2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Media təmsilçiləri bir arada: onlar qanunun ləğvini tələb etdilər

“Reyestrdə daha təhlükəli məqamlar yatır”

Fevralın 6-da müstəqil jurnalistlər “Media haqqında” Qanunun dəyişdirilməsi ilə bağlı konfrans keçiriblər.

Konfransda çıxış edən “AbzasMedia”nın redaktoru Sevinc Vaqifqızı çıxış edərək bildirib ki, media azad şəkildə fəaliyyət göstərməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Mediaya hansısa reyestrdən keçmək məcburi olmamalı, jurnalistlərə vahid vəsiqə ilə işləmək tələbi qoyulmamalıdır: “İcazəli işləmək bizim üçün qəbuledilməzdir”.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli mövzunun niyə indi gündəmə gəlməsi ilə bağlı suallara aydınlıq gətirib.

“Redaksiya özü bilər, bir gündə 10 xəbər verər, yoxsa 100…”

O bildirib ki, ümumiyyətlə, qanun qəbul edilənən bu yana bu problem gündəmdən düşməyib. Sadəcə, hökumət özü qanunvericilikdə nəzərdə tutulan əməlləri zamanında icra etməyib:

“Düşünülürdü ki, Venesiya Komissiyasının mənfi rəyindən sonra qanunun tətbiqi dayandırılıb. Venesiya Komissiyası rəyində bildirib ki, bu qanun Avropa İnsan Hüquqları Konvensiyasına ziddir. Konvensiya yalnız teleradio sahəsinin lisenziyalaşmasını uyğun görür, bunun xaricində heç bir medianın xüsusi icazə sisteminə tabe olmasını dəstəkləmir. İstənilən bu tip icazə media azadlığına müdaxilədir. Bizim yeni qanunda da yalnız teleradio sahəsi yox, bütün media sferasının icazə sisteminə tabe olunması nəzərdə tutulur. Bu da media azadlığını məhdudlaşdırmaq deməkdir. Bütün bunlar gerçək medianın ləğvinə, yalnız ələbaxan medianın fəaliyyətinin mümkünlüyünə atılmış addımdır”.

Hüquqşünas deyib ki, yeni kampaniya indi başlayıb, çünki Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu məsələ ilə bağlı açıqlama verib.

İsmayılov bildirib ki, hansısa media reyestrdən keçməyibsə, deməli, mövcud deyil: “Vətəndaşa şəxsiyyət vəsiqəsi verməyəndə o, mövcud olmur? Bəs adam öldürsə, necə? O zaman kim məsuliyyətə cəlb ediləcək? “Yox”a qarşı ittiham qaldırmaq olarmı? Bütün bu kampaniyaya qarşı gələn hökumət mediası da bir gün anlayacaq ki, biz həm də onların yaxşılığını istəyir, onların sifarişlə yazı hazırlamasının əleyhinəyik. Hökuməti tənqid edənlərə jurnalistlər cavab verməməlidir. Çünki jurnalistlər hökuməti təmsil etmirlər. Nədənsə onlara elə gəlir ki, hökuməti təmsil edirlər”.

Ələsgər Məmmədli. Foto: Meydan TV

Ələsgər Məmmədli ümid edir ki, hökumət bir an öncə həm konstitusiyanın, həm konvensiyanın, həm də azad jurnalistlərin haqlı tələblərini diqqətə alıb qanunu dəyişəcək, xüsusən də medianın reyestr məsələsinə birbaşa gətirilən çoxsaylı məhdudlaşdırıcı normalardan və reyestrin bu formatından imtina edəcək:

“Ayrıca bir məqam: deyirlər, bir xəbər saytı günə 20 xəbər yazmalıdır. Necə ola bilər ki, siz qanunla redaksiya siyasətinə təsir etməyə çalışırsınız? Redaksiya özü bilər bir gündə 10 xəbər verər, yoxsa 100. Bu, redaksiyanın siyasətidir. Hökumət redaksiya siyasətinə öz möhürünü vura bilməz ki, yox, 19 xəbər getsə, səni qapadacağam, cərimələyəcəyəm”.

