Loading...
Loading...
SEÇMƏ

“Mauqli”nin anası: “Oğlumun günahkarı tapılsın, cəzalandırılsın” 

Yayımlandı: 15 İyul 2022 20:04

Sabirabad Rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıraraq intihar edən qazi Elvin Cəfərovun yas mərasimidir. Ailəni ziyarətə gələnlər Elvinin igidliyindən danışır, ona edilən haqsızlıqdan gileylənirlər. Anası Ruqiyyə Cəfərova isə oğlunu ölümə təhrik edənlərin cəzalandırılmasını tələb edir:

“Mehriban xanım, sən də anasan. İlham müəllim, sən də atasan. İstəyərsən ki, övladına nəsə olsun? Mən də istəməzdim. Xahiş edirəm, mənim uşağımın günahkarı tapılsın, verilsin əlimə. Qoy cəzalandırılsın”.

Elvin Cəfərov 2020-ci il oktyabrın 1-də ailəsi, 2 uşağı ilə sağollaşıb könüllü cəbhəyə gedib. Döyüşdə kəllə-beyin travması alıb, görmə, eşitmə qabiliyyəti zəifləyib. Müharibənin sonunda onun üçün yeni cəbhə açılıb. “Mauqli” ləqəbli döyüşçü müavinəti, müalicəsi üçün aylarla xəstəxanaları gəzib. Sonda pensiya almaqdan ötrü Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib. Orada ağır xəstələr arasında qaldıqdan sonra psixi vəziyyəti daha da pisləşib.

Elvin Cəfərova kontuziyaya görə III qrup əlillik təyin edilib, 420 manat təqaüd verilirmiş. Lakin son 2 ayda bu müavinət də artırılacağı vədilə kəsilib. Yoxsulluqdan uşaqlarıyla göz-gözə gəlməmək üçün evə onlar yatandan sonra gələn Elvin dəfələrlə Sabirabad Rayon İcra Hakimiyyətinə müraciət edib, amma işlə təmin olunmayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sabirabad Rayon İcra Hakimiyyəti isə mətbuata Elvin Cəfərova qayğı göstərildiyini deyiblər. Özünü, anasını işlə təmin etdiklərini bildiriblər. Ailə isə deyilənlərlə razılaşmır.

Sabirabad Rayon Prokurorluğunda II Qarabağ müharibəsi veteranı Elvin Cəfərovun intihar etməsi ilə bağlı araşdırma aparılır. O, iyulun 10-da Sabirabad Rayon İcra Hakimiyyətinin binasının qarşısında etiraz edərək özünü yandırıb.

Meydan TV

Gözdən qaçırmayın:  DTX gömrük generallarının saxlanılmasını təsdiqlədi

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button