ki, “bu artıq sondur, salamat çıxa bilməyəcəyik”.

Onların binasına bitişik bina döyüşlərdə dağıdılanda ailə parça, sudan ibarət dəstlər hazırlayıb ki, tüstü içində qaçmalı olsalar, üzlərini örtsünlər.

Andreylə Denis binanın qalan sakinləri ilə könüllü dəstə yaradıb, mümkün yanğınlarla bağlı ayıq-sayıq olmağa çalışıblar. İşğaldan dolayı bir çox sakinlər getdiyindən yanğın binanı sürətlə bürüyə bilərdi.

Küçədə gəzmək

Medvedevlər bayırda gəzməyin təhlükəli olduğunu bilirdilər. Onlar küçələrdə xeyli dinc sakin meyiti görür, bəzən gördüklərini evdə danışmırdılar.

Mariupol və digər yerlərdən olanlar deyirlər ki, Rusiya qüvvələri özəlliklə ukraynalı kişiləri yerli özünümüdafiə dəstələri ilə əməkdaşlıqda, orduya informasiya ötürməkdə suçlayır, onları dindirmək üçün küçələrdən oğurlayırlar. Bəzi hallarda isə onları öldürürlər.

Bir dəfə Denis binada yanğın baş verməsindən şübhələnir, Andreyi oyadır və onlar yanğının hansı mənzildə baş verdiyini öyrənməyə çıxırlar.

Bu zaman rusiyalı snayperin açdığı güman edilən güllələr Denisə dəyir.

Mariupolda öldürülən dinc sakinlərin dəqiq sayı bəlli deyil. Şəxsiyyəti müəyyənləşdirilməyən qurbanlar göz gördükcə uzanan məzarlıqlara basdırılıb. Rusiya isə hazırda nəzarətində olan şəhərə beynəlxalq qurumları buraxmır.

Gözdən qaçırmayın:  ABŞ Kiyevə raket zərbələri üçün kəşfiyyat məlumatı verəcək

Kiyev, qərb hökumətləri, insan haqları qrupları Rusiya bu şəhərdə və bir çox başqa yerlərdə hərbi cinayətlər törətməkdə suçlayır.

Mariupol “gözəlləşirdi”

49 yaşlı Medvedyeva Rusiyanın cənubundakı Krasnodar vilayətində erməni və ukraynalı mənşəli ailədə böyüyüb, 30 ilə yaxın Mariupolda yaşayıb.

Onun sözlərinə görə, 2014-cü ildə Donbasda Ukrayna qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında müharibəyə rəğmən şəhərdə həyat yaxşılaşmışdı. O zaman Rusiyanın dəstək verdiyi qüvvələri Donetsk vilayətinin ikinci böyük şəhəri olan Mariupolu tuta bilməmişdilər.

24 saat” “
Mariupol ‘məzarlığı’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button