2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Maşın ustası Kamil, əsilzadə İlahəxanım, onun Roma merinə ərə gedən anası…

İtaliyada çoxsaylı mülklərə, daşınmaz əmlaklara, restoranlara sahib olduğunu iddia edən Bakı şəhər sakini 51 yaşlı İlahəxanım Məmmədova analoqu olmayan dələduzluğa “imza atıb”.

Tanınmış biznesmen, Azərbaycan əsilli iş adamı Qod Nisanovla guya qohumluq əlaqəsi olduğunu uyduran qadın yalanlarına inandırdığı maşın ustasının pullarını ələ keçirib. Ömründə bircə dəfə də olsun İtaliyaya səfər etməyən, Romaya qədəm basmayan İlahəxanım öz toruna saldığı Kamil Babayevə Romadan ona sərfəli qiymətə restoran, ev alacağını vəd edib. Və bütün bunları təkbaşına deyil, qulluqçu kimi təqdim etdiyi ahıl anası Validə Məmmədova ilə birgə törədib. Ana-balanın cinayət işi üzrə ibtidai istintaq bu günlərdə yekunlaşıb. Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Saytların yığılması Saytlarin yigilmasi

Əlimazutlu maşın ustasının “bəxti açılır”, “əsilzadə” qadınla tanış olur…

İlahəxanım Məmmədova tanışı Kamil Babayevə özünü və ailə üzvlərini “imkanlı, Romada müxtəlif mülk sahibləri olan əsilzadə” kimi təqdim edib. Guya pandemiya ilə əlaqədar İtaliyanın paytaxtında restoran və evlərin çox ucuzlaşdığını, bu səbəbdən özlərinə Romada xeyli sayda restoran və mülk aldıqlarını deyib. Anasını isə K.Babayevə qulluqçusu kimi təqdim edib. Bildirib ki, “qulluqçusunun”  nəzarəti ilə Bakıda bağ evini təmir etdirir, amma  pandemiyaya görə ölkə sərhədləri bağlı olduğundan Romadan Bakıya qayıda bilmir. “Əsilzadə” qadın “bağ evinin təmiri üçün lazım olan inşaat materiallarının alınması, ustalara zəhmət haqqı ödənilməsi” üçün “qulluqçu”ya  müəyyən məbləğdə pul verməyi K.Babayevdən xahiş edib. Bunun əvəzində isə ona Romadan öz pulu ilə 25 min avroya restoran, 27 min avroya ev alacağını deyib, hətta onu İtaliya vətəndaşlığına qəbul etdirəcəyinə söz verib. Bu yolla K.Babayevin etibarını qazanan qadın onun üst-üstə 100 min manata yaxın pulunu ələ keçirib.

Zərərçəkənin şikayətindən sonra hüquq-mühafizə orqanları dələduzluq faktı üzrə cinayət işi qaldırıb. İ.Məmmədova barəsində Yasamal rayon məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri, anası Validə Məmmədova barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İflasa uğrayan biznes, tora düşən maşın ustası

Təqsirləndirilən İlahəxanım Məmmədova ifadəsində uzun müddət saç ustası və kosmetoloq işlədiyini, sonralar bizneslə məşğul olduğunu, yaşadığı mənzili sataraq biznesə yatırdığını, lakin iflasa uğradığını, anası və oğlu ilə birgə kirayədə yaşadığını deyib.

İ.Məmmədovanın ifadəsinə görə, zərərçəkmiş Kamil Babayevlə tanışlığı 2018-ci ilə təsadüf edib. Avtomobilini təmir etdirmək üçün bir neçə dəfə K.Babayevin usta  işlədiyi təmir sexinə aparıb. Söhbət əsnasında ona milliyyətcə yəhudi olduğunu deyib, qohumlarının, dayılarının İtaliyada və Rusiyada uğurlu bizneslərə malik olduqlarını söyləyib.

2020-ci ilin əvvəlində İ.Məmmədova ketrinq firması qurub yemək biznesinə girişmək istəyib. İcarəyə obyekt götürmək, aşpaz tutmaq, kuryerlə yeməklərin satışını həyata keçirməyi planlaşdırıb. Biznesə hazırlıq üçün isə ona pul lazım idi. Dediyinə görə,  pula ehtiyacı onu Kamil ustanın yanına aparıb. Fikirləşib ki, borc alsın, firmanı işə salsın, qazandığı pulla da borcunu qaytarsın.

“Yalandan dedim ki, anam Roma meri ilə evlənib…”

“Planlarımı reallaşdırmaq üçün Kamilə müəyyən yalanlar danışmaq məcburiyyətində qaldım. Yalandan dedim ki, anam Romanın meri ilə evlənib, hazırda orada yaşayır. Romada evimiz və restoranlarımızın olduğunu söylədim. Mən Kamillə ancaq “WhatsApp”la əlaqə saxlayırdım. Ona Romada olduğumu, anama məxsus restoranları işlətdiyimi, pandemiyaya görə İtaliyadan gələ bilmədiyimi, bağ evimizin təmiri üçün lazım olan pulu qulluqçumuza verməyi xahiş etmişdim” – qadın ifadəsində göstərib.

