2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mehman Qələndərovun gizli dәfni onun ölümü ilә bağlı müәmmanı artırır

cemilhesenliCəmil Həsənli

“Diktatura rejimləri iflas ərəfəsində qan qohumluğunun eyni siyasi traybalizm simptomlarını yaşayırlar”

Saytların yığılması Saytlarin yigilmasi

8 aprel mitinqində onun siyasi məhbus kimi qaldırılan portretləri gözlərimin qabağındadır. Tribunanın hər iki tərəfində böyüdülmüş şəkilləri qaldırılmışdı. Xoşgörülü, cazibədar çöhrəsi olan bir gənc idi. Bloger Mehman Qələndərovun cəza çəkmə yerində “intihar” etməsi xəbəri hamımızı sarsıtdı. Prinsipləri olan bir insan idi.
Mehmanın intiharı inandırıcı deyil. Amma məşhur heykələ müraciətindən sonra narkotik ittihamı ilə şərlənib həbs edəndə onu xəbərdar etmişdilər ki, buradan salamat çıxmayacaqsan. Belə də oldu. Amma “intiharla” bağlı məlumatlar çox ziddiyyətlidir. Birinci, məhbusun kamerada özünü asma, intihar etmə mexanizmi varmı? Əgər varsa niyə aradan qaldırılmır. Mövcud qanunlara görə, saxlama kameralarının quruluşu və texniki təchizatı məhbusun özünü asma imkanını istisna edir. Əgər bunun əksi varsa, ona görə Penitensiar Xidmət məsuliyyət daşıyır. İkinci mühüm ziddiyyətli məqam siyasi məhbusun ölümünün ictimaiyyətdən gizlədilməsi və Penitensiar Xidmət tərəfindən kütləvi informasiya vasitələrinə yalan məlumat verilməsidir. Əgər bu işin arxasında şübhəli bir məqam yoxdursa baş vermiş ölüm hadisəsi niyə idarə tərəfindən təkzib edilməli və ictimaiyyətə yalan məlumat verilməlidir. Üçüncü ziddiyyətli məqam ondan ibarətdir ki, cəsədi gözləri ilə görən Qələndər Muxtarlı mətbuata açıqlama verib ki, “bu gün səhər təcridxanada Mehmanla görüşməli idik. Mənə zəng edib onun rəhmətə getdiyini dedilər. Özüm morqa getdim, onun üzünü açdırdım baxdım, boğazındakı kəndir izini, bədənindəki zədələri, tikişləri öz gözlərimlə gördüm.” Sual olunur: əgər adam özünü asıbsa, bədənində niyə zədələr və tikişlər olmalıdır? Əlaqədar dairələr tərəfindən Mehmanın gizli dəfn olunması da onun “intiharı” ilə bağlı müəmmaları daha da artırır.
Mehman niyə həbs etmişdilər? O, sosial şəbəkələrdə, xüsusilə ölkədə monarxiyaya yol açılmasına qarşı fəal tənqidi mövqeyi ilə seçilirdi. 2016-cı ilin payızında Konstitusiyaya edilən dəyişikliyə etiraz əlaməti olaraq, Tbilisidə Azərbaycan səfirliyi önündə keçirilən “Biz kral istəmirik!” aksiyasının əsas təşkilatçılarından və iştirakçılarından biri olub Mehman. O, “heykəl məhbusları” Qiyas İbrahim və Bayram Məmmədovun azad olunmaları üçün şəhərin mərkəzində Heydər Əliyevin heykəli önündə fərdi etiraz aksiyası keçirmişdi. Bu ilin fevral ayının 7-də saxta narkotik ittihamı ilə həbsinin səbəbi də bununla bağlı idi.
Nədənsə hakimiyyət Heydər Əliyevin heykəli ətrafında baş verənləri narkotik ilə sənədləşdirir. Qiyas da, Bayram da belə olmuşdu. Heykəlin önündə onların işini davam etdirəcəyinə söz verən Mehman da narkotik ittihamı ilə şərlənmişdi. Rəsmi hakimiyyətin ideoloji baxımdan “müqəddəsləşdirdiyi” bir heykəli narkotik vasitəsi ilə qoruma cəhdləri onun mahiyyətinin aydın bir ifadəsidir. Ailə hakimiyyəti üçün təhlükə törədə biləcək Əli İnsanov da Avropa məhkəməsindən bəraət qərarı almasına baxmayaraq 11 il saxta ittihamla cəzasını başa vurduqdan sonra həbsdə ikən yeni quraşdırılan narkotika ittihamı ilə 7 il 5 gün əlavə cəza aldı. Hazırda narkotik ittihamları Əliyev rejimini qoruyan başlıca hüquqi vasitəyə çevrilib.
Ən nəhayət, rejimin ifşası sürətləndikcə, manevr imkanları tükəndikcə, xalq böhranın ağırlığını öz həyatında hiss etdikcə, cənab Əliyevin korrupsiya imperiyasının ümumdünya böhranı dərinləşdikcə hakimiyyət quzğunları özünüqoruma instinktini işə salır. Tənqidi media bloklanır və əhalinin alternativ məlumat alma imkanı aradan qaldırılır, jurnalistika qorxulu peşəyə çevrilir, siyasi məhbusların dairəsi genişlənir, girov məhbuslar düşərgəsi yaradılır, hüquq mühafizə orqanları konstitusiyon funksiyasını itirib şəxsi hakimiyyət rejiminin qorunmasına xidmət edir, müxalif siyasi mövqeyinə görə insanlar iş və çörək qazanmaq imkanından məhrum edilir, siyasi məhbus cəzaçəkmə yerində müəmmalı şəkildə “intihar” edir. Bütün avtoritar və diktatura rejimləri iflas ərəfəsində qan qohumluğunun eyni siyasi traybalizm simptomlarını yaşayırlar. Əliyev rejimi də bu yolda istisnalıq təşkil etmir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button