2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Məmməd İbrahim: ‘Mənə hörmət edib bıçağı…”

AXCP sədrinin müşaviri Məmməd İbrahim həbsdən buraxılıb. Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.

Qərara əsasən, AXCP funksionerinin yatağından bıçaq tiyəsi tapılması iddiasıyla ona verilmiş 5 ay 22 günlük cəza azaldılaraq, 4 ay 16 günə endirilib. Müddət tamam olduğundan o, məhkəmə zalından azadlığa buraxılıb.

Qərardan öncə Məmməd İbrahimin vəkili Cavad Cavadov çıxış edərək, bıçaq ittihamının əsassız, müvəkkilinin də təqsirsiz olduğunu bildirib. Deyib ki, bu, cinayət işinin materiallarındakı sənədlərdən də görünür. Vəkilin sözlərinə görə, döşəkdən çıxdığı iddia olunan bıçaq tiyəsi ekspertizadan keçirilib, amma onun üzərində M.İbrahimin əl-barmaq izləri aşkarlanmayıb: 

«İşdəki sübutların təhlili də göstərir ki, həmin bıçaq Məmməd İbrahimə məxsus olmayıb, başqası tərəfindən ora atılıb. Məqsəd də onun həbsdən çıxmasının qarşısını almaq olub. Bu hadisə Məmməd İbrahimin əvvəlki 3 illik cəzasının başa çatmasına iki gün qalmış olub».

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil çıxışının sonunda M.İbrahimə bəraət verilməsini istəyib.

Məmməd İbrahim özü çıxış etməyib, vəkilinin dedikləri ilə razılaşdığını bildirib.

Bir neçə dəqiqəlik müşavirədən sonra hakimlər Suraxanı Rayon Məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərarı elan ediblər.

Məmməd İbrahim azadlığa buraxılandan sonra ilk müsahibəsini də AzadlıqRadiosuna verib:

– Təbii ki, ədalət tam bərqərar olmadı, bəraət vermədilər. Buna da şükür. Amma haqqımın bərqərar olması üçün mübarizə davam edəcək. Bundan sonra Ali Məhkəməyə, əgər orada da bəraət verilməsə, o zaman Avropa Məhkəməsinə müraciət edəcəyik. Mən vəkillərimə təşəkkür etmək istəyirəm. Mənə dövlət hesabına vəkil təyin olunmuşdu, Nazim Mustafayev. O da müdafiəm üçün çox çalışdı. Cavad Cavadova minnətdaram, əziyyət çəkdi. Birinci işimdə vəkilim olan Yalçın İmanovun çox əziyyəti olub. Çox çalışdı, vuruşdu. Bəlkə də Vəkillər Kollegiyasından çıxarılmasının səbəblərindən biri də mənim işimdəki prinsipiallığı idi.

– Cəzanızın bitməsinə iki gün qalmış haqqınızda yenidən cinayət işi başlanması Sizin üçün gözlənilən idimi?

– Bunların hərəkətlərini nəzərə alaraq, özümdə də inam yox idi ki, 3 ilin tamamında mən çıxa bilərəm. Cəzanın bitməsinə az qalmış hiss eləyirdim ki, nələrsə baş verə bilər. Sanki hakimiyyət özü də nələrdənsə çəkinirdi, həbsdə olan fəal insanlara qarşı müəyyən tədbirlər görməyə başladı. Gəncəlilərə, «hicab məhbusları»na qarşı da eyni cür davranmışdılar, onların da çantalarından, ya başlarının altından biz «çıxdı». Mənim fərqim onda oldu ki, mənim yatağımdan böyük bıçaq «çıxartdılar». Yəqin hörmət elədilər ki, məni xırda-xuruş əşyalarla şərləmədilər. 3 il rahat keçdi, ciddi əziyyət olmadı. Axırıncı bıçaq söhbətini saymasaq, cəzaçəkmə müəssisəsinin əməkdaşlarından da, başqa məhbuslardan hörmət görmüşdüm. Deyim ki, orada məni incitdilər, yalan olar.

– İctimai-siyasi fəallardan Sizinlə eyni cəzaçəkmə müəssisəsində kimlər vardı? Onlarla ünsiyyət imkanı vardımı?

– Əfqan Muxtarlı, Fuad Əhmədli, Asif Yusifli… 16 Saylı Cəzaçəkmə Müəssisəsində bizim ünsiyyətimə maneçilik olmurdu. Eşitdiyimə görə, bıçaq məsələsi ilə əlaqədar mən oradan köçürüləndən sonra onları çox incidiblər, karsa salınıblar, telefon danışıqlarına qadağa qoyulub. Düzdür, Əfqan Muxtarlının görüşlərinə, telefon danışıqlarına qadağalar vardı.

– Həbsxana həyatı siyasi baxışlarınıza təsir göstərdimi? AXCP-də fəaliyyətinizi davam etdirəcəksiniz, yoxsa…

– Həbs mənim üçün gözlənilməz deyildi, axı. Sentyabrda həbs olundum, amma may ayından xəbərlər gəlirdi ki, məni tutacaqlar. Amma narkotiklə, başqa nə ilə tutacaqlar, bax, bunu bilmirdim. Məni internetdə də söyürdülər. Bilirdilər ki, xaraktercə çılğınam. Təxribat yaradırdılar ki, gedim dava eləyim, bu yolla tutsunlar. Bunu nəzərə alaraq, belə şeylərin ardınca getmirdim. Gördülər ki, mən getmirəm, özləri göndərdilər. Yəni həbsimə hazırlaşmışdım. Bu baxımdan heç bir dəyişiklik yoxdur, partiyada mübarizə davam edəcək. Hətta daha güclü şəkildə. Bizim həbsdə olan xeyli siyasi məhbuslarımız var – Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Asif Yusifli, Seymur Həzi, Aqil Məhərrəmli, Babək Həsənov, Ruslan Nəsirli və başqaları. İnanıram ki, tezliklə haqq öz yerini tapacaq və hamısını azadlıqda görəcəyik.

Xatırlatma

Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. M.Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan M.İbrahimə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı M.İbrahim onları da vurub. Bundan sonra ona verilən ittiham xuliqanlıq maddəsi üzrə daha da ağırlaşdırılıb. O, 3 il azadlıqdan məhrum edilib.

Həmin cəza sentyabrın 29-da başa çatıb. AXCP Rəyasət Heyətinin üzvünün cəzası başa çatan ərəfədə yeni cinayət işi açılıb. Yeni ittihama görə, həbsdəki siyasətçinin yatağından kəsici alət tapılıb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

M.İbrahimin ittiham olunduğu 317-1.2 (həbsdə saxlanan şəxsin qadağan olunmuş əşyaları hazırlaması, saxlaması, gəzdirməsi, daşıması və ya istifadəsi) maddəsində 6 aya qədər həbs cəzası nəzərdə tutulub.

M.İbrahim ittihamı rədd edir və bıçaq tiyəsinin onun yatağına həbsdən çıxmasının qarşısını almaq məqsədilə müəssisənin əməkdaşları tərəfindən atıldığını bildirir.

Penitensiar Xidmət isə M.İbrahimin bu barədə söylədiklərini əsassız sayır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button