“Redaksiya nəyi verib-verməyəcəyini, nəyin aktual olduğunu özü bilər. Bunu dərk etmək lazımdır. Dərk etmirlər, sonra da başlayırlar ki, bu insanlar Qərbə, İrana, Ermənistana xidmət edirlər. Bir qərar da verə bilmirlər ki, hara xidmət edirlər”, – deyə hüquqşünas qeyd edib.

“Əhməd İsmayılov demişdi ki, reyestrdən keçməmisənsə, deməli, jurnalist deyilsən”

Meydan TV-nin redaktoru Aynur Elgünəş isə bildirib ki, illərdir bloklanmış sayt kimi çətinliklə fəaliyyət göstəriblər:

“Meydan TV-nin baş ofisi Almaniyada yerləşir, orada qeydiyyatdan keçib. İllərdir ki, çalışırıq Azərbaycanda akreditasiyadan keçək, amma keçirmirlər. Fəaliyyətimiz məhdudlaşdırılıb. Təəssüf ki, indiyədək bizə tətbiq olunan məhdudlaşdırmalar bu gün bütün müstəqil media və jurnalistlərin fəaliyyətinə tətbiq edilməyə başlayıb. Deyirlər ki, media qurumlarının reyestrdən keçməsi məcburidir, amma müstəqil jurnalistlər keçməsi könüllüdür. Gəlin baxaq, könüllüdür, amma jurnalist gedir küçədə sorğu keçirməyə. Polis yaxınlaşır, kim olduğunu soruşur və axtarır, reyestrdə adı yoxdursa, onu jurnalist hesab etmir. Əhməd İsmayılov özü də bir dəfə demişdi ki, reyestrdən keçməmisənsə, deməli, jurnalist deyilsən. Bunun özü polislərə əsas verir ki, jurnalistə rahat şəkildə mane olsun”.

Aynur Elgünəş və Sevinc Vaqifqızı. Foto: Meydan TV

Aynur Elgünəş bildirib ki, onsuz da dövlət tədbirlərinə, mətbuat konfranslarına müstəqil jurnalistlər buraxılmırdı. Bundan sonra qanunla qadağan edəcəklər:

“Düzdür, qanunda məcburi sözündən istifadə edilmir, amma tətbiq edilir. Faktiki müstəqil jurnalist olmaq mümkün deyil. Mütləq hansısa media qurumu ilə müqavilən olmalıdır. Hər bir halda problemlər yaradırlar”.

“Gec-tez bu işlər AİHM-nə çıxacaq və bu qərarlar ləğv olunacaq”

“Turan” İnformasiya Agentliyinin təsisçisi Mehman Əliyev isə deyib ki, martdan sonra müstəqil medianı, jurnalistləri nəyin gözlədiyini demək çətindir. Hansı addımları atacaqları bəlli deyil:

“Düzdür, gec-tez bu işlər AİHM-nə çıxacaq və bu qərarlar ləğv olunacaq. Söhbət ondan gedir ki, keçən il bu məsələ ortaya çıxanda biz onda başladıq etirazlara, danışıqlar getdi, görüşlərimiz oldu. Söz verdilər baxılacaq, aldatdılar. Reyestri qanundan ayırmayaq. Hamısı qüsurludur və yenidən baxılmalıdır. Qanun inkişafa ximət etməlidir. Burada isə daha da söz azadlığını məhdudlaşdırır”.

Mehman ƏliyevMehman Əliyev
Mehman Əliyev, Foto: Meydan TV

“Qanun ləğv edilməlidir”

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə deyib ki, reyestr ciddi narahatlıqlara səbəb olmağa başlayıb.

Onun sözlərinə görə, hökumət, dövlət orqanları özləri də hazırda bu qanunun qarşısında girinc qalıblar. Bu az qala hər gün verdikləri bəyanatlardan da görünür, çünki qanun layihəsinin özündə boşluqlar çoxdur:

“Reyestrdə daha təhlükəli məqamlar yatır. Qanun layihəsi ləğv edilməlidir. Reyestrlə bağlı kampaniyalar da davam etməlidir. Qanun layihəsinin bu vəziyyətdə qalması, jurnalistlərə, hökumətə və cəmiyyətə hələ çox problemlər yaradacaq”.