İtaliyanın adını eşidib üzünü görməyən İlahəxanım “qulluqçu” vasitəsilə Kamildən aldığı pulları sağa-sola xərcləyib. Borclarının əvəzinə ona İtaliyadan restoran almağı təklif edib. Ona deyib ki, Romadan alacağı restoranı sonra icarəyə verər, qazandığı pulla mülk sahibi olar. Hətta internetdən bir restoran fotosu taparaq Kamil ustaya yollayıb. Həmin restoranı onun üçün almaq istədiyini deyib. Kamil usta da razılaşıb. Təxminən 2020-ci ilin iyulunda Kamilə növbəti yalan sataraq öz restoranlarının yaxınlığında ona restoran aldığını yazıb.

Pulları xərcləyib Bakıya döndü, Romadan “ev aldı”…

2020-ci ilin avqust ayında gözəllik salonu açmaq, yemək biznesi qurmaq üçün anası ilə birgə Türkiyəyə yollanan İ.Məmmədovanın orada işləri alınmadığından Belarusa gedib. Uğursuz biznes onu yenidən Azərbaycana dönməyə məcbur edib. Yenidən Kamil ustadan pul qoparmağa başlayıb. Qadının “gəl sənə Romadan ev alım, İtaliyaya gələndə öz evində yaşayarsan” sözlərinə inanan  Kamil hətta qadına minnətdarlıq edib, ona “Allah səndən razı olsun” deyib və bağ evinə maddi dəstək (“qulluqçu”ya pul vermək – red.) göstərməyə davam edib. İlahəxanım isə aldığı pullarla anası və oğlu ilə birgə iş qurmaq adıyla yenidən Türkiyəyə gedib, bir müddət orada yaşayıb. Türkiyədə olduğu zaman Kamillə əlaqə quraraq ona İtaliyada olduğunu deyib. Ötən ilin mart ayına qədər Türkiyədə qalıb. Kamil ustanın ondan narazılıq etdiyini öyrənən qadın yalanları ortaya çıxmasın deyə Azərbaycana qayıdıb, həm anasının, həm də özünün telefon nömrələrini dəyişib. Ötən il  oktyabrın 1-də isə mağazaya daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

“Qızımın məni qulluqçu kimi təqdim etdiyini bilməmişəm…” 

Təqsirləndirilən Validə Məmmədova ifadəsində göstərib ki, qızının göstərişi ilə Kamil adlı şəxsdən pul alıb, qızına verib. Hər dəfə Kamil onunla telefon əlaqəsi saxlayanda kirayə yaşadıqları binanın həyətinə düşüb, ondan pulları götürüb.

“Qızımın Kamildən nə məqsədlə pul aldığını bilmirdim. Sonradan öyrəndim ki, pullar bağ evimizin təmiri üçün alınırmış. Əslində isə bizim Qala qəsəbəsində nə bağımız olub, nə də torpaq sahəmiz. Qızım Kamildən pul almaq üçün belə deyib. Qızımın məni dayə kimi təqdim etməsini bilməmişəm. İlahəxanım xaricdə biznes qurub borclarının hamısını qaytaracaqdı. Amma işi alınmadı. Pullar da hamısı xarici ölkələrə uçmaq üçün təyyarə biletlərinə, yol xərcinə, otellərə xərcləndi. Qızım tutulan günə qədər Kamilin bizdən polisə şikayət etdiyini bilməmişik”, – Validə Məmmədova belə deyib.

V.Məmmədova ifadəsində deyib ki, onların yəhudilərlə, eləcə də Qod Nisanovla heç bir qohumluq əlaqələri olmayıb. Qızının özünü yəhudi kimi təqdim etməsini bilməyib, bu barədə eşitməyib.

“Deyirdi ki, cuhuduq, anamın adı Zərifədir, Qod Nisanovla xala uşağıyıq…”

Zərərçəkmiş Kamil Babayev isə ifadəsində deyib ki, İlahəxanımı müştəri kimi tanıyıb, bir neçə dəfə onun avtomobilini təmir edib. Ərindən qalan “Lexus 570” markalı avtomobili təmirə gətirəcəyini deyərək onun əlaqə nömrəsini alıb.  

