Siyasət

Mehdiyevin sirli mübarizəsi

Elmlər Akademiyası çoxdan fəal siyasətdən çəkilmişdi, amma Mehdiyevin ora yerləşməsi ilə uzun illər sonra burada yenidən “siyasi rüzgarlar əsməyə” başlamasıyla birlikdə Mehdiyevin sirli mübarizəsi də başladı

Ramiz Mehdiyevin hakimiyyətdən kənarlaşdırılmasından sonra onun adı ətrafında baş verənlər medianın diqqətindədir. Onu hakimiyyətdəki  xidmətləri nəzərə alınmaqla, yüksək səviyyədə yola saldılar. Böyük sayğı və hörmətlə. Ən yüksək ordenlə. Uzun illərin baş nazir olmuş onun yaşıdı Artur Rəsi-Zadə kimi. İndi Rəsi-Zadəni yada salan yoxdur, amma Mehdiyevin adı dillərdən düşmür. Niyə axı? Buna nə ehtiyac vardı?  Mehdiyev Prezident Administrasiyasını tərk etdi, amma üzdə qalmaqdan, adının hələ də gündəmdə qalması istəyindən vaz keçmədi.

Ədalət naminə

onu da demək olar ki, sonuncu istək(adının hələ də gündəmdə qalması) bəlkə də onun öz seçimi deyildi. Yəni o, ola bilsin düşünürdü ki, yaşının çox ahıl vaxtında Milli Elmlər Akademiyası(MEA) kimi durğunluğun hökm sürdüyü bir ortamda heç nəyə qarışmadan sakit otura bilər, elmi işlərlə məşğul olar, bəlkə də çox qiymətli bir xatirə-kitab da yazar. Axı bu dinc həyat üçün bəziləri hətta ən yüksək vəzifə kürsüsündən istefa da verir, özünü dicliyə buraxır, ya da dediyim kimi bir həyat yolu kitabı yazır.

Mehdiyevin sirli mübarizəsi

Mehdiyevin PA-ya rəhbərlik etdiyi dövrdən əvvəl də, -hələ sovet ideologiyasının fəal təlimatçısı-təbliğatçı olduğu vaxtından- MEA-ya həmişə “bir köynək” yaxınlığı vardı. Məlumdur ki, sovet hakimiyyətinin əsas dayaqlarından biri də yerli MEA-lar, ziyalı təbəqə olub. O səbəbdən şübhə yoxdur ki, Mehdiyev yaxşı tanıdığı, akademiki olduğu MEA seçimini təsadüfi etməmişdi. Bura PA-dan sonra onun üçün ən ideal yer ola bilərdi ki, arzusuna yetişdi, xidmətləri nəzərə alınaraq, onu MEA-da prezident olmasına razılıq verildi.

Mehdiyevin sirli mübarizəsi – Hakimiyyət bunları bilirdi…

Hakimiyyət də əlbəttə ki, Mehdiyevin prezident olmasından sonra elmdə sıçrayış gözləmirdi. Mehdiyev də yaxşı tanıdığı elm ocağının səviyyəsinə yaxşı bələd idi və o da möcüzə olmayacağını bilirdi.

Mehdiyev fəal siyasətdən, hakimiyyətin idarəetməsindən uzaqlaşdırılsa da, onun adı kifayət etdi ki, MEA yenə qeyri-rəsmi siyasi mərkəzə çevrilsin. Akademiyada 70-cı illərin antisovet, 80-cı illərin müstəqillik mübarizəsi havası çoxdan kəsilmişdi axı…

Xudu Məmmədov kimi ziyalının, Əbülfəz Elçibəy, İsa Qənbər və adını çəkmədiyimiz onlarla tanınmış adamın nə vaxtsa məşğulluq və mübarizə yeri olan MEA çoxdan fəal siyasətdən çəkilmişdi. Amma Mehdiyevin MEA-ya yerləşməsi  ilə uzun illər sonra yenidən burada “siyasi rüzgarlar əsməyə” başladı.

Etiraf etmək lazımdır ki,

illərlə Mehdiyevin idəetməsindən zərər görmüş, ondan narazı qalmış xeyli adamlar vardı ki, onlar da sabiq PA rəhbərindən kreslosundan uzaqlaşandan sonra hesab sormağa həvəsli idilər. Çəkilib gedib bağında otursaydı, bu “hesablaşma” bəlkə də bu cür qabarıq, hərdən bütün əndazəni aşan səviyyədə olmayacaqdı.

Dar məclislərdə, qonaqlıqlarda yada düşəcəkdi, ya qarasınca danışıb, ya da xidmətlərini yada salıb onun personası ətrafında müzakirələr ictimailəşmədən yekunlaşacaqdı. Təbii Mehdiyev seçimini edən kimi, həmin adamlar da qərarını verdilər və beləcə, MEA siyasətin “yeni ağırlıq mərkəzinə” çevrildi.

