2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

Mehmana baxıb AzTV kimi danışmağın nəticəsi

“Dünyanın hər yerində xaos hökm sürür. Azərbaycanda isə hər şey əladır. Hamı xoşbəxtdir.”

Diqqət, siz, AzTV-nin “Xəbərlər” proqramına baxırsınız…
Bir az o yana, bir az bu yana – fərq etməz, baxmadığımız AzTV hər gün təxminən bu cümləni təbliğ edir.
Mənə maraqlı olan AzTV-nin nəyi təbliğ etməsi deyil. Onsuz da heç kim orda deyilənlərə inanmır.
(Yeri gəlmişkən, hər zaman bizim diktorlar haqda düşünmüşəm – yazılanı elə sərrast və ciddi oxuyurlar ki, arada ağızlarından çıxana inandıqlarını sanıram. Heç vaxt soruşmaq imkanım olmayıb, amma əminəm ki, hər efirdən əvvəl xeyli ət tökürlər…)
Azərbaycanda telekanallara rəqib və telekanallar arsında rəqabət yoxdur. Bütün kanallar eyni mərkəzdən idarə olunur və eyni xəbərləri təqdim edir. Gülüncdür!

“Xalq bunu görməlidir və bilməlidir! Televiziyalar belə reportajlar göstərmir! Azərbaycan məmurların əsl üzü…”

Saytların yığılması Saytlarin yigilmasi

Diqqət, siz Mehman Hüseynovun təqdimatında hansısa məmurun ifşasına baxırsınız…

Azərbaycanda bütün telekanalların eləyə bilmədiyini eləyən bir şəxs var(dı) – Mehman Hüseynov. Əlində balaca kamerası ilə korrupsionerlərin qapısına dayanırdı. Çəkirdi, göstərirdi və ən əsası onun dediyinə təkcə özü yox, hamı inanırdı.

Məncə, Azərbaycanda ən çox sevilən adam da Mehmandır. Bu sevginin səbəbi doğrunu deyib, cəsarətlə heç kimin edə bilmədiyini eləməsi idi. Bizlər toplum olaraq cəsarətli adama qibtə edirik. Məsələn, Babək bizim üçün böyük qəhrəmandır, amma nümunə deyil. Şansımız olsa belə, Babək olub ölməyi yox, Afşin olub rahat yaşamağı seçərik.

Yəni biz buyuq. Razılaşsanız da, razılaşmasanızda BUYUQ!

Ölkəmizdə 2 seçim var – AzTV və Mehman Hüseynov. Paradoks budur ki, biz Mehmanın çəkdiklərinə baxıb AzTV kimi danışmağı üstün tuturuq. “Yerin də qulağı var”dan tutub “əşi nə işimə qalıb”a kimi kiçiltdiyimiz ən böyük problemimiz hazırda ayaqlarını boynumuzdan sallayıb.

İş yox, pul yox, dolanışıq yox, qaz, işıq, su bizə əlavə yükdür. Pensiyaya çıxmaq bir dərd, çıxmamaq daha böyük dərd olub. Qaçqın olmaq bir bəla, olmamaq ondan da böyük bəlaya dönüb. Danışmaq yasaq, danışmamaq utanc…

Bütün bunların bir səbəbi var – biz birləşməyi, sözü bir yerə qoymağı bacarmırıq. Hakimiyyət bundan məmnundur. Bəs özümüz? Sözdə hamı narazıdır, əməldə hər kəs yaxasını kənara çəkir. Nəticədə dünyada heç bir millətin başına açılmayan oyun açılır başımıza və biz dözürük…

Mehman həbs olundu. Əlbət bir gün və məncə lap tezliklə çıxacaq qazamatdan.

Çox istəyərdim ki, Mehman həbsxanadan çıxanda əlinə kamerasını götürüb çəkilişə gedə bilməsin. Yanlış anlamayın, o zamana qədər Azərbaycanı dəyişək, özümüzü dəyişək, haqqımızı tələb edək və azad olaq deməyə çalışıram.

Nə gözəl olar Mehmanın azadlığa çıxma xəbəri AzTV-dən verilsə, elə deyilmi?

Nə qədər ki, Mehmana baxıb AzTV kimi danışmağa davam edəcəyik, inanın daha da pis olacaq, lap pis olacaq…

Vüqar Qurdqanlı

24saat.org

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button