Loading...
Loading...
Xəbərlər

Medianı asılı vəziyyətə salmayın

* * *

Sual: Seymur bəy, yanvarın 19-da Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb. Eyni zamanda çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri də açıqlanıb. Müsabiqənin nəticələrinə uyğun olaraq 39 sayta və 16 qəzetə vəsait ayrılacaq. KİVDF ləğv olundu, Medianın İnkişafı Agentliyi yaradıldı. Amma ənənə dəyişmədi. Sizcə niyə? Məqsəd nədir? 

Cavab: Bəli, ənənə dəyişmədi, çünki məqsəd medianı inkişaf etdirmək yox, onu əvvəlki illərdə olduğu kimi, təzyiq altında saxlamaqdır. KİVDF yalnız qəzetlərə yardım ayırırdısa, MEDİA artıq onlayn media platformalarını da bu cərgəyə qatıb. Bugünədək KİVDF-nin maliyyə “şineli”ndən çıxan hansısa qəzet inkişaf etməyib. Təəssüfləndirici haldır ki, bu pis ənənəni davam etdirməklə yanaşı, onu onlayn media quruluşlarına da şamil etdilər.

Sual: Bu vaxta qədər medianın inkişafı üçün nə qədər vəsait ayrılıb və hansı nəticələri var? 

Cavab: KİVDF-nin mövcud olduğu illərdə ümumilikdə 40 milyon AZN vəsait ayrılıb. Bunun da əhəmiyyətli hissəsi 2015-ci ilin fevral devalvasiyasından əvvələ təsadüf edir. Xatırlayırsınızsa, o vaxt AZN avro ilə eyni dəyər təşkil edirdi. Göründüyü kimi, çap mediasına kifayət qədər maliyyə yardımı ayrılıb. Bunun içərisində jurnalistlər üçün 3 binanın da tikintisini qeyd etmək lazımdır. Bu qədər maliyyə, binalar, mükafatlar, şadlıq evlərində qonaqlıq və təltiflər medianı xilas etmədi. İki dəfə də MEDİA vəsait ayırıb. Müsbətə doğru nəyisə görmürük. 

Sual: Media haqqında qanunun müzakirəsinin hələ davam etdiyi bir dövrdə saytlara və qəzetlərə vəsait ayrılması da birmənalı qarşılanmayıb. Və vəsait ayrılan həmin saytlar və qəzetlərin demək olar ki hamısı bu müzakirələrdə qanun layihəsinin qəbulunu, Media agentliyinin mövqeyini dəstəkləyən sayt və qəzetlərdir. Burdan hansı nəticə ortaya çıxır?

Cavab: Bir vəfa borcu yaranır, ya da minnət. Adını nə qoyuruqsa, qoyaq. Qanun layihəsinin müzakirəsinin keçirilib-keçirilməməsinin məsələyə aidiyyatı yoxdur. Pis və mənfi təsiri olan pul paylama təcrübəsinə geridönüş olunmamalıydı. İndi də bunu dayandıra bilərlər. Həmin saytlar çox gözəl bilir ki, layihəni dəstəkləməsələr maliyyədən uzaq qalacaqlar. Bu da onu göstərir ki, media dövlət qurumlarından nə qədər asılı vəziyyətdədir. 

Sual: Yardım alan həmin saytlar və ya qəzetlər həmin vəsaiti hara xərcləyirlər? Bu məsələdə hesabat və şəffaflıq varmı? 

Cavab: Bugünədək maddi yardım alan media quruluşlarının hesabatını görməmişik. Bilmirəm, onlar əvvəl KİVDF-yə, indiki zamanda MEDİA-ya hesabat verir, ya yox, amma burada şəffaflıq yoxdur. Ayrılan yardımlar büdcə vəsaitidir və bizim bilməyə haqqımız var ki,  X qəzetinə ayrılan vəsaitlə o hansı işləri görüb. Fərz edək ki, 1-2 dəfə orada çalışan əməkdaşların maaş və qonorarlarına əlavələr olub. Çox pakizə. Sonra? Media subyektinin inkişafı üçün hansı işlər görülüb? Bilmirik, çünki hesabatlar ortada yoxdur. 

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

Sual: Saytlara və qəzetlərə dövlət tərəfindən hər hansısa formada yardım olunmalıdırmı? Dünyada belə bir təcrübə varmı ki, saytlara və qəzetlərə dövlət tərəfindən pul ayrılsın?

Cavab: Dünyada belə təcrübə var – Fransada, İsveçdə, və s. 2013-cü ildə Belçika, Danimarka, Norveç və Böyük Britaniyada qəzetlərin satışına görə tutulan ƏDV ləğv olunmuşdu. Burada qeyri-adi bir şey yoxdur. Dövlətlər ayrıseçkilik etmədən mətbuat oranlarına maddi yardımlar ayırırlar. Orada məqsəd medianı özündən asılı vəziyyətə salmaq yox, rəqabət mühitini daha da inkişaf etdirmək, reklam bazarını təşviq etməkdir. Azərbaycanda isə mətbuata maliyyə yardımı bayaq dediyimiz kimi, vəfa, ya da minnət borcu kontekstində qiymətləndirilir. 

Sual: Sayt və qəzetlərin özlərini dolandıra bilməsi üçün vəsait ayırmaqdansa, dövlətə yük olmamaları, eyni zamanda ələ baxımlı olmamaları üçün nə etmək lazımdır?

Cavab: Azadlıq, maliyyə müstəqilliyi, sağlam rəqabət mühiti, reklam bazarının monopoliyaya alınmaması, jurnalistlərin təqib və təzyiqlərə məruz qalmaması.  Ən əsası da, Media haqqında Qanun layihəsini jurnalistika standartlarına uyğun hazırlamaq, ortaya medianın inkişafına dəstək verən, demokratik standarlara cavab verən iş qoymaqdır. 

Turan

“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button