Mehdiyevin sirli mübarizəsi və proqnozları

Təcrübəli Mehdiyev əlbəttə ki, bunları proqnozlaşdırmaya bilməzdi. Ən azı son 40 ildə Azərbaycanda siyasətin, ideologiyanın, kadrların seçilib yerləşdirilməsdə əsas fiqurlarından biri olduğu üçün kimlərləsə yolları kəsişmiş, kimlərləsə yolları ayrılmış, kimlərsə onunla mübarizədə məğlubiyyət bayrağını qaldırmalı olmuşdu.

Mehdiyev onun üstünə gələcəklərini əlbəttə bilirdi, amma görünür, o da bu qədərini gözləmirmiş. Onu görəndə qarşısına yüyürənlərin indi ona arxa çevirmələri çətin ki, ürəyinə xal salsın. Azərbaycanın təcrübəli hakimiyyət adamı bu illər ərzində nələr görüb, nələr…

Mehdiyevin sirli mübarizəsi

Özü də yəqin ki, bu sırada olub, “ünvanını dəyişən alqışlarda” onun da əlinin səsi olmamış deyil. Amma insan övladı sonadək insanlardan vəfa umur, ən azı buna ümid edir. Mehdiyev də yəqin ki, istisna deyildi. Onun adından yayılan açıqlamalarda buna aşkar işarələr var, ona qarşı çıxanlardan narazılıq elementləri kifayət qədərdi. Fəqət görünən bu ki, Mehdiyevin qəbul etmədiyi təkcə bu deyil.

O, hakimiyyət üçün hələ də yararlı olduğunu düşünürdü, lazımlı olduğuna inanırdı. Get deyilirsə, getməli idi. Mehdiyev bir-birinə zidd iki siyasi formasiyada-sovet rejimi və müstəqillik dövründə Azərbaycanın idarəetməsində olan biri kimi siyasi həyatında “inqilab” edərək müstəqilliyə “transformasiya” etmiş məmur idi. Amma o heç vaxt yenilikçi ola bilmədi və hakimiyyət doğru olaraq, belə biri ilə daha davam etməmək qərarı verdi.

Hələ də yararlı olduğunu düşünür

Mehdiyev yeni dövrdən, yeni dövrün tələblərindən səhifələrlə yazılar dərc etdirirdi, amma bu idarəetməyə, yeniliyə öyrəşəcək, ən əsas onu qəbullanacaq yaşda deyildi. Mehdiyev gənc kadrı Kommunist Partiyası sıralarına iki mərhələdə (namizəd və üzvlük) qəbul edən, vəzifə pillərində yüksəlmək üçün hərdən hətta dostlarını satmağa məcbur edilmiş bir sisteminin yetirməsi idi.

Onun üçün gənc kadrı gətirib birdən-birə nəinki nazir, hətta icra başçısı belə təyin etmək qəbeldilməz idi. Baxın, MEA-da ətrafına da köhnə nomenklaturanı, hakimiyyətdən uzaqlaşdırılmış yaşlı adamları toplayır. Yanına bir gənc almaq, bir gənci irəli çəkmək, onun parlaq gələcəyini planlamaq kimi istəyi yoxdur.  Mehdiyevin sirli mübarizəsi həm də buna hesablanıb.

Onun siyasətdə hücumçu, yoxsa müdafiəçi olduğunu bu illər ərzində dəqiq müəyyənləşdirmək də mümkün olmadı. Baxırdın, az qala bütün pis işlərə görə onu ittiham edirdilər və ya hakimiyyəti  çiyinlərində çəkib apardığına görə tərif vururdular, amma onun meydandakı əsl mövqeyini müəyyənləşdirmək mümkün olmurdu.

Hücum, yoxsa müdafiə?

Onun indiki açıqlamalarına da diqqət edin: dəqiq müəyyənləşdirmək olmur ki, hücum edir, yoxsa müdafiə olunur. Biri hücum kimi qiymətləndirir, bir başqası müdafiə. İllərin təcrübəsi Mehdiyevə nələr öyrədib bunu onu yaxından tanıyanlar bilər, amma razılaşın ki, əksər Azərbaycan vətəndaşı üçün Mehdiyev hələ də sirli qutudur…       

MEA-da daxili intriqalar həmişə olub və olacaq da. Amma indi bu intriqalar yada da düşmür, ya da buna artıq imkan və meydan yoxdur. Çünki idarəetmənin arxasında siyasi kombinasiyalar bilicisi Mehdiyevin özü oturub. Həm də inad və israrla…

Musavat.com

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button