2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mehmanın gözləri

Zümrüd Yağmur

Bu yazını Mehmanın öldüyü gün yazmaq istədim. Amma içimdə nəsə, adını qoya bilmədiyim, bəlkə qoymaq istəmədiyim bir hiss buna əngəl oldu. Ya da o kampaniyanın tərkib hissəsi olmaq istəmədim… Bilmirəm, amma o gecə yata bilmədim və pəncərədən gecənin zülmətinə baxdıqca, sanki Mehmanın gözlərini gördüm. Az qıyılmış, kimsəsiz, nisgilli…

Saytların yığılması Saytlarin yigilmasi

Bəlkə də normal deyil, amma bu ölümdə məni ən cox sarsıdan onun kimsəsizliyi oldu. Həftədə iki dəfə yaxınlarına zəng etmək məhbus üçün nə deməkdir, bunu hiss edə bilirəm və nədənsə mənə elə gəlir ki, kamera yoldaşlarının yaxınları ilə telefon danışığına getdiyi anda o, özünü hansısa işlə məşğul kimi göstərirmiş. Ya da bəlkə sakitçə oturub üzünə bağlanan qapının arxasında göz yaşlarına azadlıq verirmiş…

Bunu düşündükçə, Mehmanın gözlərini görürəm sanki, heç vaxt görmədiyim bir insanın gözlərini…

Zəng vurmağa, bir nəfəs, səs eşitməyə möhtac buraxılmış insanın gözlərində nə ola bilərsə, onu görürəm və bu günlər ərzində hara getdimsə, o nəzərlər məni izləyir sanki…

***
Mehman getdi. Bizə, dünyaya, bəlkə də uğrunda həyatını qurban verdiyi ideallara belə, küsüb getdi.

İllər sonra tarix kitabının səhifəsində bir necə cümləlik mətnlə geri gələcək. O cümlədə nə onun nisgilindən, nə zəng edə bilmək həsrətinin içində yaratdığı dağıdıcı kədərdən, nə də çarəsizlikdən yazılacaq. Tarix quru rəqəmlərin yükünü çəkir, insan acılarının deyil.

Amma bu gün yaşayan siyasi məhbusların tarixləşməmiş, canlı acılarının yükü bir toplum olaraq bizim üzərimizdədir. Və bu gün-sabah eşidəcəyimiz hansısa xoş olmayan hadisənin önünə keçə bilək deyə, bir xəbər paylaşıram: Siyasi məhbus Səid Dadaşbəylinin 16 yaşlı qızının səhhətində problem var. Buyurun, sonra xoş olmayan bir xəbərə şivən qoparmaqdansa, bu gün qarşısına keçə biləcəyimiz problemi həll etməyə çalışaq.

Mehmanı kimsəsiz buraxıb onu bu vəhşi rejimin qarşısında aciz etdik. İndi 16 yaşlı bir qızın problemlərinə susqun qalıb bunun yükünü də vicdanımıza yükləməyi özünüzə rəva biləcəyiksə, demək ki, bütün baş verənlər təsadüf deyil.

Biz toplum olaraq Mehmanın gözlərindəki nisgilin yükünü öz vicdanımıza aldıq. Bari 16 yaşlı bir qızın sağlamlığının yükünü qaldıraq.

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button