2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

‘Meşələri qırandan sonra izləri itirmək üçün…’

Dünyanın bir çox ölkələrini bürüyən meşə yanğınları Azərbaycanın da bəzi bölgələrində özünü göstərməyə başlayıb. Həmin bölgələrin çoxunda yanğınlar söndürülsə də, mütəxəssislər havaların isti keçməsi və başqa amillər ucbatından onun yenidən başlayacağından narahatdırlar. Üstəlik, beynəlxalq normalara görə, Azərbaycanda meşə zolaqları azdır. Son dönəmlər də ölkədəki mövcud meşələrin qırıldığı ilə bağlı çoxsaylı şikayətlər eşidilir.

Ötən ay Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri əhaliyə müraciət edib ki, əkin sahələrində, təbiət ərazilərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər. Müraciətdə qeyd olunur ki, meşə sahələrində yanğınların əksəriyyəti yanğın təhlükəsizliyi qaydalarına riayət etməyən vətəndaşların, biçindən sonra sahələrə od vuran fermerlərin və təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsızlığından baş verir.

Nazirliyin gördüyü işlər

Azərbaycan meşələrində yanğın təhlükəsizliyinin təşkil olunmasında məsuliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin üzərinə düşür. Bu nazirlikdən “Turan”a bildirilib ki, yay mövsümündən əvvəl xüsusi mühafizə olunan təbiət ərazilərində gücləndirilmiş iş rejimi tətbiq olunur: “Şəxsi heyət manqalara bölünərək onların hər birinə vəzifə təyinatları verilir. Yanğın baş verdiyi zaman kimin hansı vəzifəni yerinə yetirməli olduğu müəyyənləşdirilir. Şəxsi heyət yanğınsöndürmə zamanı istifadə olunan xüsusi avadanlıqların sazlığına da nəzarət edir”.

Saytların yığılması Saytlarin yigilmasi

Qurumdan qeyd olunub ki, bundan əlavə, yaz mövsümündən başlayaraq süni sututarlar da yaradılır: “Həmçinin, yanğının əkin, təsərrüfat sahələrindən xüsusi mühafizə olunan ərazilərə keçməməsi üçün mövsümün əvvəlində həmin ərazilərin sərhədi boyunca mineral zolaqlar salınır. O ərazilər şumlanır ki, yanğın baş verərkən alov meşə ərazilərinə keçməsin”.



Habelə vurğulanıb ki, 2021-ci ildən başlayaraq Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birlikdə xüsusi mühafizə olunan təbiət ərazilərində təlimlərə başlanılıb.

Nəyə diqqət yetirməli

FHN-dən isə agentliyə bildirilib ki, meşə yanğınlarının qarşısını almaq üçün təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır: “Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və digər tezalışan mayelərə bulaşmış əsgi, digər materiallar atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması yolverilməzdir”.

FHN-dən habelə qeyd olunub ki, yanğın təhlükəsinin qarşısını almaq üçün zəruri yerlərdə iki-üç metr enində şum aparılmalıdır: “Bundan əlavə, meşələrin tör-töküntülərdən təmizlənməsi təmin edilməli, meşə ərazisində yerləşən hər hansı tikilinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin olunmalıdır”.

C.Qara

“Çox primitiv üsuldur”

Ətraf mühit məsələləri üzrə ekspert Cavid Qara isə AzadlıqRadiosuna bildirib ki, meşələrin yanğından mühafizəsi tədbirləri, demək olar ki, həyata keçirilmir: “Onlar yalnız kənd sakinləri ilə söhbət aparırlar ki, ərazini yandırmasınlar. O isə çox primitiv üsuldur”.

O deyir ki, Azərbaycanda meşə yanğınlarının təbii səbəblərdən yaranma ehtimalı 1 faizdir: “Qalan 99 faiz ya ehtiyatsızlıqdan baş verir, ya da ki, qəsdən. Qəsdən törədilən yanğın iki ssenari üzrə baş verə bilər. Biri meşələri qırandan sonra izləri itirmək üçün, digəri isə qisas məqsədi ilə törədilir. Məsələn, meşədə işləyən kimisə işdən çıxardırlar və o gedir yandırır”.

“Meşəni yandıranlar cəzalandırılsa…”

C.Qaranın sözlərinə görə, yanğınsöndürmə infrastrukturunu, texnikanı artırmaq lazımdır: “Ərazilərdə yetərincə yanğınsöndürən maşın olmalıdır, canlı qüvvəyə və kənd sakinlərinə təlimlər keçmək lazımdır. Meşələri çox olan yerlərdə hərbi hissələrin əsgərlərinə yanğınsöndürmə ilə bağlı təlim keçmək olar ki, ehtiyac yarananda yetərincə resurs olsun”.

Fəal vurğulayıb ki, indiyə qədər meşə yanğınları ilə bağlı bir dənə də cinayət işi açılmayıb və məsuliyyətə heç kəs cəlb edilməyib: “Baş verən yanğınla bağlı cinayət işi açılmalıdır və nəticəsi ilə bağlı cəmiyyətə məlumat verilməlidir. Meşəni yandıranlar cəzalandırılsa, digərləri daha məsuliyyətli olacaqlar”.

Bu fikirlərə, hələlik, hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button