Arif Əliyev, Foto: Meydan TV

“Hökumətin resusrslarını mediaya qarşı səfərbər ediblər”

“Basta.info” saytının redaktoru Mustafa Hacıbəylinin sözlərinə görə, indiyə qədər kimlərisə həbs etməklə, cinayət işi qaldırmaqla, təqiblə, kimlərisə ələ almaqla, bəzilərini də ölkədən didərgin salmaqla susdurublar:

“Hökuməti tənqid edən çox az media qurumu və jurnalist qalıb. Müstəqil mətbuatın inkişafı üçün üçün maddi baza əllərindən alınıblar. Hökumətin resusrslarını mediaya qarşı səfərbər ediblər. Son addım da nəzarətə götürə bilmədiyi media və jurnalistləri sıradan çıxarmaq üçündür”.

Mustafa Hacıbəyli. Foto: Meydan TV

“Qanun Avropa standartlarına uyğunlaşdırılmalıdır”

Media hüququ üzrə ekspert Xalid Ağalıyev bildirib ki, 2021-ci il dekabrın 6-da Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) qətnaməsi qəbul olunub:

“Bu, AİHM-in jurnalistlərlə bağlı qərarılarının icrası ilə bağlı idi. Orada qeyd olunurdu ki, AŞ NK Azərbaycanda media haqqında qanunun hazılanması ideyasından xəbərdardır və bunu maraqla qarşılayır. Orada qeyd edilirdi ki, hökumət yeni qanunu Avropa Şurası standartlarına uyğunlaşdırmaq yönündə işləsin və Avropa Şurası ekspertlərini də məsələyə cəlb etsin. Bundan 3 gün sonra Parlament qanun layihəsini rəsmi şəkildə açıqladı”.

Hüquqşünas bildirib ki, onların bunu müzakirə üçün cəmi bir günləri olub. Təkliflər vermək üçün də 5-6 saat vaxtımız var idi:

“Dünyanın ən uzun mətni olan qanun layihəsinə tez bir zamanda baxıb, əlavələrimizi edə bildik. Qanun Avropa standartlarına uyğunlaşdırılmalıdır. Tamamilə dəyişdirilməlidir. Qanun bir müddət sonra hamıya problem yaradacaq, sadəcə, 10-15 nəfər müstəqil jurnalistə yox”.

Xalid Ağaliyev. Foto: Meydan TV

“Media reyestri Mussolini dövründə İtaliyada olub”

“Toplum TV”nin redaktoru, araşdırmacı jurnalist Xədicə İsmayıl isə qeyd edib ki, kimsə özünü aldatmasın, bundan əvvəl də müstəqil mediaya məhdudiyyətlər olub, sadəcə, indi qanun kimi qüvvəyə minib:

“Biz nə vaxt hansısa tədbirə getdik və adımız siyahıda vardı? Yaxud hansısa tədbiqə buraxılmışıq? Özümüzü aldatmayaq, əvvəllər də normal işləyə bilmirdik. Bizim üçün reyestr qeyri-rəsmi olaraq hər zaman mövcud olub. Mənə gülməli gəlir: Əhməd İsmayılov qərar verəcək ki, mən jurnalistəm? Yaxud başqa biri jurnalistdir, ya yox… Bunu etməklə, əslində, normal media platformalarından insanları sosial mediaya itələyirlər”.

Jurnalist bildirib ki, yeni qanuna görə, sosial mediaya məhdudiyyətlər nisbətən azdır. İndi hamı sosial media yayımçısı olacaq:

“Belə çıxır ki, Azərbaycanın bütün müstəqil mediası Amerikadan idarə olunan platformanın ümidinə qalacaq. Sabah “Youtube” ban qoysa, bu, olmayacaq. Azərbaycanın veb-məkanında müstəqil mediaya yer qoymurlar, nəşriyyatda və hansısa məkanda bir redaksiyanın olmasına imkan verməyəcəklər. Bunu şişirtmirik, çünki görmüşük. 2014-cü ildə həbs ediləndə mənə qoyulan maddələrin biri qanunsuz sahibkarlıq idi. Bunu mənə ödədiyim vergilər üzərindən tətbiq etmişdilər. Vergidən yayınmamışam, ödəmişəm. Bunlar ona baxıb qərar gəliblər ki, bunlar hamısı qanunsuz sahibkarlıq olub. Niyə mən XİN-də qeydiyyatdan keçməmişəm və s. Bu təcrübə var. Sabah biz hamımız qanunsuz sahibkarlıq maddəsi ilə ittiham altına düşən insanlar olacağıq”.