“Deyirdi ki, cuhuduq, anamın adı Zərifədir, Qod Nisanovla xala uşağıyıq. Dayılarım İtaliyada, Rusiyada, İsraildə biznesmendirlər. İlk dəfə 2019-cu ilin martında zəng vurub Türkiyədə olduğunu, evdəki qulluqçunun müalicə üçün 300 manatı çatmadığını, həmin pulu “Validə nənə”yə verməyi xahiş etdi, mən də aparıb verdim. Yarım ay sonra İlahə ilə Bakıda görüşəndə pulu qaytardı. Söhbət zamanı Mərdəkanda bağ evi tikdirdiyini, Qalada torpaq sahələrinin olduğunu dedi. Bu söhbətdən bir müddət sonra zəng vurub Azərbaycanda olmadığını, Qaladakı evin təmiri üçün ustalara 500 manat lazım olduğunu, pulu Validə nənəyə çatdırmağımı xahiş etdi. Mən də aparıb verdim, sonradan bu  borcunu da qaytardı”, – maşın ustası başına gələnləri belə nəql edir.

K.Babayevin ifadəsinə görə, onlar əsasən internet üzərindən əlaqə saxlayıblar. İlahəxanım ona İtaliyada olduğunu deyib, “WhatsApp”la bir qadının fotosunu göndərib. Həmin qadının anası Zərifə olduğunu, İtaliya meri ilə evləndiyini, orada yaşadığını deyib. Oğlu Toğrulun da (İ.Məmmədovanın Toğrul adlı oğlu olmayıb – red.) fotosunu göndərərək, İtaliyada keçmiş ərinin aldığı oteli işlətdiyini bildirib: “Dedi ki, Romada aldığım mülkləri işlədirəm, anamın burada xeyli obyektləri, restoranları var. Onun biznesmen qadın olduğuna, Qod Nisanovla qohumluğuna və digər bu kimi məlumatlarına inanaraq Validə adlı qulluqçuya pul verməyə başladım”.

2020-ci ilin əvvəllərində Avropada karantin rejimi elan olunduğu dövrdə İlahəxanım İtaliyadan qayıda bilmədiyini, pandemiya ilə bağlı Romada restoranların bağlandığını, mülk sahiblərinin restoranları ucuz qiymətə satdıqlarını, özünə iki restoran aldığını deyib. “Mənə “atalığım hökumət adamıdır, bank vasitəsilə Romadan Bakıya pul köçürməyə icazə vermir, Qaladakı bağın təmirinin əvəzinə sənə buradan 25 min avroya restoran alım” dedi, mən də razılaşdım”, – zərərçəkən bildirir.

“Romada mülk sahibi olduğum üçün sevinirdim…”

Kamil usta ifadəsini belə davam etdirir: “Dedim ki, sən orada restoranı al, mən burda təmir üçün pul lazım olanda Validə nənəyə verərəm. Sonradan zəng vuranda dedi ki, sənin adına restoran almışam, İtaliyaya gələndə səni qeydiyyata saldırarıq. Romada mülk sahibi olduğum üçün sevinirdim. Deyirdi ki, burada evlər çox ucuzdur, sənə 27 min avroya ev də ala bilərəm, gələndə oteldə qalmazsan. Dedim mənim o qədər pulum yoxdur. Dedi ki, narahat olma, sənə aldığım restoranı arendaya verərəm, yığılan puldan öz pulumu götürərəm. Mən də İlahənin ev almasına razılıq verdim”.

Zərərçəkmişin ifadəsinə görə, İlahəxanım ona həm özünün, həm də ailə üzvlərinin ingilis dilini öyrənməsini tapşırıb: “Dedi ki,  Romaya gələndə obyekti özünü işlədərsiniz.  Onun dediklərinə inanıb qohumdan, tanışdan pul tapıb  qulluqçu bildiyim Validə nənəyə verirdim. Validə nənə deyirdi ki, İlahənin anası Zərifənin İtaliyada geniş əlaqələri var, sənə yaxşı şərait yaradıb. Validə Məmmədovaya cəmi 55 min 650 dollar vermişəm. Pulun 15 min dollarını əmim oğlu Farizdən, 10 min dollarını isə qonşum Elşəndən borc almışdım. Axırıncı dəfə pulu verəndə gördüm “qulluqçu”nun əlləri əsir, elə bil nədənsə qorxurdu. Ondan sonra İlahə ilə əlaqə saxlaya bilmədim. Pulları verdiyim ünvana gedib Validəni oralarda axtardım, amma tapa bilmədim. Sonradan öyrəndim ki, qulluqçu bildiyim Validə Məmmədova İlahənin öz doğma anası imiş. Həmin binada kirayədə yaşayıblar, sonra köçüb gediblər”.

Aldanıldığını anlayan K.Babayev polisə şikayət edib, İlahəxanımla olan “WhatsApp” yazışmalarını istintaq orqanına təqdim edib. Bundan sonra İlahəxanım və Validə Məmmədovalar barəsində cinayət işi başlanılıb. (virtualaz)

24 saat” “Maşın ustası Kamil, əsilzadə İlahəxanım, onun Roma merinə ərə gedən anası…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button