Loading...
Loading...
SEÇMƏ

“Mauqli” ləqəbli qazinin icra hakimiyyəti önündə özünü yandırdığı deyilir

Yayımlandı: 10 İyul 2022 21:57

Vəziyyəti ağır olan Elvin Cəfərov Bakıya gətirilir

44 günlük İkinci Qarabağ müharibəsində iştirak edən, “Mauqli” ləqəbli qazi Elvin Cəfərov Sabirabad Rayon İcra Hakimiyyətinin önündə özünü yandırıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Buna görə Bakıya xəstəxanaya gətirilir.

Məlumatı qazinin qardaşı, idmançı Elnur Cəfərov verib. Bildirib ki, qardaşına qarşı icra hakimiyyətində haqsızlıqlar edilib. Canından bezən qazi sonda intihara əl atıb.

Ötən ilin iyununda Meydan TV Elvin Cəfərov barəsində məqalə hazırlamışdı. Müharibədən öncə günü 10 manata fəhləlik etdiyini bildirən qazi savaşdan sonra aldığı travmalardan artıq işləyə bilmədiyini deyirdi.

“Problemlərim yaranıb, işləməyim mümkün deyil. Getdiyim yerlərdə də deyirlər: “Əsəbisən”. Nə edim, ailəmi necə dolandırım, bilmirəm”.

Sabirabadın Qalağayın kəndindən olan Elvin Cəfərov müharibədə 39 gün döyüşdüyünü deyirdi. O, işləyə bilmədiyindən, 78 yaşlı anasının əlinə baxdığını, ailəsini çox çətinliklə dolandırdığını bildirirdi:

“Anam çöldə-bayırda fəhləlik edir, gətirir ki, mənim ailəm dolansın. Bu, mənə çox ağırdır və əlimdən nəsə gəlməməyi pis incidir”.

Elvin Cəfərov müharibədə “Mauqli” ləqəbini necə qazanmasından da danışmışdı. Deyirdi ki, xüsusi təyinatlıların sırasına qoşulmaq üçün onu test ediblər. Aldığı tapşırıq ermənilərin Laçın meşələrindəki ağacların üstünə yerləşdirdikləri kameraları gətirmək olub. Ağacların başından xeyli kamera yığıb. Beləliklə, adı “Mauqli” qalıb:

“Kameralar bizi çəkir, harada olduğumuzu görür, vururdular. Tapşırıq aldım ki, 1 saata 5 kamera gətirim. Bu müddətdə o qədər kamera gətirə bilsəm, məni 052-yə qoşacaqdılar. Getdim, 5 kameranı gətirdim. Komandir dedi ki, sınaqdan keçməmisən. 5 tapşırıblarsa, heç olmasa 6 dənəsini gətirməliydin. Bu zaman üst geyimimin düyməsini açdım. İçində yalan olmasın 20-dən çox kamera var idi. Beləcə 052-nin sıralarına qoşuldum. Həmin gündən də ən ağır döyüşlərə girdim”.

35 yaşlı Elvinin 2 oğlu var. O, müharibə zamanı kontuziya alıb. Odur ki, qayıdandan sonra iş tapa bilməməkdən şikayətlənirdi. Deyirdi ki, iş üçün dəfələrlə Sabirabad Rayon İcra Hakimiyyətinə gedib, lakin kömək etməyiblər:

“Hər dəfə yola verib, göndərirlər. Axırıncı dəfə dedim ki, nolar süpürgəçilik də olsa, bir iş verin. Onu da vermədilər. Daha o qapıya getməmək qərarı almışam. Gedirəm, əsəbiləşirəm, şəkərim qalxır 350-380-nə. Halım pisləşir, çətinliklə özümə gəlirəm. Onu da deyim ki, mən şəkəri də hərbidə tapmışam. Gedəndə 87 kilo idim, indi 58-ə düşmüşəm”.

Həmin vaxt Sabirabad Rayon İcra Hakimiyyətindən Meydan TV-yə qazinin şikayəti ilə maraqlanacaqlarını söyləmişdilər. Onun intiharı ilə bağlı qurumdan məlumat almaq mümkün olmayıb.

Gözdən qaçırmayın:  Rusiya Donetskini raketlə vurub: ölən və yaralananlar var

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button