Xədicə İsmayıl. Foto: Meydan TV

Xədicə İsmayıl deyib ki, media reyestri tərcübəsi heç bir normal inkişaf edən ölkədə yoxdur, yalnız Mussolini dövründə İtaliyada olub.

Bir şey qanunda varsa, könüllü ola bilməz”

“Arqument.az” saytının redaktoru Şəmşad Ağa da qanuna və reyestrə qarşıdır.

Onun sözlərinə görə, media reyestri jurnalistlər üçün könüllüdür kimi fikirlər, sadəcə” manipulyasiyadır, cəmiyyəti aldatmaqdır. Çünki bir şey qanunda varsa, könüllü ola bilməz: “Yalandan nə özlərini, nə də cəmiyyəti aldatsınlar”.

Tədbirdə çıxış edən digər jurnalistlər də “Media haqqında” Qanunun informasiya cəmiyyətini təhlükə altına atdığını vurğulayıblar.

Şəmşad Ağa. Foto: Meydan TV

Əhməd İsmayılov nə deyir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bildirib ki, media resyestri kiminsə jurnalist olmasını təmin etmir.

Onun sözlərinə görə, jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilərlər.

“Sadəcə, kimsə özünü media reyestrində qeydiyyatdan keçirmək istəyirsə, həmin jurnalistlər dövlətin verdiyi müəyyən imtiyazlardan istifadə edə bilirlər. Bir daha qeyd edirəm ki, media reyestrindən qeydiyyatdan keçmək məcburi xarakter daşımır, qətiyyən media reyestrində olmayan jurnalistin fəaliyyəti məhdudlaşmır”.

Əhməd İsmayılovƏhməd İsmayılov
Əhməd İsmayılov, Foto: Azertac

Azərbaycanın müstəqil media nümayəndələri media reyestri ilə bağlı qanuna dəyişiklik edilməsi ilə bağlı “icazəli media istəmirik” kampaniyasına başlayıb.

Reyestrin mahiyyətcə lisenziya, icazə rolunu oynayacağını düşünən jurnalistlər bildirirlər ki, bu, Azərbaycan Konstitusiyasına ziddir.

Kampaniyadan öncə Azərbaycanın müstəqil jurnalistləri və media mütəxəssisləri “Media haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi nəticəsində ortaya çıxan problemlərlərlə bağlı mövqe sənədi də imzalamışdı.

Qanun nə vaxt qəbul edilib?

2021-ci ilin sonunda Azərbaycanda “Media haqqında Qanun” parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.

2022-ci ilin fevralında ölkə başçısının qanunu təsdiqləməsilə qüvvəyə minib. Yeni qanun media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur.

Reyestrin aparılması qaydaları ölkə başçısının 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib.

Ölkənin müstəqil jurnalistləri və media sahəsinin mütəxəssisləri düşünür ki, “Media haqqında” Qanunun qəbulu, Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığına ziddir.

Qanunun qəbulu, təsdiqi ərəfəsində də müstəqil jurnalistlər buna etirazlarını bildirib, hətta iki dəfə Milli Məclisin önündə etiraz aksiyası keçiriblər.

Məsələnin yenidən gündəmə gəlməsinin səbəbi isə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ötən ay verdiyi açıqlamadır.

Həmin açıqlamada bildirir ki, son iki ayda Media Reyestrində qeydiyyatdan keçmək üçün müraciət edən media strukturlarının sayı 200-dən çoxdur. Onlardan160-a yaxınına müsbət cavab verilib, digərlərinin müraciətlərinə baxılır: “Həmçinin 180-ə qədər jurnalistin müraciəti təsdiq edilib”.

Media reyestrindən keçməyənlərə gəlincə, Əhməd İsmayılov həmin mediaların məhkəməyə veriləcəyini söyləyib:

“Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək”.

Hökumət mediası müstəqil jurnalistlərin kampaniyasını “qarayaxma” adlandırıb. Bir neçə media qurumda sifarişli olduğu sezilən materiallarda İrandakı hadisələrdən sonra belə bir kampaniyanın başlanmasının səbəbi sorğulanır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button